“Təsir dairəsi”ndə yenə dava düşüb. Bu dəfə verilişin eksperti, fəlsəfə doktoru Anar Vəziroğlu ilə iştirakçılardan biri arasında insident baş verib. Qalmaqalın təfərrüatı açıqlanmır. Bircə onu bilirik ki, şəxsi problemiylə bağlı efirə müraciət edən Ramal adlı vətəndaş bu dəfə daha böyük problemlə üzləşib. Bəxti onda gətirib ki, mühafizəçilər özlərini hadisə yerinə zamanında çatdırıblar. Yoxsa, dostum-qardaşım Anar müəllim onun ən azı üç dişini qarnına tökəcəkdi…
Yanlış anlamyın, Anar Vəziroğlu qaydasız döyüş üzrə peşəkar idmançı deyil. Asıb-kəsməklə, vurub-yıxmaqla heç vaxt arası olmayıb. Çoxillik həmkarımdır. Müxbirlikdən baş redaktorluğa qədər yüksəlib. Bu gün ortada at oynadan bəzi jurnalistlər tumançaq gəzəndə Anar Vəziroğlu səhifə-səhifə məqalələr yazır, “Addım” adlı maraqlı, oxunaqlı qəzet buraxırdı. Üstəlik, alimdir, fəlsəfə doktorudur. Demək istədiyim odur ki, problem onda deyil, telekanallarda, onların yayım siyasətindədir. Hamı ucuz şou arxasınca qaçır. Reytinq ən ciddi aparıcıları, ən sanballı ekspertləri gündə yüz oyundan çıxmağa vadar vedir. Azərbaycan telekanallarının iş üsulu belədir: dünya şöhrətli alim də bizim efirlərə çıxsa, bir müddət sonra Əli Mirəliyevə çevriləcək…
Mən eyni təhlükə ilə 4-5 il əvvəl üzləşmişdim. Yaxşı ki, vaxtında canımı qurtara bildim. Hansı ki, o vaxt az da olsa peşəkarlıq, ədəb-ərkan vardı. İndi heç bir dəyər, heç bir ölçü qalmayıb. 40 ilin fahişəsi efirdə namusdan, əxlaqdan danışır. Və zərrə qədər də utanıb-qızarmır, abır-həya eləmir. Hələ tamaşaçıdan alqış da gözləyir. Çox vaxt istədiyini alır. Abırsız adamlar efirlərə yol tapandan sonra abırlı adamlar gizlənməyə kol axtarırlar. Pis yolun yolçuları Azərbaycan ziyalısının efirə gedən yolunu bağlayıb. Efirə yol tapan bir para adamlar isə özlərinin deyil, həmin adamların yerişini yeriyirlər…
Əlbəttə, bu da keçəcək. Yaxşı yadımdadır, ötən əsrin 90-cı illərinin sonlarında ölkədə “sarı mətbuat” tüğyan edirdi. Çörək almağa pulu olmayan adamlar hansısa əcnəbi fahişənin göbəyini görmək üçün əllərindəki son qəpik-quruşu verib həmin qəzetləri alırdılar. Bir müddət sonra həmin qəzetlər zibil yeşiyinə atıldı. Çox keçməz, həmin verilişlər də layiq olduğu yerə – zibilliyə atılar. Amma ara yerdə həyatımız, mənəviyyatımız zibillənir…
Seymur VERDİZADƏ