Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

Azərbaycan qalib olaraq danışıqlara hazırdır

Ali Baş Komandan Prezident İlham Əliyev son günlər nüfuzlu beynəlxalq media orqanlarına müsahibələr verərək bir çox məsələlərə aydınlıq gətirər, dövlətimizin mövqeyini ortaya qoyur. Belə müsahibələrdən biri də dövlət başçımızın 2 oktyabrda İspaniyanın EFE informasiya agentliyinə müsahibəsi olmuşdur. Möhtərəm Prezidentimiz bu müsahibəsində qeyd etmişdir ki, Azərbaycan qalib tərəf olaraq sülhün təfərrüatlarını müəyyən etməyə və danışıqların aparılmasına, eyni zamanda gələcək sülh sazişi üzərində Ermənistanla işləməyə başlamağa da hazır olduğunu bildirmişdir. Qeyd etmək istəyirəm ki, dəfələrlə  Azərbaycan beynəlxalq hüququn prinsipləri, xüsusilə də dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında Ermənistanla münasibətlərin normallaşdırılmasına hazır olduğunu bəyan etmişdir. Prezident bundan əvvəlki çıxışlarında olduğu kimi bir daha Azərbaycanın tarixi ilə bağlı çox vacib məqama toxunaraq bu torpaqların əsl sahibinin bölgədə yeni tarix yazdığını bəzi qüvvələrin diqqətinə çatdırdı.

İkinci Qarabağ müharibəsi başladığı dövrdən Azərbaycan istiqamətində öz qəti mövqeyini bəyan edən Türkiyə Respublikasının istər rəsmi dairələri, istərsə də Türkiyə ictimaiyyəti siyasi və diplomatik dəstəyini davam etdirmişdir. Türkiyənin Azərbaycana birmənalı dəstəyi, daim yanımızda olması, Vətən müharibəsi həqiqətlərini dünyaya çatdırılması ilə bir daha birlik və bərabərliyimizin təntənəsinə çevrilmişdir. Rusiya 10 noyabrda üçtərəfli bəyanatın imzalanması ilə Qarabağda öz sülhməramlılarını yerləşdirərək bölgədə sülhün təmin olunmasına köməklik göstərir. Müsahibəsində bu mövzuya da toxunan Prezident İlham Əliyev müharibə bitdikdən sonra Türkiyə, o cümlədən Rusiya gələcək regional inkişafda və sabitlikdə çox mühüm rol oynadığnı bildirib.

Hazırda işğaldan azad edilən ərazilərdə Azərbaycan vətəndaşlarının normal yaşayışını təmin etmək üçün intensiv işlər aparılır. Qarşıdakı yeganə problem ərazilərin pərakəndə şəkildə minalanmasıdır. Hazırda ilk növbədə işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə işləri aparılır ki, təhlükəsizlik təmin edilsin. Bununla əlaqədar, respublikamızda minatəmizləmə əməliyyatları üzrə milli standartlar müəyyən edildi və lazımi tədbirlər görülməkdədir. Ermənistan isə dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bu ərazilərin mina xəritələrini verməkdən boyun qaçırır. Prezident İlham Əliyev müsahibə zamanı bu mövzuya da toxunaraq dünya ictimaiyyətinə bir daha düşmənin məkrli niyyətlərindən söz açıb.

Postmüharibə dövrünün reallıqları sırasında Zəngəzur dəhlizinin açılması məsələsi də prioritet istiqamətdir. Zəngəzur dəhlizi ilə bağlı məsələni nəzərdən keçirərkən, bir mühüm məqamı xatırlatmaq istərdim, Vətən müharibəsində acı məğlubiyyətə uğrayan işğalçı ölkə Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri tərəfindən imzalanan üçtərəfli bəyanata əsasən üzərinə götürdüyü kapitulyasiyanın tələblərinin ödənilməsi barədə razılığa gəldi. Qardaş Türkiyə dövləti də Azərbaycanın Zəngəzur dəhlizi layihəsini çox əhəmiyyətli hesab edərək, onu dəstəkləyir və layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq dəhliz açılacağını, bunun çox böyük əhəmiyyət kəsb edəcəyini bildirmişlər. Bir sözlə, Zəngəzur dəhlizinin reallaşması məsələsində problemlər yarandıqca, Prezident İlham Əliyevin mesajları da daha kəskin olacaq.

Ölkə rəhbəri müsahibəsində daha sonra iqtisadi inkişaf sahəsində əldə olunan uğurlara da toxunmuşdur. İlham Əliyev cənablarının Azərbaycan Respublikasına rəhbərliyi dövründə Azərbaycan iqtisadiyyatının yeni sürətli inkişafı başlamışdır. Bu isə dövlət tərəfindən, dövrün tələblərinə uyğun оlaraq, iqtisadi islahatların əlaqəli şəkildə aparılması, dövlət prоqramlarının, yerli, regiоnal və beynəlxalq investisiya layihələrinin həyata keçirilməsi və dünya iqtisadiyyatına inteqrasiya ilə əldə edilmişdir. Azərbaycanın yürütdüyü uğurlu və uzaqgörən xarici və daxili siyasəti, onu Cənubi Qafqaz regionunda ən sabit və ən qüdrətli lider bir dövlətinə çevirmişdir. Ölkəmiz ötən əsrin sonlarından etibarən iştirak etdiy bütün beynəlxalq əhəmiyyətli enerji, nəqliyyat, infrastruktur  və digər layihələrin hamısını uğurla başa çatdırmışdır. Məhz bu xüsusiyyət ölkəmizi dünya, Avropa və qonşu ölkələr üçün qaz ilə təchiz edən etibarlı ölkəyə çevrmişdir. Bəli, əminliklə demək olar ki, qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirir.  

Azərbaycan rəhbəri bu müsahibəsində bölgədə sülh üçün lazım olan işləri açıqladı, maraqlı güclərə təklif və mesajlarını verdi. Yaşasın Azərbaycan, Yaşasın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev!

İradə Rizazadə

“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …