Cümə axşamı , 28 Mart 2024
Drone Cameras

Azərbaycanda fövqəladə vəziyyət olarsa, bu qanun tətbiq ediləcək – TAM MƏTN

Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək qlobal pandemiya elan olunan koronavirusun Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması məqsədi ilə ölkə ərazisində bir sıra qaydalar tətbiq olunub, o cümlədən sosial məhdudlaşdırma tədbirləri həyata keçirilir. Bu məqsədlə kütləvi tədbirlər ləğv edilib, insanların sıx toplaşdığı sosial-mədəni obyektlərin fəaliyyəti müvəqqəti dayandırılıb, restoran və kafelərin iş rejimi qısaldılıb. Virusun geniş yayılma sürətini nəzərə alaraq insanların kütləvi toplaşdığı məkanlar üzrə əlavə tədbirlərin görülməsi zərurəti yaranIıb. Bu baxımdan nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti 23 mart 2020-ci il tarixdə saat 00:00-dan etibarən bir ay müddətinə dayandırılıb.

Tədbirlərin davamı olaraq istisna deyil ki, fövqəladə vəziyyət elan edilsin. Hətta Prezident İlham Əliyev də bunun anonsunu verib.

Ölkədə fövqəladə vəziyyət tətbiq olunarsa, 2004-cü ildə dövlət başçısının imzası ilə qüvvəyə minən “Fövqəladə vəziyyət haqqında” qanun tətbiq ediləcək.

Mətni təqdim edirik:

Fövqəladə vəziyyət haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

I   fəsil

ÜMUMİ MÜDDƏALAR

M a d d ə   1 . Fövqəladə vəziyyət

Fövqəladə vəziyyət – Azərbaycan Respublikasının Konstitusiyasına və bu Qanuna uyğun olaraq Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin konstitusion hüquq və azadlıqlarının, habelə mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin bu Qanun ilə müəyyən edilmiş qaydada məhdudlaşdırılmasına və onların üzərinə əlavə vəzifələr qoyulmasına yol verən, eləcə də Müvafiq icra hakimiyyəti orqanları və yerli özünüidarə orqanlarının, onların vəzifəli şəxslərinin fəaliyyətini tənzimləyən xüsusi hüquqi rejimdir.

M a d d ə   2 . Fövqəladə vəziyyətin tətbiq edilməsində məqsəd

Fövqəladə vəziyyət müvəqqəti tədbirdir və fövqəladə vəziyyətin tətbiq edilməsində məqsəd onun tətbiq edilməsinə səbəb olmuş şəraitin tezliklə aradan qaldırılması, qanunçuluğun bərpa edilməsi, vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının təmin olunması, müvafiq icra hakimiyyəti orqanları və yerli özünüidarə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslərin normal fəaliyyət göstərməsi üçün şərait yaradılması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun müdafiəsidir.

II   fəsil

FÖVQƏLADƏ VƏZİYYƏTİN TƏTBİQ EDİLMƏSİ ƏSASLARI VƏ QAYDASI

M a d d ə   3 .  Fövqəladə vəziyyətin tətbiq edilməsi əsasları

Fövqəladə vəziyyətin tətbiq edilməsi üçün əsaslar Azərbaycan Respublikası Konstitusiyasının 112-ci maddəsi ilə müəyyən edilir.

M a d d ə   4 . Fövqəladə vəziyyətin tətbiq edilməsi barədə normativ hüquqi aktın elan edilməsi

4.1.  Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində fövqəladə vəziyyət Müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən normativ hüquqi akt ilə tətbiq edilir.

4.2.  Fövqəladə vəziyyətin tətbiq edilməsi barədə normativ hüquqi akt dərhal kütləvi informasiya vasitələri ilə elan olunmalı, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq dərc edilməlidir. [1]

M a d d ə   5 .        Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən fövqəladə vəziyyətin tətbiq edilməsi barədə normativ hüquqi aktın təsdiq edilməsi

5.1.     Müvafiq icra hakimiyyəti orqanı fövqəladə vəziyyətin tətbiq edilməsi barədə normativ hüquqi akt qəbul edildikdən sonra 24 saat müddətində onu Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir.

5.2.     Fövqəladə vəziyyətin tətbiq edilməsi barədə normativ hüquqi akt elan olunduqdan sonra Azərbaycan Respublikası Milli Məclisinin deputatları Milli Məclisin növbəti və növbədənkənar sessiyalar dövrünün olub-olmamasından asılı olmayaraq dərhal Azərbaycan Respublikası Milli Məclisinin iclasına gəlməlidirlər.

5.3.     Azərbaycan Respublikası Milli Məclisinin iclasında fövqəladə vəziyyətin tətbiq edilməsi barədə normativ hüquqi aktın qəbul edildiyi andan 48 saat ərzində onun təsdiqi məsələsinə növbədənkənar baxılır və Müvafiq qərar qəbul edilir.

5.4.Fövqəladə vəziyyətin tətbiq edilməsi barədə normativ hüquqi aktın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarı Milli Məclis deputatlarının 63 səs çoxluğu ilə qəbul edilir.

5.5.Fövqəladə vəziyyətin tətbiq edilməsi barədə normativ hüquqi akt Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmədikdə, o, rəsmi qaydada elan edildiyi andan 48 saat keçdikdən sonra öz qüvvəsini itirir və bu Qanunun 4.2-ci maddəsində nəzərdə tutulan qaydada müvafiq ərazinin əhalisinə bu barədə dərhal məlumat verilir.

Maddə  6. Fövqəladə vəziyyətin qüvvədə olma müddəti

6.1. Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində tətbiq edilən fövqəladə vəziyyətin qüvvədə olma müddəti 60 gündən artıq ola bilməz.

6.2. Bu Qanunun 6.1-ci maddəsində göstərilən müddət bitdikdən sonra fövqəladə vəziyyətin qüvvədə olma müddəti bitmiş hesab olunur. Bu müddət ərzində fövqəladə vəziyyətin tətbiqində nəzərdə tutulan məqsədlərə nail olunmazsa, onun qüvvədə olma müddəti bu Qanunla fövqəladə vəziyyətin tətbiqi üçün nəzərdə tutulmuş tələblərə riayət olunmaqla 60 gündən çox olmayan müddətə artırıla bilər.

Maddə  7. Fövqəladə vəziyyətin ləğv edilməsi

Fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş şərait bu Qanunun 6-cı maddəsində təsbit olunmuş müddət ərzində aradan qaldırıldıqdan sonra müvafiq icra hakimiyyəti orqanı fövqəladə vəziyyəti tam və ya qismən ləğv edir və bu Qanunun 4.2-ci maddəsində nəzərdə tutulan qaydada müvafiq ərazinin əhalisinə bu barədə dərhal məlumat verilir.

III   fəsil

FÖVQƏLADƏ VƏZİYYƏT ŞƏRAİTİNDƏ TƏTBİQ OLUNAN TƏDBİRLƏR VƏ MÜVƏQQƏTİ MƏHDUDİYYƏTLƏR

Maddə 8. Fövqəladə vəziyyətin tətbiqi zamanı həyata keçirilən tədbirlər və müvəqqəti məhdudiyyətlər

8.0. Fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən aşağıdakı tədbirlərin və müvəqqəti məhdudiyyətlərin həyata keçirilməsi nəzərdə tutula bilər:

8.0.1. müvafiq icra hakimiyyəti orqanlarının, eləcə də yerli özünüidarə orqanlarının səlahiyyətlərinin tam və ya qismən dayandırılması;

8.0.2. vətəndaşların hərəkət sərbəstliyinə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həmin əraziyə daxil olmalarına və orada yaşamalarına məhdudiyyətlər qoyulması, gediş-gəlişi nizama salan xüsusi rejimin müəyyən edilməsi;

8.0.3. ictimai asayişin, dövlət mühafizəsi altında olan obyektlərin, habelə əhalinin həyat fəaliyyətini və nəqliyyatın işini təmin edən obyektlərin mühafizəsinin gücləndirilməsi;

8.0.4. ayrı-ayrı maliyyə-iqtisadi fəaliyyət növlərinin həyata keçirilməsinə, o cümlədən malların, xidmətlərin və maliyyə vəsaitlərinin yerdəyişməsinə məhdudiyyətlər qoyulması;

8.0.5. gündəlik tələbat mallarının və ərzağın əldə olunmasında, satışında və bölüşdürülməsində xüsusi rejimin müəyyən edilməsi;

8.0.6. yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri və piketlər, eləcə də digər kütləvi tədbirlərin keçirilməsinə qadağan və ya məhdudiyyət qoyulması;

8.0.7. müəssisə və təşkilatların fəaliyyətinin tətil və ya başqa üsullarla dayandırılmasının qadağan edilməsi;

8.0.8. nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması və onların yoxlanılması;

8.0.9. partlayıcı, radioaktiv, eləcə də təhlükəli kimyəvi və bioloji məhsulları istehsal və istifadə edən təşkilat və müəssisələrin fəaliyyətinin tam və ya qismən dayandırılması;

8.0.10. fövqəladə hallarla əlaqədar olaraq maddi və mədəni sərvətlərin məhv edilməsi, oğurlanması və ya korlanması təhlükəsi qarşısında təhlükəsiz rayonlara köçürülməsi;

8.0.11. komendant saatının tətbiqi, yəni vətəndaşların şəxsiyyətini təsdiq edən sənədlər və xüsusi icazə vərəqələri olmadan, onların günün müəyyən edilmiş vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmalarının qadağan edilməsi;

8.0.12. şərtləri və bu şərtlərin həyata keçirilməsi qaydası göstərilməklə ilkin senzuranın tətbiqi vasitəsilə mətbuatın və digər kütləvi informasiya vasitələrinin azadlığının məhdudlaşdırılması, səsucaldan texniki vasitələrin və surətçıxarma aparatlarının müvəqqəti götürülməsi, jurnalistlərin akkreditə olunmasının xüsusi qaydasının müəyyən edilməsi;

8.0.13. fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş şəraitin aradan qaldırılmasına maneçilik törədən siyasi partiyaların və qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dayandırılması;

8.0.14. vətəndaşların şəxsiyyətini təsdiq edən sənədlərin, onların şəxsi əşyalarının və mənzillərinin yoxlanılması;

8.0.15. silah, döyüş sursatı, xüsusi vasitələr, zəhərli və ya partlayıcı maddələrin satışının məhdudlaşdırılması və ya qadağan olunması, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları və ya tərkibində güclü təsirə malik maddələr olan dərman preparatlarının, etil spirti, spirtli içkilər və tərkibində spirt olan məmulatların dövriyyəsi üzrə xüsusi rejimin yaradılması; müstəsna hallarda fiziki şəxslərdən odlu və soyuq silahın, döyüş sursatının, zəhərləyici və partlayıcı maddələrin, hüquqi şəxslərdən isə həmçinin təlim hərbi texnikasının və radioaktiv maddələrin qanunvericiliklə müəyyən edilmiş qaydada müvəqqəti götürülməsinə yol verilməsi;[2]

8.0.16. fövqəladə vəziyyət rejimini pozan və fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə yaşamayan şəxslərin onların öz hesabına, maddi imkanları olmadıqda isə dövlət büdcəsinin vəsaiti hesabına (bu vəsaitin sonradan qaytarılması şərtilə) həmin ərazinin hüdudlarından çıxarılması;

8.0.17. stasionar və ya müvəqqəti yaşayış yerləri ilə mütləq şəkildə təmin olunması şərtilə əhalinin yaşayış üçün təhlükəli olan rayonlardan müvəqqəti olaraq təhlükəsiz rayonlara köçürülməsi;

8.0.18. karantin tətbiq edilməsi, sanitariya-antiepidemiya, baytarlıq və bu kimi digər tədbirlərin, habelə qanunvericiliklə nəzərdə tutulmuş mülki müdafiə tədbirlərinin həyata keçirilməsi;

8.0.19. dövlətin maddi ehtiyatlarının cəlb edilməsi, mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslərin resurslarının səfərbər olunması, onların iş rejiminin dəyişdirilməsi, göstərilən təşkilatların istehsalının fövqəladə rejim şəraitinə uyğunlaşdırılması və fövqəladə rejim şəraitində istehsal-təsərrüfat fəaliyyətinin münasib surətdə dəyişdirilməsi;

8.0.20. fövqəladə vəziyyətin qüvvədə olduğu dövr ərzində öz vəzifələrini layiqincə yerinə yetirməyən dövlət təsisatlarına rəhbərlik edən şəxslərin vəzifədən azad edilməsi və vəzifələrin müvəqqəti icrası üçün başqa şəxslərin təyin olunması;

8.0.21. əməyin mühafizəsi qaydalarına tam riayət olunması şərtilə qəzaxilasetmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə əlaqədar müstəsna hallarda əmək qabiliyyətli əhalinin səfərbər olunması və vətəndaşların nəqliyyat vasitələrinin cəlb edilməsi;

8.0.22. rabitədən istifadə üçün qoyulmuş xüsusi qaydalara riayət olunması;

8.0.23. fövqəladə vəziyyət şəraitində vəzifəli şəxslərin və vətəndaşların dövlət sirri ilə işləməyə buraxılması qaydasının dəyişdirilməsi. [3]

Maddə 9.  Fövqəladə vəziyyət şəraitində referendumun və ya yerli rəy sorğusunun keçirilməsinin istisna olunması

9.1. Azərbaycan Respublikası ərazisinin 25 faizindən çoxunda fövqəladə vəziyyət elan edildikdə, fövqəladə vəziyyət zamanı, həmçinin fövqəladə vəziyyətin ləğv edilməsindən sonra 3 ay müddətində referendum və ya seçkilər keçirilə bilməz.

9.2. Fövqəladə vəziyyət ləğv edildikdən sonra 3 ay müddətində yerli rəy sorğusu təyin edilə və keçirilə bilməz.

9.3. Fövqəladə vəziyyət elan olunduqdan əvvəl yerli rəy sorğusuna çıxarılmış məsələnin müzakirəsi dayandırılır və təyin edilmiş yerli rəy sorğusu başqa vaxta keçirilir.

Maddə 10.  Fövqəladə vəziyyət şəraitində müvafiq icra hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının aktlarının qüvvəsinin dayandırılması

Müvafiq icra hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının aktları fövqəladə vəziyyətin tətbiq olunduğu ərazidə bu rejimin tətbiqi barədə normativ hüquqi akta zidd olarsa, onların qüvvəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dayandırıla bilər.

IV  fəsil

FÖVQƏLADƏ VƏZİYYƏT REJİMİNİ TƏMİN EDƏN QÜVVƏLƏR VƏ VASİTƏLƏR

Maddə 11. Fövqəladə vəziyyət rejimini təmin etmək üçün istifadə olunan qüvvələr və vasitələr

Fövqəladə vəziyyət rejimini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanlarının qüvvə və vasitələrindən istifadə olunur.

Maddə 12. Fövqəladə vəziyyət rejiminin təmin edilməsi üçün əlavə qüvvə və vasitələrin cəlb olunması

12.1.Fövqəladə vəziyyət tətbiq edilərkən müstəsna hallarda müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə bu Qanunun 11-ci maddəsində nəzərdə tutulan qüvvə və vasitələrdən əlavə, digər müvafiq icra orqanlarının qüvvələrini və vasitələrini cəlb edə bilər.

12.2.Müvafiq icra hakimiyyəti orqanlarının qüvvə və vasitələri aşağıdakı vəzifələrin yerinə yetirilməsi məqsədilə cəlb olunur:

12.2.1. fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə gediş-gəlişin xüsusi rejiminin yaradılması;

12.2.2. əhalinin həyat fəaliyyətinin və nəqliyyatın işini təmin edən obyektlərin, eləcə də insanların həyat və sağlamlığının, həmçinin ətraf mühit üçün böyük təhlükə yaradan obyektlərin mühafizə olunması;

12.2.3. silah, hərbi və xüsusi texnika tətbiq etməklə zorakı hərəkətlərlə müşayiət olunan münaqişələrdə iştirak edən tərəflərin bir-birindən ayrılması;

12.2.4. qanunsuz silahlı birləşmələrin fəaliyyətinə son qoyulmasında iştirak edilməsi;

12.2.5. müvafiq icra hakimiyyəti orqanının qüvvələri tərkibində fövqəladə vəziyyətin tətbiq edilməsi üçün əsas olmuş halların aradan qaldırılmasında və insanların həyatının xilas edilməsində iştirak edilməsi.

12.3. Bu Qanunun 12.2.1-12.2.4-cü maddələrində göstərilən vəzifələri bu Qanunun 12.1-ci maddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçuları bu Qanunun 11-ci maddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçuları ilə birlikdə yerinə yetirirlər. Bu zaman bu Qanunun 12.1-ci maddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının hərbi qulluqçularına bu Qanunun 11-ci maddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının fəaliyyətini tənzimləyən Azərbaycan Respublikası qanunvericiliyinin fiziki qüvvədən, xüsusi vasitələrdən, silahdan, döyüş texnikasından və xüsusi texnikadan istifadə şərtləri, qaydası və hədləri, hərbi qulluqçuların və onların ailə üzvlərinin şəxsi təhlükəsizliyinə, eləcə də onların hüquqi və sosial müdafiəsinə zəmanət verilməsi barədə müddəaları şamil edilir.

Maddə 13. Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantı

13.1. Fövqəladə vəziyyət rejimini təmin edən qüvvə və vasitələrin vahid mərkəzdən idarə olunmasını həyata keçirmək məqsədilə fövqəladə vəziyyətin tətbiq edildiyi əraziyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən komendant təyin olunur.

13.2. Fövqəladə vəziyyət rejiminin tətbiq edildiyi ərazinin komendantı:

13.2.1.öz səlahiyyətləri daxilində fövqəladə vəziyyətin təmin olunması məsələlərinə aid olan və müvafiq ərazidə mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslərin vəzifəli şəxsləri, vətəndaşlar, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, mülki müdafiə orqanlarının, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə orqanların, habelə fövqəladə vəziyyətin tətbiq olunduğu ərazidə yerləşdirilmiş və fövqəladə vəziyyət rejiminin təmin edilməsi üçün əlavə olaraq cəlb edilmiş müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri üçün icra edilməsi məcburi olan əmr və sərəncamlar verir;

13.2.2.komendant saatının vaxtmı və qüvvədə olma müddətini müəyyən edir;

13.2.3.fövqəladə vəziyyətin tətbiq edildiyi əraziyə gediş-gəlişin xüsusi rejimini müəyyənləşdirir;

13.2.4. silah, döyüş sursatı, dərman vasitələri və tərkibində narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları və ya güclü təsir göstərən preparatlar, etil spirti, spirtli içkilər və tərkibində spirt olan məmulatların satışının xüsusi rejimini müəyyən edir;[4]

13.2.5.bu Qanunun 8.0.15-ci maddəsinə uyğun olaraq götürülmüş silah, döyüş sursatı və hərbi texnikanın saxlanma yeri və qaydasını müəyyən edir;

13.2.6.fövqəladə vəziyyət rejimini pozmuş və bu ərazidə qeydiyyatda olmayan şəxsləri fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin hüdudlarından çıxarır;

13.2.7. fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş tədbirlərin və müvəqqəti məhdudiyyətlərin tətbiq olunmasının zəruriliyi təklifi ilə müvafiq icra hakimiyyəti orqanına müraciət edir;

13.2.8.kütləvi informasiya vasitəsilə müvafiq ərazinin əhalisini fövqəladə vəziyyət şəraitində tətbiq olunan ayrı-ayrı tədbirlərin yerinə yetirilməsi qaydası barədə məlumatlandırır;

13.2.9.fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə jurnalistlərin akkreditə olunmasının xüsusi qaydasını və onların iş rejimini müəyyənləşdirir.

13.3.Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantı həmin ərazidə fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının bütün iclaslarında iştirak etmək və bu Qanunla, həmçinin Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə onun səlahiyyətlərinə aid olan məsələlərə dair təkliflər irəli sürmək hüququna malikdir.

13.4.Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantı həmin ərazinin komendantlığına rəhbərliyi həyata keçirir. Komendantlığın fəaliyyəti qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

13.5.Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə komendantlığın yaradılması və həmin ərazidə fəaliyyət göstərməsi müvafiq icra hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının fəaliyyətini dayandırmır.

Maddə 14. Fövqəladə vəziyyət rejimini təmin edən qüvvə və vasitələrin fəaliyyətinin əlaqələndirilməsi

14.1. Fövqəladə vəziyyət rejimini təmin edən qüvvə və vasitələrin fəaliyyətinin əlaqələndirilməsi üçün fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantlığının tərkibində müvafiq icra hakimiyyəti orqanı tərəfindən fövqəladə vəziyyət rejimini təmin edən orqanların nümayəndələrindən ibarət birləşmiş əməliyyat qərargahı yaradılır.

14.2. Birləşmiş əməliyyat qərargahına fövqəladə vəziyyətin tətbiq olunduğu ərazinin komendantı rəhbərlik edir.

Maddə 15.   Fövqəladə vəziyyət rejiminin təmin olunmasında iştirak edən şəxslərə əlavə güzəştlərin və kompensasiyaların müəyyən edilməsi və onların qeydə alınması

15.1.Müvafiq icra hakimiyyəti orqanlarının fövqəladə vəziyyət rejiminin təmin olunmasında iştirak etmiş əməkdaşlarına, hərbi qulluqçularına, eləcə də digər şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əlavə güzəştlər və kompensasiyalar müəyyən edilə bilər.

15.2.Bu Qanunun 15.1-ci maddəsində göstərilmiş şəxslərin qeydiyyata alınması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada həyata keçirilir.

V   fəsil

FÖVQƏLADƏ VƏZİYYƏTİN TƏTBİQ EDİLDİYİ ƏRAZİDƏ XÜSUSİ İDARƏETMƏ

Maddə 16. Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə xüsusi idarəetmə orqanları

16.0. Fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş şəraitin aradan qaldırılması üçün işləri əlaqələndirməkdən ötrü, habelə fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin müvafiq icra hakimiyyəti orqanları öz funksiyalarını lazımınca yerinə yetirmədikdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə aşağıdakı xüsusi idarəetmə orqanları yaradıla bilər:

16.0.1. fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə müvəqqəti xüsusi idarəetmə orqanı;

16.0.2. fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə mərkəzi idarəetmə orqanı.

Maddə 17.  Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə müvəqqəti xüsusi idarəetmə orqanı

17.1.Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə müvəqqəti xüsusi idarəetmə orqanı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddətdə və təsdiq etdiyi Əsasnaməyə uyğun fəaliyyət göstərir.

17.2.Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə müvəqqəti xüsusi idarəetmə orqanına həmin ərazidə fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının səlahiyyətləri tam və ya qismən verilə bilər.

17.3.Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə müvəqqəti xüsusi idarəetmə orqanının rəhbəri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantı həmin ərazidə müvəqqəti xüsusi idarəetmə orqanının rəhbərinə tabe olur və vəzifəsinə görə onun birinci müavini olur.

Maddə 18. Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə mərkəzi idarəetmə orqanı

18.1.Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə müvəqqəti xüsusi idarəetmə orqanı öz funksiyalarını lazımınca yerinə yetirə bilmədiyi halda, həmin ərazidə mərkəzi idarəetmə orqanı yaradıla bilər. Belə olduqda fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə müvəqqəti xüsusi idarəetmə orqanı öz fəaliyyətini dayandırır.

18.2.Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə mərkəzi idarəetmə orqanının rəhbəri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə mərkəzi idarəetmə orqanı haqqında Əsasnamə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.

18.3.Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə mərkəzi idarəetmə orqanının yaradılması ilə həmin ərazidə xüsusi idarəetməni tətbiq edərkən bu ərazidə fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin həyata keçirilməsi dayandırılır, onların funksiyaları isə mərkəzi idarəetmə orqanı tərəfindən həyata keçirilir.

18.4.Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə mərkəzi idarəetmə orqanı yaradılarkən fövqəladə vəziyyətin tətbiq olunduğu ərazinin komendantlığı mərkəzi idarəetmə orqanının struktur tərkibinin bir hissəsi olur. Göstərilən ərazinin komendantı vəzifəcə fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə mərkəzi idarəetmə orqanı rəhbərinin birinci müavini olur.

Maddə 19.  Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə xüsusi idarəetmə orqanlarının aktları

19.1.Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə yaradılan xüsusi idarəetmə orqanları öz səlahiyyətləri daxilində fövqəladə vəziyyət rejiminin təmin olunması məsələlərinə dair icra olunması məcburi sayılan əmr və sərəncamlar vermək hüququna malikdir.

19.2.Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə yaşayan və olan fiziki və hüquqi şəxslər və vəzifəli şəxslər həmin ərazidə yaradılan xüsusi idarəetmə orqanlarına hərtərəfli kömək göstərməli və fövqəladə vəziyyətin tətbiqinə səbəb olmuş şəraitin aradan qaldırılması məsələlərinə dair verilən əmr və sərəncamları yerinə yetirməlidirlər.

Maddə 20. Fövqəladə vəziyyətin tətbiqinə səbəb olmuş şəraitin səbəb və nəticələrinin aradan qaldırılması üzrə aparılan işlərin maliyyələşdirilməsi

20.1. Fövqəladə vəziyyətin tətbiqinə səbəb olmuş şəraitin aradan qaldırılması ilə əlaqədar dövlət tərəfindən cəlb olunan ehtiyatların həcmi, aparılan işlərin maliyyələşdirilməsinin və maddi-texniki təminatının ölçüləri və qaydası, o cümlədən fövqəladə vəziyyətin tətbiqinə səbəb olmuş şərait nəticəsində zərər çəkmiş vətəndaşlara sosial ödənişlərin və kompensasiyaların, eləcə də bu Qanunun III fəslində nəzərdə tutulan digər tədbirlərin görülməsi ilə əlaqədar sakinlərin müvəqqəti olaraq təhlükəsiz rayonlara köçürülməsi tədbirlərinin maliyyələşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

20.2.Bu Qanunun 20.1-ci maddəsində göstərilmiş tədbirlərin maliyyələşdirilməsi dövlət büdcəsi hesabına həyata keçirilir.

20.3.Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə xüsusi idarəetmə orqanlarına fövqəladə vəziyyətin qüvvədə olduğu müddətdə həmin ərazidə yerləşən həyat təminatı obyektlərinə, sosial sahəyə və mənzil fondu obyektlərinin bərpasına yönəldilən büdcə ayırmalarına müəyyən olunmuş qaydada sərəncam vermək funksiyası verilə bilər.

VI  fəsil

FÖVQƏLADƏ VƏZİYYƏT ŞƏRAİTİNDƏ FİZİKİ VƏ HÜQUQİ ŞƏXSLƏRİN HÜQUQLARININ TƏMİNATI, FİZİKİ VƏ HÜQUQİ ŞƏXSLƏRİN VƏ VƏZİFƏLİ ŞƏXSLƏRİN MƏSULİYYƏTİ

Maddə 21.  Fövqəladə vəziyyət şəraitində tədbirlərin və müvəqqəti məhdudiyyətlərin həyata keçirilməsi hədləri

21.1.Fövqəladə vəziyyət şəraitində müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının səlahiyyətlərinin, eləcə də mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin, vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının məhdudlaşdırılmasını nəzərdə tutan və tətbiq edilən tədbirlər Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, digər qanunvericilik aktları və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə müəyyən edilmiş qaydada, yaranmış vəziyyətin kəskinliyindən irəli gələn hədlər çərçivəsində həyata keçirilir.

21.2.Bu Qanunun 21.1-ci maddəsində göstərilən tədbirlər Azərbaycan Respublikasının insan hüquqları sahəsində tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərə uyğun gəlməli və irqinə, milliyyətinə, dilinə, cinsinə, mənşəyinə, əmlak vəziyyətinə, qulluq mövqeyinə, əqidəsinə, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətinə və s. səbəblərə görə ayrı-ayrı şəxslərin və əhalinin ayrı-ayrı qruplarının ayrıseçkiliyinə səbəb olmamalıdır.

Maddə 22.  Fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində bütün hüquqi və fiziki şəxslərin əmlak və sosial hüquqlarının təminatları

22.1.Bu Qanunun 8.0.21-ci maddəsinə əsasən qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin yerinə yetirilməsi və təmin edilməsi üçün səfərbər olunmuş şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalar əsasında əməyə görə ödəniş verilir.

22.2.Fövqəladə vəziyyətin tətbiqi üçün əsas olmuş hallar nəticəsində və ya həmin halların, yaxud onların nəticələrinin aradan qaldırılması üçün müvafiq tədbirlərin tətbiq edilməsi ilə əlaqədar zərər çəkmiş şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada yaşayış yerləri verilir, dəymiş maddi zərər ödənilir, işə düzəlmək üçün yardım və digər zəruri kömək göstərilir.

22.3. Bu Qanunun 8.0.19-cu maddəsinə əsasən əmlak və resursları sərf olunan təşkilatlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə dəymiş zərərin ödənilməsi hüququna malikdirlər.

Maddə 23.  Fiziki qüvvənin, xüsusi vasitələrin, silahların, döyüş texnikasının və xüsusi texnikanın tətbiq olunma qaydası və şərtləri

Fiziki qüvvənin, xüsusi vasitələrin, silahların, döyüş texnikasının və xüsusi texnikanın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş tətbiqi qaydası fövqəladə vəziyyət şəraitində dəyişdirilə bilməz.

Maddə 24. Fövqəladə vəziyyət rejimini pozmuş şəxslərin inzibati qaydada tutulması qaydası

24.1. Fövqəladə vəziyyət rejiminin pozulması hallarında fövqəladə vəziyyət elan olunmuş ərazinin komendantı və ya xüsusi idarəetmə orqanının vəzifəli şəxsləri tərəfindən inzibati qaydada tutmaya aşağıda göstərilən müddət ərzində yol verilir:

24.1.1.xüsusi verilmiş icazə vərəqələri olmadan komendant saatı vaxtında küçələrdə və başqa ictimai yerlərdə olma hallarında – komendant saatı bitənədək;

24.1.2.üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və başqa ictimai yerlərdə olma hallarında – tutulanın şəxsiyyəti müəyyən edilənədək;

24.1.3.fövqəladə vəziyyət rejiminin pozulmasının digər hallarında – 3 saatadək müddətə.

24.2. İnzibati qaydada tutma barədə qərardan yuxan səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edilə bilər.

Maddə 25.  Fövqəladə vəziyyət şəraitində təhlükəli yoluxucu xəstəliklərə tutulmaq təhlükəsi ilə əlaqədar görülən tədbirlər

Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə insanların, heyvanların və bitkilərin təhlükəli yoluxucu xəstəliklərə tutulmaq təhlükəsi ilə üzləşməsi nəticəsində karantin tətbiq olunduğu halda bu Qanunun 8.0.16-cı maddəsinə müvafiq şəkildə həmin ərazidən çıxarılmalı olan şəxslər belə vətəndaşlar üçün müəyyən olunmuş nəzarət müddəti bitənədək ümumi əsaslarla saxlanılırlar.

Maddə 26. Fövqəladə vəziyyət rejiminin tələblərini pozmağa görə məsuliyyət

Fövqəladə vəziyyət rejiminin bu Qanunla müəyyən olunmuş tələblərini pozmağa görə bütün fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşıyırlar.

Maddə 27. Fövqəladə vəziyyət müddətinin bitməsinin hüquqi nəticələri

27.1. Fövqəladə vəziyyət rejiminin təmin olunması məqsədilə vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının, eləcə də mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin müvəqqəti məhdudlaşdırılması ilə əlaqədar qəbul olunmuş normativ hüquqi aktlar fövqəladə vəziyyət rejiminin müddətinin bitməsi ilə eyni vaxtda bu barədə xüsusi məlumat verilmədən qüvvəsini itirmiş hesab olunur.

27.2. Fövqəladə vəziyyət rejiminin müddətinin bitməsi bu rejimin tələblərinin pozulması ilə əlaqədar inzibati xətalar haqqında iş üzrə icraata xitam verilməsi və göstərilən əsaslarla inzibati qaydada tutulan şəxslərin dərhal azad olunması ilə nəticələnir.

Maddə 28.   Fövqəladə vəziyyət rejiminin təmin olunmasında iştirak edən şəxslərin məsuliyyəti

Müvafiq icra hakimiyyəti orqanlarının əməkdaşları və hərbi qulluqçuları tərəfindən fiziki qüvvənin, xüsusi vasitələrin, silahın, hərbi və xüsusi texnikanın qanunsuz tətbiq olunması, eləcə də fövqəladə vəziyyət rejimini təmin edən vəzifəli şəxslərin xidməti səlahiyyətlərini aşması, o cümlədən insan və vətəndaşların hüquq və azadlıqlarının pozulması Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

Maddə 29.   Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə ədalət mühakiməsinin həyata keçirilməsi

Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə ədalət mühakiməsinin birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilməsi qeyri-mümkün olduqda, bu səlahiyyət Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə verilə bilər.

VII   fəsil

YEKUN MÜDDƏALAR

Maddə 30. Fövqəladə vəziyyətin tətbiqi və onun qüvvədə olma müddətinin bitməsi barədə Birləşmiş Millətlər Təşkilatının və Avropa Şurasının məlumatlandırılması

30.1. Bu Qanuna əsasən fövqəladə vəziyyət tətbiq edildiyi halda müvafiq icra hakimiyyəti orqanı “Mülki və siyasi hüquqlar haqqında” 1966-cı il tarixli Beynəlxalq Pakta və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” 1950-ci il tarixli Avropa Konvensiyasına müvafiq olaraq 3 gün müddətində Birləşmiş Millətlər Təşkilatının Baş katibini və Avropa Şurasının Baş katibini vətəndaşların hüquq və azadlıqlarının müvəqqəti məhdudlaşdırılması, bu məhdudlaşdırılmaların həcmi və belə qərarın qəbul olunmasının səbəbləri barədə məlumatlandırır.

30.2. Müvafiq icra hakimiyyəti orqanı bu Qanuna uyğun olaraq fövqəladə vəziyyət müddətinin bitməsi barədə Birləşmiş Millətlər Təşkilatının Baş katibini və Avropa Şurasının Baş katibini məlumatlandırır.

Maddə 31. Fövqəladə vəziyyətin tətbiq edilməsi barədə həmsərhəd dövlətlərin məlumatlandırılması

Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində fövqəladə vəziyyət tətbiq edildiyi halda müvafiq icra hakimiyyəti orqanı fövqəladə vəziyyət tətbiq edilməsi barədə normativ hüquqi aktın Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildiyi andan 24 saat müddətində və vəziyyətin tətbiqinə səbəb olmuş şərait barədə həmsərhəd dövlətləri məlumatlandırır.

(pravda.az)

Check Also

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım – FOTO

“Mən və atam teraktdan zərərçəkənlər üçün 100 milyon köçürdük”. Boyukmillet.com bildirir ki, bu sözləri Xalq artisti …