Çərşənbə axşamı , 21 May 2024
Drone Cameras

Azərbaycan nümayəndə heyətinin üzvü: “Bu gün Türkiyə dünyanın ən güclü ölkələrindən biridir”

“Biz ümid edirik ki, mayın 14-də keçiriləcək seçkilərdə qazanılmış uğurların davamına Türkiyə xalqı tərəfindən dəstək nümayiş etdiriləcək”.

Boyukmillet.com xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Badamov Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının İzmirdəki təşkilatında keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, son 20 ildə Türkiyədə baş verən hadisələr Azərbaycanda diqqətlə izlənilib:

“Görmüşük ki, Türkiyə günü-gündən daha da güclənir. Bu gün qardaş ölkəmiz dünyada söz sahibidir. Biz istəyirik ki, Türkiyə həmişə güclü olsun. Əldə olunan nailiyyətlər davam etsin. Biz ümid edirik ki, mayın 14-də keçiriləcək seçkilərdə qazanılmış uğurların davamına Türkiyə xalqı tərəfindən dəstək nümayiş etdiriləcək”.

YAP İdarə Heyətinin üzvü, deputat Anar İsgəndərov deyib ki, 44 günlük Vətən müharibəsi dövründə Türkiyə Azərbaycanın yanında olub:

“Biz ən çətin məqalarda bir-birimizin yanında olmuşuq və olacağıq. Biz dostuq, qardaşıq və müttəfiqik. Biz dualarımızla istəyirik ki, qələbə bizim olsun. İnşallah, mayın 14-də öz istəyimizə çatacağıq”.

Daha sonra çıxış edən YAP Təftiş komissiyasının üzvü, deputat Məlahət İbrahimqızı bildirib ki, Türkiyə bu gün dünyanın ən güclü ölkələrindən biridir:

“Ümid edirəm ki, qardaş ölkənin xalqı Türkiyəni inkişaf etdirən, güclü və söz sahibi edənə öz dəstəyini ifadə edəcək. Əminəm ki, Türkiyə xalqı doğru olana səs verəcək”.

YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov isə vurğulayıb ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin türk dünyasının inkişafında böyük xidmətləri var:

“Ümid edirəm ki, gələcəkdə də bu nailiyyətlər davam edəcək. Türkiyə xalqının düzgün seçim edəcəyinə ümid edirəm”.

Check Also

İlham Əliyev Kamerunun dövlət başçısını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kamerun Respublikasının Prezidenti Pol Biyaya təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər …