Koronavirus pandemiyasının yaratdığı çətinliklər bütün dünyaya bəllidir və danılmazdır. Ancaq bu müddət ərzində insanların özünütəcrid proqramı çərçivəsində müəyyən mənada çoxlu müsbət cəhətləri də əxz etdiyi məlum olur.
Məsələn, vətəndaşlarımız israfçılıqla bağlı olan müəyyən yas və toy məclislərinin dəbdəbəsiz də keçirilməsinin mümkünlüyünü dərk etdilər. Məlum oldu ki, bu cür xeyir və şər mərasimlərində mütləq deyil ki, yüzlərlə, bəzən isə minlərlə adam iştirak etsin. Belə addımlar həm də vətəndaşlarımızın büdcəsinə ziyan vurur. Cəmiyyətdə tez-tez belə təkliflər edilir ki, yas və toylarla bağlı indiki məhdudiyyət normaları pandemiyadan sonrakı dönəm üçün də tətbiq edilsin. Buna ekspertlər necə yanaşır?
- Fazil Mustafa: “İsrafsız dini mərasimləri bir ənənəyə çevirmək artıq dövlətin həm təbliğat, həm də tətbiqat baxımından görəcəyi ən vacib işlərdən biridir”
Millət vəkili Fazil Mustafanın sözlərinə görə, ay yarımdır insanlar sakitcə, təmtəraqsız, mollaların at oynatdığı məclislərdən uzaq ölüsünü dəfn edib, gəlib evində gələcək qayğıları ilə məşğul olurlar:”Mənasız 7, 40, il mərasimlərinə xərclənən pulları da ciblərində qalıb. Müasir texnologiyanın köməyi ilə, yaxud da sosial şəbəkədə “Allahdan rəhmət!” diləməklə israfçılığın da qarşısı alınıb. İndi hünər odur ki, bunu dəstəkləməyən dinçilərin müqavimətini qıraraq epidemiya təhlükəsindən sonra da elə bu cür davam edilsin. İsrafsız dini mərasimləri bir ənənəyə çevirmək artıq dövlətin həm təbliğat, həm də tətbiqat baxımından görəcəyi ən vacib işlərdən biridir”.
- İlqar Hüseynli: “İnsanlar gördülər ki. kütləvilik, dəbdəbə olmadan toy da etmək olur, yası da yola vermək mümkündür”
Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli də bu qadağaların davam etməsinin tərəfdarıdır:“Bu məsələ qanunla tənzimlənməlidir. Neçə illərdir ki, xeyir və şər məclislərindəki israfın qarşısının alınması ilə bağlı müzakirələr gedir. Biz də bunun nizama salınmasını istəmişik. Ancaq hiss olunurdu ki, həmin eybəcər forma alan israfın qarşısının alınmamasında maraqlı olan qüvvələr var. Açıq deyim ki, bunun başında məmur və imkanlı adamlardan ibarət olan monopolistlər durur. Çünki ölkədə fəaliyyət göstərən xeyr-şər evləri və şadlıq saraylarının çoxu bilavasitə və ya dolayısı ilə məmurlara məxsusdur. Bununla bağlı inzibati mexanizmlər olmalıdır. Yalnız maarifləndirmə ilə belə qadağaların tətbiqi mümkün deyil. Pandemiyadan sonra məsələni Milli Məclisin müzakirəsinə çıxarmaq lazımdır. Orda qanun şəklində müzakirə edilib qəbul olunsun. Təəssüflə qeyd etməliyəm ki, yas mərasimlərində israfın qarşısını almaq üçün indiyə kimi nüfuzlu dini təşkilatların fətfasına rast gəlməmişik. Bu səbəbdən da qanunları sərtləşdirib, israfın qarşısını bu üsulla almalıyıq. Bu dönəm insanlara həmin mərhələ üçün adaptasiya imkanlarını verdi. İnsanlar gördülər ki. kütləvilik, dəbdəbə olmadan toy da etmək olur, yası da yola vermək mümkündür. Bir telefon zəngi ilə başsağlığı vermək olursa, niyə sadələşdirməyək? Bunu həyat normasından çıxarıb, ictimai münasibətlər kontekstinə daxil etməyimiz lazımdır”.
Məhəmmədəli QƏRİBLİ