Cümə , 22 Noyabr 2024
Drone Cameras

Azərbaycan kapital bazarı yeni reallıqlarla üzbəüzdür

“Bakı Fond Birjasının açıqladığı yanvar-may aylarına aid statistik göstəricilərə nəzər salsaq, ölkədəki qiymətli kağızlarla olan ticarət həcminin 7 milyard manata yaxın təşkil etdiyini görərik. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə pandemiya şəraitinə baxmayaraq iki dəfəyə qədər artım deməkdir. Bu artımın əsas səbəbi kimi Mərkəzi Bankın notları və Maliyyə Nazirliyinin isiqrazlarının ilkin bazarda olan artımını göstərə bilərik”.

Bu sözləri “Report”a bu ilin yanvar-may aylarında Azərbaycanın kapital bazarında gedən prosesləri şərh edən “PSG Kapital” investisiya şirkətinin aparıcı mütəxəssisi Anar Nəcəfzadə deyib.

A.Nəcəfzadə həm ilkin, həm də təkrar bazarda olan dəyişmələrdən söz açıb:

 “SOCAR istiqrazları növbəti beş ildə korporativ istiqrazlar bazarında əsas pay sahibi olacaq”

Anar Nəcəfzadə

PSJ Kapital investisiya şirkətinin aparıcı mütəxəssisi 

“Dövlət büdcəsinin keçən ildəkinə nisbətən daxili borclanmaya iki dəfədən çox getməsi və Mərkəzi Bankın pul siyasətinə uyğun olaraq not buraxılışında iki dəfədən çox artım göstərməsi qiymətli kağızlar bazarında ümumi həcmin iki dəfəyə yaxın artıma səbəb olmasına şərait yaradıb.

İlkin bazarda olduğu kimi dövlət qiymətli kağızlarının təkrar bazarında da bu ilin yanvar-may aylarında keçən ilin müvafiq dövrünə nisbətən artım olub. Belə ki, keçən il təkrar bazarda dövlət qiymətli kağızlarının 400 milyon manatdan bir az çox əməliyyat həcmi olmuşdusa, bu il bu rəqəm 600 milyon manatdan çox olub”.

Mütəxəssis qeyd edib ki, ölkədəki pandemiya şəraiti ən çox korporativ qiymətli kağızlar bazarına təsir edib:

“Korporativ qiymətli kağızlar bazarı üzrə ilkin və təkrar bazarda keçən ilin müvafiq dövrü ilə müqayisədə 4 dəfədən çox azalma olub. Bunun əsas səbəbi də korporativ qiymətli kağızlar bazarında ilkin buraxılışların keçən illə müqayisədə daha az olmasıdır. Bu da müvafiq olaraq təkrar bazara öz təsirini göstərir və nəticədə təkrar bazarın əməliyyat həcmi də azalmış olur.

Bu ilin yanvar-may aylarında qiymətli kağızlarla repo əməliyyatlarının həcmində də üç dəfədən çox artım müşahidə olunub. Dövlət qiymətli kağızları üzrə ilkin bazarda bu il artımın olması avtomatik olaraq repo bazarına da öz təsirini göstərib. Ölkədə repo əməliyyatlarında əsas üstünlük təşkil edən kağızlar Maliyyə Nazirliyinin istiqrazları və Mərkəzi Bankın notları hesab olunur. Dövlət qiymətli kağızlarının ilkin bazarı bu il keçən ilkinə nisbətən daha çox olduğu üçün repo əmıliyyatlarının həcmində də bu il artım müşahidə olunub”.

A.Nəcəfzadə bildirib ki, bu ilin buraxılacaq olan SOCAR istiqrazları bazara canlanma gətirəcək:

“Korporativ istiqrazlar bazarında olan geriləmədən sonra vəziyyətin bu ilin sentyabrında buraxılacaq olan yeni SOCAR-ın qiymətli kağızları ilə nisbətən canlanacağı gözlənilir. Belə ki, ölkədəki korporativ istiqrazlar bazarında SOCAR-ın buraxdığı dollar istiqrazları bazarda əsas pay sahibidir və 2016-cı ildə buraxılan istiqrazların son ödəniş tarixi bu il oktyabrın 17-nə planlaşdırılır. Bu istiqrazlar ödənməmiş sentyabr ayında yeni SOCAR istiqrazlarının buraxılışı nəzərdə tutulub. 2016-cı ildə 100 milyon ABŞ dolları ekvivalentində istiqraz buraxılmışdı. Bu il də bu qədər istiqrazın buraxılması gözlənilir. Sadəcə faizdə nisbi azalma planlaşdırlır. Belə ki, 2016-cı ildə kağızların 5 % gəlirliyi ilə buraxılmışdırsa, bu dəfə 4,5 %-lə olması nəzərdə tutulub. Növbəti bir beş ildə SOCAR istiqrazları ölkənin kapital bazarında əsas pay sahibi olacaq”.

“Unicapital İnvestisiya Şirkəti” ASC-nin baş meneceri TahirQəribov da kapital bazarındakı proseslərdən danışıb:

“Daxili bazarda investisiya alətləri dövlət tərəfindən sığortalanmır. Bunun nəticəsi olaraq, bank depozitlərinə nisbətdə, investisiya alətləri daha riskli yatırım hesab olunur”

Tahir Qəribov

“Unicapital İnvestisiya Şirkəti” ASC-nin baş meneceri

“Keçən ilin təqribən noyabr ayından institusional investorların həm manat, həm də valyuta likvidliyinin yüksək olması müşahidə edilir. Bu da pandemiya fonunda banklar tərəfindən iqtisadiyyata kredit formasında vəsait qoyuluşunun məhdud olmasının nəticəsidir. Yəni, banklar istədikləri qədər kredit verə bilmirdi.

Nəticə olaraq, institusional investorlar tərəfindən qiymətli kağızlara, xüsusən, dövlət istiqrazlarına vəsaitlərin böyük axını müşahidə olundu. Bu da, öz növbəsində, dövlət qiymətli kağızlarına tələbin əhəmiyyətli dərəcədə artmasına və həmin investisiya aləti üzrə gəlirliyinin azalmasına səbəb olub”.

T.Qəribov son illərdən kapital bazarının genişlənməsini vurğulayıb:

“2015-ci ildən etibarən Azərbaycanda kapital bazarına olan maraq artmaqdadır. Artıq fiziki şəxslər də öz vəsaitlərinin bir hisssəsini investisiya alətlərində saxlayırlar. Əvvəlki kimi, Azərbaycanda fiziki şəxslər üçün ənənəvi investisiya aləti bank depozitidir. Həmçinin, Bank depozitləri dövlət tərəfindən sığortalanır. Digər tərəfdən, daxili bazarda investisiya alətləri dövlət tərəfindən sığortalanmır. Bunun nəticəsi olaraq, bank depozitlərinə nisbətdə, investisiya alətləri daha riskli yatırım hesab olunur.

İnstitusional investorlara nəzər yetirdikdə, banklar tərəfindən kredit verilişindən fərqli olaraq, vəsaitin investisiya alətlərində saxlanılması bankların kapitalına daha çox təziq göstərir. Sığorta şirkətləri üçün qiymətli kağızlara yatırım zamanı sığorta rezervlərinin saxlanılması qaydaları, banklara nisbətən, daha sərtdir. Bu requlyativ məsələlər korporativ qiymətli kağızlar bazarının inkişafına çətinliklər yaradır”.

Müsahibimiz qeyd edib ki, repo bazarında da bir neçə ildir ki, aktivlik müşahidə olunur:

“Bazarda aktiv oyunçularla yanaşı, investisiya şirkətləri də iştirak edir. Azərbaycanda repo əməliyyatları daha çox qısamüddətli investisiya, yəni pul bazarı aləti kimi çıxış edir. Çünki bazarda repodan başqa qısamüddətli investisiya aləti mövcud deyil.

Valyuta məsələlərinə gəldikdə, daxili bazarda həm fiziki, həm də hüquqi şəxslərin manata etibarının artdığını müşahidə edə bilərik. İndiki zamanda, əhalinin və təşkilatların öz vəsaitlərini manatda saxlamağa daha çox maraqlıdırlar. Buna əsas səbəb, manat gəlirliliyinin dollara nisbətdə daha çox olması və manatın devalvasiya riskinin aşağı olmasıdır”.

Check Also

Paşinyan Ermənistanın Azərbaycandan qaz ala biləcəyini istisna etmir

O, qaz xətti Ermənistandan keçərsə, bunun mümkün olduğunu deyir Ermənistanın Baş naziri Nikol Paşinyan sülh …