Ən müxtəlif “obrazlar”da meydana çıxarılan və Azərbaycana qarşı qaralama kampaniyasında “ön cərgəyə” qoyulan “dindar qadınlar”ın son günlərdə aktivləşməsinin şahidi oluruq. Müxtəlif saytlarda, əsasən də sosial şəbəkələrdə, YouTube kanallarında bu “aktiv islamçıları, hüseynçiləri, zeynəbçiləri” görürük.
Bir neçə gün əvvəl “Zeynəbcilər meydandadır” adı altında Azərbaycana qarşı təxribat xarakterli fikirlər səsləndirən başı çarşablı “mömin qadının” əsl kimliyi bəlli olub. Bu qadın gah zeynəbçi, gah hüseynçi, gah ləzgi, gah tat, gah talış, gah da başqa bir xalqın nümayəndəsi kimi özünü qələmə verirdi. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, bu qadının adı Marietta Kərimovadır (Vartanyan). Qeyd edilənə görə, atası əslən Qazax rayonundan olan azərbaycanlı, anası ermənidir. Mariettanın bir müddət Qazax Dövlət Teatrının aktrisası olduğu yazılır. Ərindən boşandıqdan sonra qastrollardan birində İrəvan teatrının rejissoru Vartan Vardanyanla tanış olaraq ona ərə gedib və İrəvana köçüb. Orda müharibə dövründə “İlhamə Cəfərzadə” adı altında təxribatçı verilişlər apardığı deyilir. Özünü gah gəncəli, gah qarabağlı, gah tat, gah ləzgi, gah da talış kimi qələmə verən M.Vartanyan, qeyd etdiyimiz kimi, son zamanlar YouTube-da çox fəallaşıb. Bir sıra təxribatlarda yaxından iştirak edən M.Vartanyan son zamanlar başına hicab örtüb özünü “şiə Hüseyn təəssübkeşi” kimi qələmə verir. Məlumatlara görə, bu erməni erməni xüsusi xidmət orqanları tərəfindən yaradılmış saxta virtual “Hüseynçilər” təşkilatına tərəfdar yığmaqla məşğuldur.
- “Nəzərə alaq ki, bu adamın uzun müddət Ermənistanda Azərbaycana qarşı…”
İctimai Siyasi Proseslərin Beynəlxalq Arşdırılması Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycanın daxilində qarışılıq yaratmaq üçün müxtəlif dövlətlərin, xüsusən də Ermənistan və İranın hazırladığı və illərdir istifadə etdiyi təxribat planları var. Vartantan kimiləri isə bu çirkin planları “həyata keçirmək”lə məşğuldur. Belələrinin Ermənistan və İran xüsusi xidmət orqanlarının “əsəri” olduğunu deyən S.Adıgözəllinin sözlərinə görə, Vartanyan kimiləri bizim ölkədə qarışıqlıq, məzhəb ayrıseçkiliyi, “əzilən dindar” obrazı yaratmaq tapşırığı alıblar və bunu “icra etməyə” cəhd edirlər, lakin Azərbaycan cəmiyyəti belə “təriqətçi”lərin toruna düşəcək cəmiyyət deyil: “Vartanyan çoxdandır görünmürdü. Azərbaycan və İran arasında münasibətlər gərginləşdikdən sonra “mömin qadın” kimi “Zeynəbçilər meydandadır” təşkilatının adından ortaya çıxdı və təxribatçı fikirlər, hədyanlar səsləndirməyə başladı. “Huseyncilər”, “Zeynəbçilər” adı altında Azərbaycana qarşı çirkin videotəbliğat aparanlar arasında xüsusi fəallıq göstərənlərdən olan Marietta Vartanyanın ifşa olunması yaxşı haldır. Çünki onun kimiləri bizim üçün həssas olan din amilindən istifadə edərək insanlarımızın beynini yumağı hədəfləyir. İfşa edilən Marietta Vartanyan kimi “mömin qadın”ların Ermənistan xüsusi xidmət orqanları tərəfindən meydana çıxarıldığı aydın görsənir”.
Vartanyan kimilərinin erməni xüsusi xidmət orqanları tərəfindən hazırlandığı və istənilən situasiyada meydana çıxarıldığını deyən S.Adıgözəlli hesab edir ki, Mariettanın vaxtilə Qazax Dövlət Dram Teatrının aktrisası olması, Azərbaycan dilini bilməsi erməni xüsusi xidmət orqanlarının işinə yarayıb. “Nəzərə alaq ki, bu adamın uzun müddət Ermənistanda Azərbaycana qarşı verilişlər apardığı meydana çıxıb. O, aktrisa olub və dondan-dona, roldan-rola girməyi bacardığı üçün bu qədər təxrbatların aparıcı insanlarından olub. Azərbaycana qarşı çirkin kampaniya aparan hər bir insan tez bir zamanda ifşa olubub, təxribatçı erməni qadınının da ifşa olunması təbiidir.
44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı qələbədən huşunu itirən Ermənistan ayıldıqdan sonra yenidən təxribatlarını davam etdirir. Mən cəmiyyətimizi ayıq-sayıq olmağa çağırıram. Hesab edirəm ki, belələrinə qarşı xalq olaraq birgə mübarizə aparmalıyıq”-deyə İSBAM sədri qeyd etdi.
İradə SARIYEVA