Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Azərbaycan ilə Estoniya arasında siyasi məsləhətləşmələrin növbəti iclası olub

Mayın 12-də Tallin şəhərində Azərbaycan və Estoniya Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib.

İclasda Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Estoniya nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyində dövlət katibinin siyasi məsələlər üzrə müavini xanım Kaylike Sillaste-Ellinq rəhbərlik ediblər.

İclas zamanı, iki ölkə arasında münasibətlərin hazırkı durumu, habelə siyasi, iqtisadi, nəqliyyat, təhsil, turizm və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Bu xüsusda yüksək səviyyəli qarşılıqlı səfərlərin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

İki ölkənin Parlamentləri arasında mövcud intensiv əlaqələrin səviyyəsi yüksək qiymətləndirilib və onun davam etdirilməsinin vacibliyi qeyd edilib.

Beynəlxalq gündəlikdə dayanan qarşılıqlı maraq kəsb edən məsələlər, o cümlədən çoxtərəfli formatlarda əməkdaşlığın davam etdirilməsi də müzakirələrin diqqət mərkəzində olub.

2024-cü ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyasına (COP29) hazırlıq və görüləcək işlərlə bağlı qarşı tərəf məlumatlandırılıb.

Qarşı tərəfə post-münaqişə dövründə bölgədəki vəziyyət və Azərbaycanın davamlı sülhün bərqərar olunması istiqamətində atdığı konstruktiv addımlar, habelə işğaldan azad edilmiş ərazilərimizdə mina problemi və orada həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri barədə məlumat verilib.

Siyasi məsləhətləşmələr zamanı, həmçinin beynəlxalq, regional məsələlər və birgə maraq kəsb edən digər mövzular da müzakirə olunub.

Səfər zamanı F.Rzayev, həmçinin Estoniyanın digər rəsmi şəxsləri ilə görüşüb, eləcə də beyin mərkəzlərinin nümayəndələri ilə keçirilən tədbirdə çıxış edib.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …