Azərbaycan QHT-ləri Ermənistanın siyasi və hərbi rəhbərliyi tərəfindən Gəncənin növbəti dəfə raket atəşinə tutulmasının ildönümü ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.
Boyukmillet.com xəbər verir ki, müraciətdə deyilir:
“2020-ci il sentyabrın 27-də Ermənistan Respublikası silahlı qüvvələrinin ölkəmizə qarşı törətdiyi növbəti hərbi təxribata cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələri əks-hücum əməliyyatlarına başlamış və 44 gün davam edən müharibədə Azərbaycan Respublikasının işğalda olan torpaqlarını azad etmişdir.
Ermənistan siyasi və hərbi rəhbərliyi döyüş meydanındakı məğlubiyyətlərinin əvəzini çıxmaq üçün cəbhə xəttindən kənarda yerləşən şəhər və rayonlarımızdakı mülki əhalini hədəf seçmiş, müxtəlif növ ağır silahlarla, o cümlədən artilleriya və ballistik raketlərlə atəşə tutaraq insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri törətmiş, mülki şəxsləri o cümlədən qadın və uşaqları vəhşicəsinə qətlə yetirmiş, insanların əmlakına, infrastruktur obyektlərinə irimiqyaslı zərər vurmuşlar.
Bir il öncə oktyabrın 11-də saat 04.00 radələrində Azərbaycanın ikinci böyük və 500 mindən çox əhalisi olan, cəbhə xəttindən 80 km uzaqlıqda yerləşən Gəncə şəhəri Ermənistanın siyasi və hərbi rəhbərliyinin əmri ilə TOÇKA-U raket sistemindən atəşə tutuldu. Gəncədə əhalinin sıx yaşadığı bir ərazidə gecə saatlarında, insanların yatdığı bir vaxtda Ermənistanın vəhşi hücumu nəticəsində 3 yaşayış binası dağılıb, 10 mülki şəxs həlak olub və 40-dan çox insan yaralanıb. Ölənlər arasında uşaq və qadınlar da olub.
44 günlük müharibə zamanı Ermənistanın Gəncəni bir neçə dəfə raket atəşinə tutması həm də onu göstərirdi ki, işğalçı ölkə əvvəlki illərdə olduğu kimi, yenə də dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələri, bəyanatları və çağırışları heçə sayır, beynəlxalq humanitar qanunun, xüsusilə 1949-cu ildə qəbul edilmiş Cenevrə konvensiyasını kobud şəkildə pozmaqda davam edir. Bunun isə tək səbəbi indiyə kimi Ermənistanın cəzasız qalması və işğalçı ölkəyə qarşı hər hansı bir beynəlxalq sanksiyanın tətbiq olunmamasıdır.
Biz, Azərbaycanda insan hüquqlarının müdafiəsi, qadın və uşaq haqlarının qorunması istiqaməti üzrə fəaliyyət göstərən QHT-lər böyük narahatçılıq hissi ilə sizə bir daha müraciət edir, bir il öncə çoxlu sayda günahsız uşaq və qadını qətlə yetirən Ermənistana və onun hərbi rəhbərliyinə qarşı ciddi addımlar atmağa, baş verən müharibə və insanlıq əleyhinə cinayətlərə siyasi qiymət verməyə çağırırıq”.
Müraciəti 89 QHT imzalayıb.