Cümə , 21 Fevral 2025
Drone Cameras

Azərbaycanın bir sıra xəbər saytlarına haker hücumu olub

Saytların özünü “hüseynçilər” adlandıran qrupun haker hücumuna məruz qaldığı bildirilir

Azərbaycanda bir sıra xəbər saytlarının kütləvi haker hücumuna məruz qaldığı bildirilir.

Hazırda həmin saytların fəaliyyətində problemlər yaranıb, giriş məhdudlaşıb.

Hücuma məruz qalan KİV-lər “Global Media Group” MMC-nin tərkibinə daxil olan “Report” İnformasiya Agentliyi, “Oxu.az”, “Media.az”, “Baku.ws”, “Caliber.az” xəbər saytları, “Baku TV” internet televiziyası, eləcə də “Azpolitika.info” saytıdır.

“Global Media Group” MMC-nin tərkibinə daxil olan xəbər saytlarının Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən maliyyələşdirildiyinə dair məlumatlar mövcuddur. Adıçəkilən xəbər saytları hakimiyyətin təbliğatını aparan tərəfli media resursları hesab olunur.

Hakerlər hücum etdikləri saytların əsas səhifələrini dəyişərək (deface) özünü “Azərbaycan İslam Müqavimət Hərəkatı” kimi ifadə edən “Hüseynçilər” adlandıran qrupun loqosunu yerləşdiriblər.

Təşkilat İran tərəfindən maliyyələşdirilir və dəstəklənir. Hücumun İran hakerləri tərəfindən edildiyi bildirilir.

Loqonun altında isə “Quran”ın “Həcc” surəsi, 39-cu ayəsi mesaj kimi yerləşdirilib:

“Müharibə edilənlərə zülmə məruz qaldıqları üçün döyüş icazəsi verilmişdir. Həqiqətən, Allah onlara qələbə çalmağa qadirdir”.

Məsələ ilə bağlı “Global Media Group” açıqlama yayıb. Açıqlamada deyilir ki, kütləvi kiberhücumların qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir.

“Xüsusi qeyd etmək istərdik ki, bu adi DDoS (xidmətdən imtina hücumu- red.) hücumu yox, peşəkar, hərtərəfli kiberhücumdur”.

“Eyni zamanda, bütün bu hücumlarla bağlı səlahiyyətli qurumlara məlumat verilib. Problemin aradan qaldırılması istiqamətində işlər aparılır”, – açıqlamada deyilir.

Check Also

Fəxrəddin Altun: Bu, rabitə və media sahəsində əməkdaşlığımız üçün hərtərəfli yol xəritəsidir

Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti cənab İlham Əliyevin nəzarəti ilə imzaladığımız “Türkiyə …