27 sentyabr – Anım Günü ilə bağlı Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən Berlin şəhərindəki, əsası 1866-cı ildə qoyulmuş Şəhidlər Məscidində tədbir keçirilib.
Boyukmillet.com xəbər verir ki, şəhidlərimizin ruhuna dualar oxunub və ehsan verilib.
Anım tədbirində ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizə həsr olunmuş xatirə posteri yerləşdirilib.
Tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra şəhidlərimizə həsr olunmuş video-çarxlar nümayiş etdirilib. Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev çıxış edərək, 44 günlük Vətən Müharibəsi zamanı Azərbaycan ordusunun ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda göstərdiyi fədakar mübarizədən, əsgər və zabitlərimizin nümayiş etdirdiyi qəhrəmanlaqlarından bəhs edib.
Diplomat bildirib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və müdrik rəhbərliyi nəticəsində silahlı qüvvələrimiz qısa bir müddət ərzində 30 ilə yaxın düşmən tapdağı altında qalan ərazilərimizi işğaldan azad edə bilib. N.Ağayev şəhidlərimizi daim böyük minnətdarlıq hissilə andığımızı və onların əziz xatirəsinin həmişə qəlbimizdə yaşayacağını bildirib.
Sonra Türkiyənin Almaniyadakı Səfirliyinin müşavir-elçisi Umut Topçuoğlu çıxış edib. O, Türkiyənin həm Vətən müharibəsi dövründə, həm də ondan sonrakı dövrdə daima Azərbaycanın yanında olduğunu vurğulayıb, habelə Azərbaycan şəhidlərinə Allahdan rəhmət diləyib.
Anım tədbirində həmçinin Türkiyənin Almaniyadakı Səfirliyinin müşaviri Ayfer Fulya Yücekök və Türkiyənin Berlindəki Baş konsulu Rıfkı Olgun Yücekök, Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşları, eləcə də Almaniyada fəaliyyət göstərən Azərbaycan və türk diasporunun nümayəndələri iştirak ediblər.