Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Azərbaycanın “Qaz qambiti” ilə bağlı məqalə skandal yaratdı: Bakı təkzib istəyir

Azərbaycanın Rusiyadan qaz idxalı siyasi açıqlama və rəsmi rəqəmlərdə

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” səhifəsində “Politico” nəşrinin “Azərbaycanın Avropaya qaz qambiti – Rusiya üçün yaxşı xəbərdir” başlıqlı yazısına reaksiya verib.

O, xəbəri dezinformasiya adlandırıb və qeyd edib ki, məqalədə peşəkar fakt yoxlanışı yoxdur, spekulyasiya və şayiələrlə doludur.

“Politico” nəşri isə noyabrın 20-dəki məqaləsində yazır ki, Qərb ölkələri Moskvanın qalıq yanacaqlardan asılılığa son qoymaq üçün Azərbaycanın köməyinə ümid edirlər.

Nəşrin yazdığına görə, hətta builki COP29-dakı danışıqlar zamanı Azərbaycan Qərb ölkələri ilə bir sıra təbii qaz sazişləri imzalayıb.

Yazıda bildirilir ki, Bakının qaz bazarında fəallığını nümayiş etdirən bu əməliyyatlar Rusiyanın xeyrinə ola bilər:

“Moskva Ukraynada hərbi əməliyyata başlayandan bəri Avropa İttifaqı illərdir ki, arxalandığı Rusiya enerjisini əvəz etmək üçün resurslarla zəngin Azərbaycana ümid edir. Bakı isə kömək etməkdən məmnundur. 2022-ci ildə Avropa Komissiyasının sədri Ursula fon der Leyen qaz ixracını genişləndirmək üçün Cənubi Qafqaz ölkəsi ilə anlaşma memorandumu imzalayıb”.

“Bu həftənin sonuna qədər davam edəcək COP29 sammitinin ev sahibi kimi avtoritar neft ölkəsi utanmadan öz qaz ehtiyatlarını təbliğ etdi və bir sıra Avropa ölkələri ilə yeni kommersiya sazişləri imzaladı. Prezident İlham Əliyev hətta konfransın kənarında belə sazişlərdən birinin imzalanması mərasimini keçirdi”, – nəşr belə yazır.

Hikmət Hacıyev isə “Politico”-nun yazdığını təkzib edir və nəşrin üzr istəməsini tələb edir.

Hikmət Hacıyev
Foto: Azertac

“Bircə fakt bu yazını tamamilə təkzib edir: 2024-cü ildə Azərbaycan Rusiyadan qaz idxal etməyib. Nöqtə! Azərbaycanda qaz hasilatı beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində həyata keçirilir. İstehsal və ixracın həcmi hamıya aydın görünür. Azərbaycan mövcud resursları və razılaşdırılmış müqavilələri əsasında tərəfdaşlarının enerji təhlükəsizliyinə töhfə verməyə davam edəcək. “Politico”-nun Avropa nəşrindən üzr istəməsini və bu saxta məqaləni geri çəkməsini tələb edirik!” – deyə o qeyd edib.

Avropa ilə Azərbaycan arasında yeni qaz anlaşmaları…

COP29-da imzalanan anlaşmalardan öncə, noyabrın 1-də “Bloomberg” yazırdı ki, Avropada qaz qiyməti 8 faizdən çox ucuzlaşıb.

Yazıda qeyd olunurdu ki, Rusiya ilə Ukrayna arasında tranzit müqaviləsinin müddətinin başa çatmasından sonra avropalı alıcılar qitəyə mavi yanacaq tədarükü üçün Azərbaycanla müqavilə imzalaya bilərlər.

Bildirilirdi ki, Macarıstan və Slovakiya şirkətləri Azərbaycandan ildə 12-14 milyard kubmetrə qədər qaz nəqli üçün müqavilə imzalamağa yaxındırlar.

“Azəriqaz”a istinad edən sayt yazırdı ki, qazın nəqli üçün hazırda Ukrayna üzərindən Rusiya qazını Avropa Birliyinə daşıyan eyni boru kəmərindən istifadə ediləcək.

REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli isə hesab edirdi ki, tranzit müqavilənin müddətinin bitməsi Rusiya qazının Avropaya nəql edilməsinin qarşısının alınması kimi başa düşülməməlidir.

Natiq Cəfərli
Source: Meydan TV

“Əslində, bu elə Avropaya satılan Rusiya qazıdır. Sadəcə, Azərbaycan, Macarıstan, Avstriya və Slovakiya birgə konsorsium yaratdılar. Azərbaycanla Rusiya arasında mübadilə sazişi də bura daxildir, çünki Azərbaycanın mövcud tədarükü dəyişmək üçün ixrac gücü kifayət deyil. Bunlar qazı sərhəddə Rusiyadan alıb Avropaya satacaqlar. Yəni SOCAR qazı Rusiya-Ukrayna sərhəddində yerləşən Sucaya tədarük edəcək. Macarıstanın “MVM Zrt.” və Slovakiyanın “Slovensky Plynarensky Priemysel AS” şirkətləri idarəçiliyi öz üzərinə götürüb qazı Avropaya çatdıracaq”, – deyə ekspert bildirib.

Onun sözlərinə görə, bu təklif Ukrayna tərəfindən irəli sürülüb, çünki Kiyev qazı Rusiyanın adı ilə ərazisindən nəql etmək istəmir:

“Ona görə də Azərbaycan Rusiyadan qazı alıb öz markası ilə konsorsiuma daxil olan ölkələr vasitəsilə Avropaya satır”.

Bəs rəsmi rəqəmlər nə deyir?

Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov 2024-cü ilin əvvəlində öz ölkəsinin mediasına müsahibəsində deyib ki, 2023-cü il iki ölkə arasındakı ticarət dövriyyəsi 4 milyard dollar civarında proqnozlaşdırılsa da, sonda rəqəm daha yüksək – 4.4 milyard dollar olub.

Səfir bildirib ki, Rusiya-Ukrayna müharibəsi üzündən Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Azərbaycanla Rusiyanın münasibətlərini daha da sıxlaşdırıb:

“Biz sənaye kooperasiyasında çox ciddi layihələr gerçəkləşdiririk. 17 faizlik artım nəyinsə Azərbaycan vasitəsilə təkrar ixracı deyil, bunlar özəlliklə sənaye kooperasiyası üzrə böyük layihələrdir”.

Rusiya-Ukrayna savaşı başlamazdan öncə – 2021-ci ildə Azərbaycanla Rusiyanın xarici ticarət dövriyyəsi 3 milyard dollar olub.

2022-ci ildə bu göstərici 3.7 milyard, 2023-cü ildə isə 4.4 milyard dollara yüksəlib. Deməli, Rusiya-Ukrayna müharibəsi başlanandan bəri Rusiya və Azərbaycan arasındakı ticarət dövriyyəsi 1.4 milyard dollar və ya 47 faiz artıb.

2024-cü ilin yanvar-oktyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 21 milyard 338 milyon 832,9 min kubmetr həcmində təbii qaz ixrac edib.

Dövlət Gömrük Komitəsinin statistikasında bildirilir ki, Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 6 milyard 848 milyon 514,92 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə ixrac edilən təbii qazın həcmi 2023-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 6,9%, dəyəri isə 44,2% azdır.

Azərbaycanın ümumi ixracında təbii qazın payı 30,11% olub.

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrlə 39 milyard 378,7 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Xarici ticarət dövriyyəsinin 22 milyard 742,3 milyon ABŞ dolları ixracın, 16 milyard 636,4 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Son 1 ildə ixrac 22,5% azalıb, idxal isə 17,4% artıb.

2024-cü ilin fevralında Dövlət Statsitika Komitəsinin yaydığı rəqəmlərdə isə deyilir ki, Azərbaycan Rusiyadan qaz idxalını artırıb:

“2022-ci ildən öncəki illərdə Azərbaycan Rusiyadan təbii qaz idxal etmirdi. Azərbaycanın Rusiyadan təbii qaz idxalında da artım qeydə alınıb. Təbii qaz Azərbaycanın Rusiyadan idxalında üçüncü yeri tutur. 2022-cü il boyunca idxal edilən təbii qazın dəyəri 17 milyon dollar idi”.

Check Also

Naxçıvanda Energetiklər Günü qeyd olunub

Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidmətində “20 oktyabr – Energetiklər Günü” münasibətilə tədbir keçirilib. Boyukmillet.com …