Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Azərbaycanda müəmmalı rekord: MİDA 5 saniyəyə 500 mənzil satdı — Vətəndaşlardan böyük NARAZILIQ


Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tikib satışa çıxardığı  Yasamal yaşayış kompleksinin ikinci mərhələsi bu gün başa çatıb.

Boyukmillet.com “demokrat.az”-a istinadən xəbər verir ki, MİDA-nın güzəştli mənzillərlə bağlı Yasamal rayonundakı yaşayış kompleksi üzrə keçirilən növbəti yarışda iştirakçıların əksəriyyəti bir neçə saniyə ərzində evlərin yoxa çıxmasından şikayət edirlər.

Vətəndaşlar 500-ə yaxın mənzilin müəmmalı şəkildə 3-4 saniyədə satıldığını deyirlər.

Misal üçün, Amin Nəzərli adlı vətəndaş da qeyd edir ki, onlayn yolla aparılan seçimdə bir insanın fiziki olaraq bunu bacarması mümkünsüzdür:

“Həmişəki kimi uzun illər müəllim işləyənlər, gənc ailələr, elm adamları və bir çox layiqli şəxslər layihədən uzaq və evsiz qaldı. Qurulan ədalətsiz seçim prinsipi davam etdi. Maklerlər işi biznesə çeviriblər, xüsusi yollarla evləri udub 10-15 min bahasına satırlar. MİDA-nın xəbəri yoxdur (bəlkə də var). Yəni, qısaca MİDA-ya bir NİDA!”.

Aqşin Ağayev adlı digər iştirakçı da MİDA-nın təşkil etdiyi satışın şəffaf keçirilmədiyini deyir:

“Mənzil İnşaat Dövlət Agentliyi Yasamal rayonunda 2-ci dəfə mənzillərin satışına bu gün saat 11:00-da start verib. Ev almaq istəyən şəxslərin deyərdim ki, 90 faiz qismi proqramçılarla müraciət edib. Hazırda demək olar ki, hər kəs ev ala bilmədikləri üçün narazılıq edir. Hətta, bu prosesi 6, 7, 8, 9 saniyə ərzində etməsinə baxmayaraq. Belə çıxır ki, bu mənzilləri almaq üçün ya bir sehr ya da ilahi qüvvələrin köməyindən istifadə etmək lazımdır. Bu prosesin tam şəffaf olduğunu MİDA necə sübut edə bilər? Və ya hardan izləmək mümkündür?
 “Sosial ev”, “güzəştli mənzil” hesab edilən evlərdən yararlanmaq bu qədər çətin olmamalıdır!”.

Elman Mütəllim adlı başqa bir iştirakçı isə MİDA-nın təşkil etdiyi satışı “açıq alver” adlandırıb.

Onun sözlərinə görə, ilkin mərhələ üçün üçün satışa çıxarılmış sosial evlərin birinci mərhələsi uğursuz olub:

“Komanda üzvümüzdən yalnız bir nəfər qalib gələ bildi. Ən uzunmüddətli seçimimiz 9 saniyə olsa da (Bu ən yüksək göstəricilərdəndir) uğur qazana bilmədik. Əgər burada açıq-aşkar alver getmirsə, biz də birşey bilmirik. Allah sizə min lənət eləsin. Kasıbın, ehtiyacı olanların haqqına girdiniz yenə. 8 saniyəyə seçimimizi qəbul etməyən sisteminiz başınıza dəysin. Əgər deyirsinizsə ki, bacarmadınız, sizin ümumi proqramçılarınıza masterclass keçəcək komandayla girmişdik seçimlərə (5-ci saniyədə bloklanmışdı seçimlər). And olsun allaha, açıq alver etdilər. Bütün sistem bloklandı, tanıdığım bütün seçimə girənlərin hər biri məyus oldu. Bu dərəcədə olmamışdı heç. İlkin mərhələ belə getdi. Növbəti seçimdə öz adıma da iştirak edəcəm. Amma bu gedişlə heçnə udmaq olmaz. Xahiş edirəm, bu işi görən proqramçılar, işıqlandırın, qorxmayın”, – deyə Elman adlı iştirakçı əlavə edib.

Tanınmış jurnalist Afət Yaqubova isə qeyd edib ki, bu günün gündəmi 5 saniyəyə 500 ev satan MİDA ola bilər.

Qeyd edək ki, MİDA-nın güzəştli mənzillərlə bağlı Yasamal rayonundakı yaşayış kompleksi üzrə keçirilən növbəti yarışı ilə bağlı vətəndaşların şikayətlər yüzlərlədir.

Vətəndaşların narazılıqları ilə bağlı MİDA rəhbərliyi telefon zənglərimizə cavab verməyib. 

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …