Erməni fiqurlu konkisürən Adeliya Petrosyan Krasnoyarsk şəhərində yeniyətmələr arasında keçirilən Rusiya çempionatında təxribata əl atıb.
Boyukmillet.com-un məlumatına görə, qızların yarışında gümüş medal qazanmış 13 yaşlı idmançı yerli mətbuata açıqlamasında Qarabağın Ermənistana qaytarılmasının vacibliyi barədə sərsəm, separatçı fikirlər səsləndirib. Bununla yanaşı, yeniyetmə fiqurlu konkisürən Ermənistanın İkinci Qarabağ müharibəsində Azərbaycana məğlubiyyətini etiraf edib. O həmçinin buz üzərində çıxışı zamanı səsləndirilən mahnının erməni bəstəkar Ara Gevorkyana məxsus olduğunu iddia edib.
Azərbaycan Fiqurlu Konkisürmə Federasiyasının vitse-prezdenti Fuad Quliyev isə “Report”a açıqlamasında Petrosyanın hərəkətini pislədiklərini bildirib. Federasiya rəsmisi onunla bağlı tədbir görüləcəyini vurğulayıb: “Artıq məndə bununla bağlı məlumat var. Sadəcə, bu, qapalı yarışdır, heç yerdə göstərmirlər. Ona görə də orada baş verənlərdən indi xəbər tutmuşuq. Həmin idmançının məşqçisini tanıyıram. Gürcüdür, onun özünə də deyəcəyəm”.
Quliyevin sözlərinə görə, bu cür təxribatlar ilk dəfə baş vermir: “Daha əvvəl də belə bir şey olub. Həmin vaxt Polad Bülbüloğlu şikayət etdi, söhbəti bağladılar. Ondan sonra bu cür hallar yaşanmırdı. İndi yenidən təxribata əl atıblar. Yenə rəsmi formada etiraz edəcəyik. Onun separatçı fikirləri barədə də təşkilatçıları məlumatlandıracağıq. Ən geci növbəti həftənin bazar ertəsinədək lazımı qurumlara məktub yazacağıq”.