Azərbaycanda koronavirus şübhəsi ilə 186 nəfər müşahidə altına alınıb. Buna baxmayaraq, Səhiyyə Nazirliyi ölkədə koronavirusa yoluxma halının qeydə alınmadığını bəyan edib. Bu isə müxtəlif söz-söhbətlərin meydana çıxmasına səbəb olub. Sosial şəbəkələrdə virusun Azərbaycanda olduğu, lakin əhalidə təşviş yaratmamaq üçün bu barədə rəsmi məlumat verilmədiyini yazanlar var.
Vətəndaş və İnkişaf Partiyasının sədri, biologiya elmləri namizədi, Azərbaycan Tibb Universitetinin müəllimi Əli Əliyev Yenisabah.az-a açıqlamasında bildirib ki, bu barədə rəsmi məlumatların verilməməsi düzgün deyil.
Onun sözlərinə görə, əgər ölkədə koronavirus yayılıbsa, bunu cəmiyyətə açıqlamalı, profilaktik tədbirlər görülməlidir:
“Əlimdə bu barədə dəqiq dəlil, məlumat yoxdur. Çox təəssüflər olsun ki, rəsmi məlumatlar da azdır. Amma necə ola bilər ki, koronavirus Azərbaycanda olmasın? Axı Gürcüstanda 4 nəfər Azərbaycan vətəndaşı hospitala yerləşdirilib. Ona görə koronavirusun Azərbaycanda olmaması xəbəri inandırıcı deyil. Bu hal varsa, gizlədilməsi yanlışdır. Rəsmi məlumat verilməlidir. Düzdür, mən panikanın, cəmiyyətdə təşviş yaradılmasının əleyhinəyəm. Məsələlərə obyektiv baxılmalıdır. Məsələn, Cənubi Koreya virusun vaksini tapılmayana qədər bütün sərhədlərini bağlayıb. Türkiyə də sərhədlərini bağlayıb. Yəni, dövlətlər bu virusa görə tədbirlər görürlər. Ancaq Azərbaycanda heç bir qabaqlayıcı tədbir görülmür. Hətta ölkədə virus olmasa belə, hökümət bu tədbirləri görməlidir. Təəssüflər olsun ki, hökümətin davranışı təhlükəyə adekvat deyil. Ən azından maarifləndirmə sahəsində görülən işlər qənaətbəxş deyil. Hər halda mən düzgün addımların atıldığını görmürəm. Ən azından cəmiyyət maarifləndirilməlidir, insanlar baş verənlərdən məlumatlı olmalıdırlar. Maskaların, spirtlərin qiymətinin qaldırılması və ya bu məhsulların apteklərdə tükənməsi Azərbaycanda dərman preparatlarının istehsalı sahəsində olan boşluqları göstərir. Çünki Azərbaycanın ixracdan asılı olması dövlət təhlükəsizliyi məsələsidir”.