Cümə axşamı , 9 May 2024
Drone Cameras

Azərbaycan polisinə qarşı kampaniyaçılığın xaricə çıxan kökləri…

Məhərrəm Zülfüqarlı: “Xaricdə müəyyən mərkəzlər var ki, Azərbaycanı zəiflətmək üçün ölkədəki mövcud quruluşu tənqid edirlər”

“Sözügedən qaralama kampaniyası da bunun tərkib hissəsidir”

İctimai-siyasi sabitlik hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolu seçmiş hər bir dövlətin mövcudluğunun mühüm şərtlərindən biridir. Ölkəmizdə ictimai asayişin, qanunçuluğun və hüquq qaydalarının etibarlı təminatı, vətəndaşların konstitusion mənafelərinin yüksək səviyyədə qorunması, kriminogen durumun sabitliyi Azərbaycanın ötən müddətdə qazandığı ən mühüm nailiyyətlər sırasındadır.

Danılmaz həqiqətdir ki, ölkədə ictimai-siyasi sabitlik şəraitində inkişafda, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizənin səmərəli təşkilində, dövlətçiliyin hər cür cinayətkar qəsdlərdən müdafiəsində, vətəndaşların təhlükəsiz yaşamaq kimi fundamental hüququnun təminatında Daxili İşlər Nazirliyinin və onun ayrı-ayrı strukturlarının müstəsna rolu var. Cinayətkarlığın bütün forma və təzahürlərinə qarşı barışmaz mövqe tutan daxili işlər orqanları qanunla üzərinə düşən vəzifələri yerinə yetirir. İqtisadi inkişafın mühüm şərti olan sabitliyin təminatı üçün bütün zəruri tədbirləri həyata keçirməklə xalqın və dövlətin sadiq keşikçisinə çevrilib. Bir sözlə, ölkədə sabitliyin təmin olunmasında başlıca faktorlardan biri polisin göstərdiyi fəaliyyətdir. Polisin fəaliyyəti olmadan bu mümkün deyil. Ancaq o da var ki, son vaxtlar polisi qaralamaq səylərində müəyyən fəallaşma var. Polisin imicinə kölgə salmaq üçün müxtəlif vasitələrə əl atırlar. Adi bir məsələni şişirdib bu minvalla polisi qaralamağa çalışırlar. Bunun daxildə köklərinin olması məlumdu. Çünki müəyyən radikal mövqedən çıxış edən qüvvələrin, şəxslərin polisə qarşı kampaniya aparmaları bir növ “ənənə” halını alıb. Maraqlıdır, polisə qarşı qaralama kampaniyasının xaricdən də idarə olunan telləri ola bilərmi? Ekspertlər bu ehtimalı necə dəyərləndirir?

Məsələyə münasibət bildirən İctimai Problemlərin Tədqiqi Assosiasiyasının rəhbəri Məhərrəm Zülfüqarlı bunu istisna etmədi: “Çünki xaricdə müəyyən mərkəzlər var ki, Azərbaycanı zəiflətmək üçün ölkədəki mövcud quruluşu tənqid edirlər. Ara-sıra müxtəlif böhtanlar atırlar. Bu minvalla Azərbaycanı zəiflətməyə çalışırlar. Hansısa çatışmazlığı şişirtməyə səy göstərirlər. Xüsusən də polisi gözdən salmağa cəht edirlər. Çünki həmin qüvvələr yaxşı bilir ki, polis dövlətçiliyin dayağıdır. Prezident İlham Əliyevin polisin fəaliyyətini yüksək qiymətləndirməsi, onların əməkhaqlarını artırması bəzi qüvvələri qıcıqlandırır. Bəzi dairələr Azərbaycanda idarəolunmaz bir prosesin olmasını istəyir. Bu səbəbdən hər fürsətdə istəyirlər ki, polisi gözdən salsınlar. İstəyirlər ki, Ukrayna və Gürcüstanda olduğu kimi, Azərbaycanda da ara qarışsın, polis neytral olsun. Bir sözlə, hakimiyyəti zəiflətmək üçün güc strukturları hədəfə alınır. Sözügedən qaralama kampaniyası da bunun tərkib hissəsidir”.

Vidadi ORDAHALLI

Check Also

İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb

Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radevlə təkbətək görüşü başlayıb. Bu barədə “Report”un əməkdaşı xəbər …