Ermənistanın siyasi-hərbi rəhbərliyi son zamanlar daha ritorik və isterik davranış tərzi nümayiş etdirməkdədir. Bu ilin iyulunda Azərbaycanla sərhədin Tovuz rayonu istiqamətində hərbi təxribatı Ermənistanın avantürist siyasətinin növbəti təzahürü oldu. Əslində, bu hərbi təxribat Ermənistanın müdafiə naziri David Tonoyanın “Yeni ərazi-yeni müharibə” formulunda nəzərdə tutulan hərbi əməliyyatların Azərbaycanın digər ərazilərinə keçirilməsi kimi avantürist niyyətinin reallaşdırılması istiqamətində atılmış əməli addım kimi qiymətləndirilməlidir. Bunun ardınca Rusiyadan 400 ton hərbi təyinatlı yükün Xəzəryanı ölkələrin hava məkanından keçərək Ermənistana verilməsi regionda hərbi-siyasi gərginliyin pik nöqtəsinə yaxınlaşmasını şərtləndirdi. Eyni zamanda, baş verənlər məlum münaqişənin dinc həlli deyil, hərbi yolla tənzimlənməsi imkanlarının artması mənafeyinə xidmət etmiş oldu. Bu reallıq fonunda Prezident İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığında məlum insidentə münasibətdə qətiyyətli mövqe ortaya qoyması və açıq şəkildə narazılığını ifadə etməsi rəsmi Bakının bu məsələlərdə prinsipial və güzəştsiz davranışının ifadəsidir. Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun qeydolunan yüklərin hərbi deyil, inşaat təyinatlı olması ilə bağlı Bakıda səsləndirdiyi mövqe ölkəmizin ali siyasi rəhbərliyi tərəfindən qənaətbəxş cavab kimi qəbul edilmədi. Bütün bunlara paralel olaraq, Ermənistanın siyasi-hərbi rəhbərliyinin atdığı bir sıra digər addımlar da regionda sülh prosesinə “arxadan vurulan zərbə” kimi dəyərləndirilə bilər.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Beynəlxalq əlaqələr, mədəniyyətlərarası dialoq və inteqrasiya komissiyasının katibi, siyasi elmlər doktoru, professor Elman Nəsirov bildirib.
E.Nəsirov qeyd edib ki, militarist siyasət yürüdən Ermənistan 2019-cu ildə Rusiyadan 4 ədəd “Su-30SM” qırıcı təyyarəsi almaqla kifayətlənməyərək onların ümumi sayını 12-yə çatdırmağı planlaşdırır. 2020-ci ildə ümumi müdafiə büdcəsi təxminən 550-600 milyon dollara bərabər olan cırtdan bir dövlətin dəyəri 50-60 milyon dollara bərabər olan “Su-30SM” qırıcı təyyarələri nağd pula alması qeyri-realdır. Deputat deyib: “Bütün bu hərbi-ticarət sövdələşmələrini Ermənistan Rusiyanın verdiyi kreditlər hesabına reallaşdırır. Bundan əlavə, Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyasında Azərbaycan və Türkiyə əsas təhdid mənbələri kimi xarakterizə olunur. Bu sənəddə Ermənistan-Yunanıstan-Kipr üçtərəfli əməkdaşlıq formatının daha da möhkəmləndirilməsi əsas strateji hədəflərdən biri kimi nəzərdən keçirilir. Heç kəsə sirr deyildir ki, qeyd edilən Yunanıstan və Kipr, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri və Suriya Aralıq dənizinin şərq hissəsində Türkiyə ilə gərgin qarşıdurma vəziyyətindədirlər. Bu dövlətlərin İsrail, Misir və Fransa tərəfindən dəstəkləndiyi də hərbi sirr deyildir. Məlum qarşıdurma mühitində Azərbaycan dövləti və onun ali siyasi rəhbərliyi birmənalı olaraq Türkiyə dövlətini müdafiə edir. Çünki dini, qanı bir olan xalqlarımız çətin gündə də, xoş gündə də həmişə bir-birinin yanında olublar”.
Nikol Paşinyan hökuməti ilə separatçı rejim arasında strateji ittifaq haqqında sənədin hazırlanması üzərində intensiv işin getdiyinin mətbuatdan bəlli olduğunu, Ermənistanda heç kim orduya getmək istəmədiyini qeyd edən siyasi elmlər doktoru deyib: “Bu halda Ermənistan dövləti məcburi addım kimi yaşlı insanların və əlinə heç vaxt silah götürməmiş qadınların imkanlarından bəhrələnmək istəyir. Könüllülərdən ibarət ordu yaradır. Bu addımı atmaqda əsas məqsədlərdən biri də məlum hadisələr fonunda Suriyadan və Livandan erməni mənşəli köçkünləri işğal altındakı Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşdırmaqdan ibarətdir. Həmin insanların mütləq əksəriyyətinin, adətən, Yaxın Şərqdə fəaliyyət göstərən terrorçulardan ibarət olması hər kəsə gün kimi aydındır”.
E.Nəsirovun sözlərinə görə, bütün bu deyilənlər onu göstərir ki, Ermənistan yeni hərbi təxribat və avantüralara əl atmaq istiqamətində siyasətində israrlıdır. Bu mövqeni şərtləndirən iki mühüm amil var: Birincisi, Ermənistanın düşdüyü ağır sosial-iqtisadi böhran və onun postpandemiya dövründə daha da kəskinləşməsi perspektivi, o cümlədən sabiq prezident Robert Köçəryanın rəhbərliyi altında bütün müxalif siyasi qüvvə və qruplaşmaların Paşinyanın əleyhinə vahid cəbhədə birləşməsi reallığı ölkənin siyasi-hərbi rəhbərliyini hərbi əməliyyatlardan, nə qədər paradoksal səslənsə də, “xilas yastığı” kimi istifadə etməsini şərtləndirə bilər. İkincisi, uzunluğu 878 km olan TAP kəmərinin cari ilin sonunda istifadəyə verilməsi perspektivi nəticə etibarilə dəyəri 40 milyard dollara bərabər olan strateji Cənub Qaz Dəhlizinin işə düşməsi deməkdir. Bu isə Azərbaycanın iqtisadi gücünün, o cümlədən hərbi mövqelərinin daha da möhkəmlənməsi anlamına gəlir. Azərbaycanın müəllifi olduğu Cənub Qaz Dəhlizi layihəsi Ermənistanla sərhədin 15 kilometrliyindən-Tovuz rayonu ərazisindən keçir. Deməli, sözügedən layihənin real məzmun almasının əleyhdarı olan və bunu özü üçün təhlükə kimi qarşılayan Ermənistan rəhbərliyi məhz həmin istiqamət üzrə növbəti və daha irimiqyaslı hərbi avantüralara əl atacağı proqnozlaşdırılandır.
Deputat diqqətə çatdırıb ki, Ermənistanı ən çox narahat edən məsələ isə Azərbaycan-Türkiyə hərbi müttəfiqlik münasibətləri ilə bağlıdır. Heç kəsə sirr deyil ki, xüsusilə Ermənistanın Tovuz istiqamətində törətdiyi hərbi təxribatına cavab olaraq qardaş dövlət olan Türkiyənin siyasi-hərbi rəhbərliyi birmənalı şəkildə Azərbaycanın mövqeyini müdafiə etdi və formalaşmış şəraitdə ölkəmizin istənilən seçimini müdafiə edəcəyini bildirdi. Son dövrlərdə Azərbaycanın və Türkiyənin siyasi-hərbi rəhbərliyinin qarşılıqlı intensiv səfərləri və bu fonda Naxçıvandan ta Azərbaycanın bir sıra digər ərazilərinədək geniş coğrafi arealda iki qardaş ölkənin quru və hərbi-hava qüvvələrinin birgə taktiki hərbi təlimlər keçirməsi Ermənistanda qorxu və vahimə ilə izlənməkdədir.
“Bütün bunlara paralel olaraq, Naxçıvanda yenidən iki qardaş dövlətin silahlı qüvvələrinin birgə hərbi təlimlərinə start verilməsi Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının keyfiyyətcə yeni mərhələyə yüksəldiyini təsdiqləyir. Eyni məntiqlə Türkiyə-Naxçivan qaz kəməri və Qars-İğdır-Naxçıvan dəmir yolunun çəkilməsi də artıq tarixi zərurətə çevrilməkdədir. Bütün bu addımlar son nəticədə Azərbaycanın işğal altındakı əraziləri üzərində suveren hüquqlarımızın bərpası üçün nadir imkanlar yaradacağına tam əminlik yaradır”, – deyə Elman Nəsirov fikirlərini yekunlaşdırıb.
Check Also
Azər Qasımlımın ölkədən çıxışına qadağa qoyulub
O, Bakı Hava Limanından xaricə buraxılmayıb Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlının ölkədən çıxışına qadağa …