Çərşənbə , 22 May 2024
Drone Cameras

Azərbaycan-Qazaxıstan münasibətlərində yeni səyfə açılmaqdadır

Elşən Səfərov: Tarixi-etnik köklərlə, eyni dil qrupu, ənənə və dəyərlərlə bir-birinə yaxın olan xalqların vahid ideya birliyi və həmrəyliyi son dərəcə vacibdir. Prezident İlham Əliyev türkdilli dövlətlərlə əlaqələrin dərinləşdirilməsinə böyük önəm verir.


Azərbaycan-Qazaxıstan əlaqələri bütün sahələrdə uğurla inkişaf edir, dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri ölkələrimiz arasında əməkdaşlığın ildən-ilə güclənməsinə mühüm təsir göstərir. İki dövlət arasında ən müxtəlif sahələrə dair imzalanmış mühüm sazişlər əməkdaşlığın yüksək dinamizmlə inkişaf etdirilməsinə zəmin yaradır. Ortaq tarixə, mədəniyyətə malik olan türk dövlətləri arasında bütün sahələrdə əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi böyük perspektivlərdən xəbər verir. 30 ilə yaxın müddətdə müstəqil dövlətlər kimi dünya siyasi arenasında yer tutan türk dövlətlərinin bir-birinə daha da yaxınlaşması müsbət nəticələr verir.


Siyasi əlaqələrin möhkəmləndirilməsi bilavasitə iqtisadi münasibətlərin dinamik inkişaf zərurəti ilə şərtlənir. Ölkələrimiz və xalqlarımız arasında siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində əldə edilmiş ciddi nailiyyətlər ümumilikdə dövlətlərarası münasibətlərin inkişafında öz sözünü deyir.


Qazaxıstanda 130 min etnik azərbaycanlı yaşayır ki, onlar da adıçəkilən ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edirlər. Eyni zamanda müştərək müəssisələr açır, biznes qurur və ölkələrmiz arasında münasibətləri yaxşılaşdırmağa kömək edirlər. Azərbaycan dövləti Qazaxıstana fəal sərmayə qoymağa başlayıb və Aktauda logistika mərkəzinin açılışı, həmin şəhərdə energetika-maşınqayırma zavodunun inşası ticari-iqtisadi əməkdaşlığın möhkəmlənməsinə yönəlib. Eyni zamanda ölkəmiz Qazaxıstandan müasir nəqliyyat vasitələri, teplovozlar, elektrovozlar idxal edir. Qazaxıstanın iqtisadi cəhətdən inkişaf etməsi, dünya miqyasında artan nüfuzu, eyni zamanda Azərbaycanın iqtisadi baxımdan bölgədə lider rolunu oynaması, regionda və beynəlxalq aləmdə nüfuzunun daim artması kimi ümumi oxşarlıqlar əlaqələrimizin genişlənməsi üçün yaxşı zəmin yaradır. Ümumiyyətlə, Azərbaycan-Qazaxıstan əlaqələri son illər daha da inkişaf etmişdir.


Qazaxıstan dövləti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ilk gündən ədalətli və beynəlxalq hüquq normalarına söykənən mövqe tutmuşdur. Bu gün Azərbaycanla Qazaxıstan arasında mövcud münasibətlərin səviyyəsi onu deməyə əsas verir ki, Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində də rəsmi Astananın hərtərəfli dəstəyinə ümid edə bilər


Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə Azərbaycana rəsmi səfərinin yekunları bir daha təsdiqlədi ki, iki ölkə arasında bütün sahələrdə uğurlu əməkdaşlıq mövcuddur. Beynəlxalq və regional miqyasda nəhəng layihələrin əsas təşəbbüskarlarından və icraçılarından biri olan Azərbaycan dünyanın aparıcı dövlətləri üçün etibarlı və inamlı tərəfdaşdır. Azərbaycan-Qazaxıstan əlaqələrinin bütün sahələrdə uğurlu inkişafı deməyə əsas verir ki, bu əməkdaşlıq qarşıdakı illərdə daha da güclənəcək.

Elşən Səfərov,
YAP Ağcabədi rayon təşkilatının əməkdaşı

Check Also

ÖLKƏ PREZİDENTİ VƏ MƏDƏNİYYƏT NAZİRİNƏ BİR QRUP VƏTƏNDAŞ MÜRACİƏTİ…

Başsız qalan Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi… Muraz Məmmədov qanunsuz əməlləri nə qədər davam edəcək? Prezident …