Cümə , 21 Fevral 2025
Drone Cameras

Azərbaycan Suriyadakı Səfirliyinin fəaliyyətini bərpa edib

Bu məqsədlə Səfirliyin müvəqqəti işlər vəkili artıq Dəməşq şəhərinə ezam edilib

Azərbaycan Respublikası 13 illik fasilədən sonra Suriyanın paytaxtı Dəməşqdəki Səfirliyinin fəaliyyətini bərpa edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, artıq bu məqsədlə Səfirliyin müvəqqəti işlər vəkili artıq Dəməşq şəhərinə ezam edilib və fəaliyyətə başlayıb.

“Azərbaycan Respublikası beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq, Suriyada davamlı sülhün və sabitliyin bərqərar olmasını dəstəkləyir. Azərbaycan və Suriya arasında dostluq və əməkdaşlıq əlaqələrinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması və siyasi, iqtisadi, mədəni və digər sahələrdə tərəfdaşlığın inkişaf etdirilməsi üçün yeni imkanların yarandığı bu vacib dövrdə Səfirliyimiz Suriyanın keçid dövrü hökuməti ilə yaxından əməkdaşlıq edərək ikitərəfli əlaqələrimizin inkişafına dəstək verəcəkdir”, – XİN-in məlumatında qeyd olunub.

Azərbaycanın Suriyadakı səfiri və Səfirliyin əməkdaşları 2012-ci ilin avqustunda ölkəni tərk etmişdi.

Suriyada Bəşər Əl-Əsəd rejiminin çökməsindən sonra Azərbaycan XİN ötən il dekabrın 10-da bəyanat yayaraq, iki ölkə arasında ikitərəfli münasibətlərin bərpa olunacağına ümidini ifadə edib.

Ötən il dekabrın 29-da Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Dəməşqdə Suriyanın keçid hökumətinin xarici işlər naziri Əssad Həsən Əş-Şibani ilə görüşündə Azərbaycanın “bu yeni yaranmış vacib mərhələdə Türkiyə Respublikası ilə birlikdə Suriyanın yanında olduğu”nu bildirib və ən qısa zamanda Dəməşqdə Azərbaycan səfirliyinin yenidən fəaliyyətə başlamasının planlaşdırıldığını vurğulayıb.

Azərbaycan Prezidenti İlham Əliyev ötən həftə Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Birol Akgünün etimadnaməsini qəbul edərkən Azərbaycanın Suriya məsələsində Türkiyə ilə çiyin-çiyinə dayanacağını bəyan edib.

“Suriya məsələsində Azərbaycan Türkiyənin yanında olduğunu ilk günlərdən bəyan edib. Bu xüsusda vurğulandı ki, Suriyada sabitliyin, təhlükəsizliyin təmin olunmasına və humanitar problemlərin həllinə Azərbaycan da Türkiyə ilə əlaqələndirilmiş şəkildə öz töhfəsini verməyə hazırdır”, – İlham Əliyev fevralın 13-də deyib.

Check Also

Zelenski yanıldı: “Ukrayna vaxtında Türkiyənin vasitəçiliyini qəbul etməli idi”

BMT Baş katibinin sözçüsü Stefan Dujarrik deyib ki, müharibənin atəşkəslə nəticələnməsi istiqamətində gedən danışıqlarda Ukrayna …