Cümə , 22 Noyabr 2024
Drone Cameras

Azərbaycanın Ermənistanı COP29-a dəvət etdiyi bildirilir

Rəsmi Yerevan dəvəti sülh prosesi üçün faydalı sayır

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Bakıdan COP29 konfransında iştirak etmək üçün dəvət aldığı bildirilir.

Bu barədə oktyabrın 25-də Ermənistanın xarici işlər nazirinin müavini Paruyr Ovanisyan yerli mediaya danışıb.

Nazir müavininin sözlərinə görə, hazırda hökumətdə Ermənistanın COP29 konfransında iştirakı məsələsi müzakirə olunur:

“Bu məsələ həm sülhün bərqərar olması, humanitar məsələlərin həlli, həm də tədbirin gündəliyi ilə bağlı bir neçə aspektdə müzakirə olunur. Bilirsiniz ki, bu, iqlim dəyişikliyinə həsr olunmuş ən nüfuzlu beynəlxalq tədbirdir. Sadaladığım bütün halları nəzərə alaraq, biz tezliklə Ermənistanın hansı səviyyədə təmsil olunacağına qərar verəcəyik”.

Ararat Mirzoyanın COP29-da iştirakının mümkün olub-olmaması ilə bağlı suala Ovanisyan cavab verib ki, onlar heç bir variantı istisna etmirlər:

“Hər şey yaxın həftələrdə baş verəcək hadisələrdən asılıdır”.

Noyabrın 11-dən 22-dək Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyası keçiriləcək.

Bununla əlaqədar Bakıda bəzi məhdudiyyət və qadağaların tətbiqinə başlanılıb.

Azərbaycandakı müstəqil ekspertlər hesab edirlər ki, bu, indiyədək ölkənin ev sahibliyi edəcəyi ən böyük tədbirdir və Bakı buna infrastruktur baxımından hazır deyil.

Check Also

Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına xəbərdarlıq edilib

Qərar “ATACAMS” raketlərinə icazədən sonra verilib Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarına təhlükə …