Ceyhun Məmmədov: “Belə bir tədbirin keçirilməsinə ehtiyac var, çünki…”
Bir neçə gün öncə Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalamı qəbul edərkən COP29 çərçivəsində də Azərbaycanın dinlərarası dialoqun təşviqinə dəstək verməyə, bunun bir nümunəsi kimi dünya dini liderlərinin görüşünün keçirilməsinə və bu sahədə əməkdaşlığa hazır olduğunu vurğulayıb. Dövlət başçısı dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqində Azərbaycanın mühüm rol oynadığını vurğulayaraq, bu xüsusda Bakıda keçirilən mötəbər tədbirlərə toxunub. Prezident yaxın zamanda ICESCO, UNESCO və BMT-nin Sivilizasiyalar Alyansının dəstəyi ilə Azərbaycanda Mədəniyyətlərarası Dialoq Forumunun yenidən keçiriləcəyini bildirib.
Qeyd etmək yerinə düşər ki, zaman-zaman Qərbə meylli təşkilatlar Azərbaycanda dini vəziyyətlə bağlı qərəzli, qeyri-dəqiq məlumatlar yayır, hesabatlar açıqlayırlar. Ümumiyyətlə, son dövrlər islamafob meyllərin artması narahatlıq doğurur.
Yaxınlarda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə də “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda keçirilən beynəlxalq konfransda deyib ki, müsəlmanların diskriminasiyaya məruz qalması Avropanın reallığıdır: “Azərbaycanın islamofobiya ilə bağlı mübarizədə mühüm addımlar atması ölkənin nüfuzunu bütün dünyada artırır. Dinlərarası harmoniya mühitində multikultural yaşayışımız bütün dünyada model kimi təqdim edilir. Azərbaycan dünyaya İslam həmrəyliyini təbliğ edir və bu sahədə əməli addımlar atır. Bütün bunlar islam əməkdaşlığına mühüm töhfələr verib. Bu gün işğaldan azad edilmiş ərazilərdə ibadət yerlərinin bərpası, yenidən qurulması multikultural əməllərin bariz nümunəsidir. İslamofobiyaya qarşı dövlətlər səviyyəsində mübarizə aparılsa da, ksenofobiyanın qarşısını almaq mümkün olmayıb. Bu gün İsveç, Danimarka, Fransa və bir sıra Qərb ölkələrində islamofobiyanın dərin təzahürləri müşahidə olunur. Müsəlmanlar bu kimi ölkələrdə diskriminasiyaya məruz qalırlar. Bütün bunlar Avropanın reallığıdır. İslam dünyasının ayrılmaz parçası, Qərb və Şərq arasında körpü rolunu oynayan Azərbaycan milli, dini və irqi zəmində ayrı-seçkilik hallarını daim pisləyib”.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Azərbaycan hər zaman dinlərarası dialoqa və bu dialoqun təşviqinə xüsusi önəm verib, xüsusi həssaslıqla yanaşıb: “Azərbaycanda dəfələrlə dinlərarası dialoqla bağlı çox sayda forumlar keçirilib. Bu forumlarda dünyamızı narahat edən məsələlər müzakirə olunub. O mənada belə forumların keçirilməsi çox önəmlidir və bu forumlar dünyada dialoqlararası əməkdaşlığa önəm verməklə yanaşı, Azərbaycan reallığının dünya ictimaiyyətinə çatdırılması baxımından çox önəm daşıyır. Bu gün Prezidentin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan dünyada tolerantlığın, dinlərarası dialoqun təşviq olunduğu və geniş yayıldığı bir məkana çevrilib. Bu gün Azərbaycan bu istiqamətdə dünyada bir nümunədir. Təəssüf ki, zaman-zaman Ermənistan tərəfindən ölkəmizə qarşı haqsız ittihamlar səsləndirilib və dövlətimiz hədəfə gətirilib. Guya Azərbaycan müsəlman ölkəsi olaraq digər dinlərə qarşı ayrı-seçkilik qoyur. Əslində isə belə deyil. Bu gün yəhudilər də, xristianlar da, digər dinlərin nümayəndələri də azərbaycanlılarla bir yerdə sülh və anlaşma şəraitində yaşayırlar. Bu gün nəinki onların müqəddəratları təmin olunub, eyni zamanda dövlət onlara maliyyə yardımı ayırır, bu gün onların himayədarı Prezidentimizdir. Prezident İlham Əliyev yalnız Azərbaycanın deyil, bütün müsəlman dünyasının lideridir. Bu gün Azərbaycan İslam dövlətləri ilə sıx şəkildə əməkdaşlıq edir. Bu əməkdaşlığı da davamlı olaraq gücləndirir, inkişaf etdirir. Bu gün müsəlman dünyasında Azərbaycana qarşı bir sevgi, hörmət var. O mənada düşünürəm ki, belə bir tədbirin keçirilməsinə ehtiyac var. Bu, Azərbaycanın nüfuzunun güclənməsinə, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına öz töhfəsini verəcək. Eyni zamanda göstərəcək ki, Ermənistandan fərqli olaraq müsəlman ölkəsi olan Azərbaycan birliyə, həmrəyliyə, sülhə çağırır. Halbuki Ermənistanın din xadimləri öz əhalisini düşmənçiliyə, müharibəyə çağırır. Azərbaycan isə bütün dinlərin qardaş olduğunu, bütün dünyada sülhün olması üçün həmrəyliyin vacib olduğunu açıq-aydın bildirir”.
Bu gün Azərbaycan bir nümunə olduğunu deyən millət vəkili əlavə edib ki, bu nümunə ayrı-ayrı dini liderlərin söylədiyi fikirlərlə də gücləndirilib: “Deyilib ki, Azərbaycanın xaricə ixrac edə biləcəyi ən ciddi sərvətlərdən biri də dini tolerantlıqdır. Bu gün bizim qarşımızda duran mühüm vəzifə də bu dəyərlərin gücləndirilməsi, təbliğ edilməsidir. Biz çalışmalıyıq ki, bu prosesə öz töhfəmizi verək. O mənada belə bir forumun keçirilməsi əlaqələrin inkişafına, münasibətlərin möhkəmlənməsinə birmənalı olaraq təsiri olacaq”.
Yazını hazırladı: Afaq MİRAYİQ