Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Azərbaycanın xilaskarı – Vitse-Generalisimus Ənvər Paşa

Aydın Mədətoğlu QASIMLI
Filologiya üzrə fəlsəfə doktoru,dosent

Əsil adı İsmayıl Ənvər olan məşhur Vitse-generalisimuş Ənvər Paşa 6 dekabr 1882-ci ildə (bəzi mənbələrdə 23 noyabr 1881-ci il – A.M.) İstanbulda anadan olmuşdur. Atası Əhməd bəy, anası Ayşə xanımdır. Kiçik yaşında oxumağa yüksək həvəs göstərdiyindən 3 yaşında ibtidai məktəbə qeyd edilmiş, ardından Fateh İbtidai Məktəbində oxumuş, sonra hərbi Rüştiyyəni bitirərək hərbi Şahanə Məktəbinə daxil olmuşdur. Buradan məzun olduqdan sonra 1903-cü ildə Baş qərargah yüzbaşısı rütbəsi ilə Manastırdakı 13-cü Səyyar Topçu Alayına təyin edilmiş, daha sonra Bolqar, Rum və Alban çətələrinə qarşı hərbi hərəkatlarda böyük başarılar göstərdiyindən 4-cü və 3-cü məcidi, 4-cü Osmani nişanları və “Altın Ləyaqət” medalı ilə təltif olunmuşdur. 13 sentyabr 1906-cı ildə minbaşı rütbəsi almış, həmin ayda da siyasi fəaliyyətə qoşularaq “Osmanlı hürriyyət Cəmiyyəti”nə 12-ci üzv kimi qəbul edilmişdir. Bu cəmiyyət mərkəzi Parisdə yerləşən “Osmanlı İttihad və Tərəqqi Cəmiyyəti” ilə birləşdikdən sonra öz fəaliyyətini bu cəmiyyətdə davam etdirmiş, daha sonra bu cəmiyyətin aparıcı şəxslərindən biri olmuşdur.
1908-ci ildə sultan II Əbdülhəmid devrildikdən sonra “hürriyyət qəhrəmanı” adı alan, sonra bir müddət Berlin hərbi ataşesində, daha sonra isə müxtəlif yerlərdə çalışan Ənvər bəy sonra İstanbula qayıtmışdı. 1 dekabr 1911-ci ildə Eynülmənsurda hərbi qərargahını quraraq italyanlara qarşı aparılan müharibədə böyük başarılar əldə etmişdir. Sultan II Əbdülhəmidin devrilməsi ilə “hürriyyət qəhrəmanı” kimi ad qazanan, italyanlara Trablusqərbdə ağır zərbə endirən Ənvər Bəy “Trablus qəhrəmanı” olaraq da tanınmış və əvvəlki şöhrətinə yeni şanlar qatmış, adı bütün İslam dünyasında böyük bir qəhrəman kimi anılmağa başlanmışdı. Daha sonra II Balkan müharibəsi dövründə Ənvər Bəyin komandanlığı ilə süvari qüvvələri 22 iyul 1913-cü ildə dörd aya yaxın düşmən istilası altında qalan Ədirnəni azad etmiş və bununla da “Ədirnənin qurtarıcısı” adını qazanmışdı. Böyük Azərbaycan dramaturqu Cəfər Cabbarlı məşhur “Ədirnənin fəthi” əsərini məhz Ənvər Paşaya həsr etmişdir. Ənvər Bəy o dövrdə Türkiyənin ən çox sevilən, sayılan şəxsiyyəti sifətilə bir nömrəli adamı olmuşdur. Ədirnənin – Osmanlı İmperatorluğunun bu ikinci mərkəzi şəhərinin geri qaytarılması I Balkan müharibəsindən məğlub və pərişan çıxan Türkiyənin yenidən canlanmasını və güclənməsini bütün dünya qarşısında isbat etmiş oldu. Ədirnə yenidən canlanan Türkiyənin simvolu, Ənvər Bəy də Türk millətinin çoxdan arzuladığı və gözlədiyi “Milli Qəhrəmanı”, “Əzəmətli Boz Qurdu” idi.
“Hürriyyət”, “Trablus” və nəhayət “Ədirnə” qəhrəmanı kimi Ənvər Bəyin adı o dövrdə yalnız Türkiyədə deyil, bütün Türk və İslam aləmində hörmətlə anılmış, onun adı bütün İslam və Qərb dünyasına yayılmış, Qazan elində, Türküstanda, xüsusilə də Azərbaycanda o, “Milli Qəhrəman” kimi tanınmış, şəninə mahnılar qoşulmuş, Hindistanda, Əfqanıstanda, Quzey Afrikada Ənvər Bəyin adını duymayan kimsə qalmamış, qəzet, jurnal və təqvimlərdə çıxan şəkilləri böyük bir sayqı ilə divarlara asılmağa başlanmışdı.
Ənvər Bəyin 4 yanvar 1914-cü ildə üç rütbə birdən yüksəldilərək Paşa (General – A.M.) kimi Müdafiə Naziri təyin edilməsindən sonra Türkiyədə ordunun dəstəyi ilə “İttihad və Tərəqqi Cəmiyyəti” siyasi məsuliyyəti üzərinə almış, məmləkət istiqrara qovuşmuş, bir sıra islahatlar keçirilmiş, Ənvər Paşa tərəfindən bütün ordu başçıları gəncləşdirilmiş, gənc zabitlər milli ruhda yetişdirilməyə başlanmışdı.


Çar Rusiyası belə ilk əvvəllər Ənvər Paşaya “Gələcəyin adamı nəzəri ilə baxmış, onunla mümkün olduğu qədər yaxın münasibətlər qurulmasına çalışmışdı” (MNO ser. III tom I, Moskva 1935, səh.85-89; Bax: Dr.Akdes Nimet Kurat, Türkiye ve Rusya, Ankara 1990, səh.230). Fəqət bütün bunlara baxmayaraq I Dünya müharibəsi ərəfəsində Ənvər Paşanın Rusiyaya təklif etdiyi “Türk-Rus İttifaqı” adlı bəyənatı (9 bənddən ibarət bu geniş təfsilatlı “Bəyanat” haqqında bax: Kurat, göstərilən əsəri, səh. 230-235). Rusiyanın İstanbuldakı hərbi ataşesi general Leontev və heç də “Türk dostu” olmayan Türkiyədəki səfiri Giers tərəfindən təbii qəbul edilsə də Rusiyanın İstanbulu və Boğazları ələ keçirmək istəyən o zamankı “kor və kar” dövlət adamları, xüsusilə, xarici işlər naziri Sazanov tərəfindən rədd edilmiş və beləliklə də sonda ən ağır zərbə Türkiyə və Rusiyaya dəymiş, qazanansa Qərbi Avropa nəhəngləri olan İngiltərə, Fransa və qismən də İtaliya olmuşdur.
I Dünya müharibəsi başlayan zaman Ənvər Paşa Türk ordusunun və bütün Türk xalqının ən böyük vətənsevəri kimi tanınırdı. Onun vətənpərvərliyindən, əxlaqi təmizliyindən və xüsusilə cəsarəri və qəhrəmanlığından heç kimin şübhəsi yox idi. Onun bir Türk milliyyətçisi, İslam dini təəssübkeşi və müasirliyi hamı tərəfindən qəbul və tədris edilirdi. Ənvər Paşanın şəxsində bu üç cərəyan – Türkçülük, İslamçılıq və Müasirlik bir vəhdət təşkil edirdi. Onun özü üçün isə Türkçülük daha cazibədar idi. Bu ideologiya o dövr Türkiyə və çar Rusiyasındakı Türk ziyalı gənclərinin idealına çevrilmişdi ki, bunun da vuran əli Osmanlı Türk ordusu və onun Ali Baş Komandanının (Ölkənin Ali Baş Komandanı Sultan idi – A.M.) müavini, hərbi Nazir, “İttihad və Tərəqqi Cəmiyyəti” Mərkəzi Şurasının üzvü Ənvər Paşa idi.
Ənvər Paşanın 9 bəndlik “Türk-Rus İttifaqı” adlı bəyanatı çar hökuməti tərəfindən rədd edildiyinə baxmayaraq, o, “Bəyanat”da nəzərdə tutulan bəndləri həyata keçirməyə başladı. Ənvər Paşanın ilk planı Qafqazdakı türk-Müsəlman əhalinin çar Rusiyası əsarətindən qurtulması idi. Bu işlə əlaqədar olaraq Ənvər Paşanın əmri ilə Osmanlı-Türk ordusundan III Ordu məhz bu vəzifəni yerinə yetirməli idi. Bu III Türk Ordusu rusların I Qafqaz Ordusuna, 4 erməni və 2 gürcü könüllülərindən ruslar tərəfindən təşkil edilmiş 6 minlik drujinalara qarşı vuruşmalı idi.
Ənvər Paşanın özü Müdafiə Naziri olmasına baxmayaraq bu qüvvələrə qarşı vuruşmaq üçün o, III Ordunun komandanlığını da öz üzərinə götürmüş, fəqət Sarıqamış savaşında rus ordusuna məğlub olmuşdu. Sarıqamış məğlubiyyətinə baxmayaraq Ənvər Paşa ruhdan düşməmiş, öz əmisi Xəlil Paşanın əmrində olan 37 və 38-ci tümənləri jandarma qüvvələri ilə bərabər Güney Azərbaycana göndərmiş və Xəlil Paşa da Təbrizi tutaraq Həmədana qədər irəliləmiş, rusları saxışdırıb Güney Azərbaycan ərazilərindən çıxarmış və beləliklə də Ənvər Paşa “Türk ellərini fəth” etmə planının bir qismini gerçəkləşdirmişdi.
Rusiyada bolşeviklərin hakimiyyətə gəlməsiylə Türkiyə müəyyən qədər çar Rusiyasından qurtuldu. Qafqaz cəbhəsində Türk ordusu yenidən canlandı və beləliklə də Ənvər Paşanın “Turançılıq” siyasətini yürütməsi üçün əlverişli şərait yaranmış oldu. “Brest-Litovsk Müqaviləsi” ilə Türkiyə Rusiya qarşısında müəyyən şərtlər qoymuşdu ki, bu şərtlərdən biri də Ənvər Paşa tərəfindən irəli sürülən Türkiyəyə bitişik Qafqaz ərazisində böyük bir “İslam Dövləti”nin qurulması və Rusiya imperiyasındakı bütün müsəlman Türklərin Osmanlı-Türk dövlətinin himayəsi altına keçməsi idi. Yeni yaranacaq bu “İslam Dövləti” Rusiya ilə Türkiyə arasında bir tampon dövlət rolunu oynayacaqdı. Bu dövlətə Azərbaycan və Dağıstan da daxil olması nəzərdə tutulmuşdu. Bu tələblərə Rusiya və müttəfiqləri ilə yanaşı hətta Türkiyənin guya müttəfiqi olan Almaniya da öz mənfəətləri baxımından qarşı çıxmış, ona görə də təklif qəbul edilməmişdi. Bunun əvəzində bolşevik Rusiyası tarixində ilk dəfə olaraq Rusiya müsəlmanlarının haqlarını tanımağa və onların Türkiyəyə sərbəst gedişinə heç bir maneə törətməyəcəyinə söz vermişdi. Bu sülh müqaviləsi bir “Zəfər vəsiqəsi” sayılmış, Türkiyə çar Rusiyası tərəfindən işğal edilən şərqi Anadolunu, Qars, Ərdəhan və Batum sancaqlarını geri almağa müvəffəq olmuşdu.
Bütün bunlar Rusiyada Türkçülük ruhunu daha da gücləndirmiş, Türkiyənin Rusiyaya təyin edilən o dövrkü səfiri Qalib Kamali Bəy Peterburq müsəlmanları qarşısında geniş bir nitq söyləyərək (Nitqin və səfirin xatiratının mətni üçün bax: Dr. Kurat, göstərilən əsəri, səh.426-427) Ənvər Paşanın hədiyyəsi olan nəfis bir xalça və qiymətli bir “Quran” əlyazmasını Peterburq imamına təqdim etməsi Türkiyə hökümətinin Rusiya müsəlmanlarına dəstəyinin təzahürü idi.


Ümumiyyətlə 1914-1918-ci illərdə Türkiyədə bir nömrəli adam sultan deyil, Ənvər Paşa olmuşdu. O dövrdə Osmanlı dövləti ilə bağlı bütün məsələlər onunla razılaşdırılmadan həyata keçirilə bilməzdi.
Ənvər Paşa “Turançılıq”ı Türkiyə dövlətinin xarici siyasətinə tətbiq etməklə bu cərəyan çox böyük önəm qazanmış, Türk dövlət və hərbi yetkililəri ilə yanaşı Türk siyasiləri, ziyalıları və mətbuatı da bu siyasəti bəyənmiş və artıq bu ideologiya Azərbaycan və bütün Rusiya Türkləri arasında da geniş yayılmağa başlamışdı. Ənvər Paşa hələ 1915-ci ildə Güney Azərbaycan Türkləri ilə münasibətlər qurmaq və onları təşkilatlandırmaq üçün Miralay Ömər Naci Bəyi təyin etmiş, onun komandanlığındakı birliklər Təbrizdə olmuş və bir müddət orada qalaraq Ənvər Paşanın tapşırıqlarını yerinə yetirmişdilər.
Çar Rusiyası devrildikdən sonra Ənvər Paşa Qafqazdakı bütün müsəlman xalqların nümayəndələri ilə görüşlər keçirmiş, onların Rusiyaya qarşı təşkilatlanmalarına hər cür yardımda bulunmuşdu. Bu təşkilatlardan biri də “Rusiya Müsəlmanları Türk-Tatar Millətləri Müdafiə hüquq Cəmiyyəti” idi. Adına uyğun olaraq bu cəmiyyət sırf siyasi-hüquq mahiyyətdə olub Rusiyadakı Türk əsilli qövmlərin siyasi hüquqlarını müdafiə etmiş və bu hüquqların əldə edilməsinə çalışmışdı. Bu cəmiyyətin qurucularından ən öndə gələnləri Qazanlı Yusif Akçura Bəy və Azərbaycanlı Əlibəy Hüseynzadə “Rusiya Müsəlmanlarının Tələbləri” adlı bir memorandum hazırlayaraq dünyanın müxtəlif ölkələrində yaymış və bir çox Avropa dövlət adamları ilə görüşərək bu “Tələbləri” Rusiya qarşısında qaldırmağı xahiş etmişdilər.
Artıq bir-birinin ardınca Dağıstan, Qazan, Türküstan və Azərbaycan Türklərinin nümayəndə heyətləri ilə görüşən Ənvər Paşa onların istəklərini yerinə yetirməyə təminat vermiş və bu təminatlarını da artıqlaması ilə yerinə yetirmişdi. Belə ki, 1918-ci ilin aprel ayının əvvəllərində Batuma gələrək Şimali Qafqazda nümayəndə heyəti ilə görüşən Ənvər Paşa “Şimali Qafqaz Cümhuriyyəti”ni hər yönlü dəstəkləyəcəyinə söz vermişdi. 11 may 1918-ci ildən bu Cümhuriyyət elan edilən kimi bolşevik Rusiyasının bütün etirazlarına baxmayaraq Türkiyə tərəfindən rəsmən tanınmışdı. Həmçinin Azərbaycan “Milli Şurası”nın sədri Məmmədəmin Rəsulzadənin başçılığı ilə İstanbula gələn nümayəndə heyətini qəbul edən Ənvər Paşa Azərbaycanın istəklərini yerinə yetirməyə söz vermiş, Azərbaycana Türk ordusunun köməyini təmin etmiş, Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət Türkiyə olmuşdu.
Ənvər Paşa Bakını azərbaycanlılara qaytarmaq üçün müttəfiqi olan Almaniyanın belə öz məqsədləri üçün Batum-Tiflis yolunu tutaraq Türk ordusunun bu yolla hərəkətini davam etdirməsinə mane olduqlarına əhəmiyyət vermədən Azərbaycanın köməyinə gəlməsini təmin etmişdir. Azərbaycandakı Türk ordusunu Təbriz üzərindən lazımi səviyyədə göndərilən hərbi sursatla təmin etmiş, qardaşı Nuru Paşanı yeni yaratdığı İslam Ordusunun komandanı təyin etmiş, ona “Fəriklik” (Marşal – A.M.) rütbəsi verərək o dövrdə Azərbaycan hökumətinin yerləşdiyi Gəncə şəhərinə getməsi haqqında göstəriş vermiş, əmisi “Kutulamarə fatehi” Xəlil Paşanı da Şərq Orduları Qrupu komandanı təyin edərək Bakının bolşevik-daşnaklardan, esr-menşeviklərdən təmizlənməsi üçün xüsusi əmr vermişdi.
14 sentyabr 1918-ci ildə Marşal Nuru Paşa və Xəlil Paşanın komandanlığı altında Azərbaycan könüllülərinin də qatıldığı Türk birləşmiş orduları Bakı üzərinə yürüşə başlamış və 15 sentyabr 1918-ci ildə Bakının müsəlman əhalisinin sevinc gözyaşları içində xilaskar Türk ordusu Bakını azad etmişdi. Azərbaycan milli dövləti öz paytaxtına qovuşmuşdu. Növbə Şimali Qafqaz Cümhuriyyətinin əmniyyətini qorumaq olduğundan Ənvər Paşa Şimali Qafqaz Türk ordusu komandanlığına Yusif İzzət Paşanı təyin etmiş, Osmanlı-Türk ordusu Terek çayının başlanğıcı olan Tarki dağlarına qədər irəliləmiş, Nuri Paşanın da köməyi ilə ətrafdakı bütün düşmən qüvvələr təmizlənərək Şimali Qafqaz Cümhuriyyətinin də öz normal fəaliyyətini davam etdirə bilməsi üçün lazım olan coğrafi ərazi tam təmin edilmişdi.
Əslində Ənvər Paşanın planına görə, bu iki dövlət sonra federasiya halında birləşməli və Güney Azərbaycan da bunlara qoşularaq o dövrdəki əhalisi 20 milyona yaxın böyük bir Türk-İslam dövləti yaranmalıydı. Beləliklə Ənvər Paşa “Turançılıq” ideologiyasının müəyyən bir hissəsinin yerinə yetirilməsinə nail olmuş, Türkiyənin təhlükəsizliyi baxımından zəruri olan böyük bir İslam dövlətinin təməlləri atılmışdı.
Ənvər Paşanın planına görə, daha sonra Türküstanda da mərkəzi Səmərqənd olacaq bir Türküstan dövləti yaradılacaq və bu Türk dövlətinin birliyi “Turan” ideyasını gerçəkləşdirəcəkdi. Lakin o dövrdə dünyada və Türküstanda baş verən hadisələr Ənvər Paşanın ideyasını həyata keçirməsinə mane oldu. Belə ki o dövrdə Türküstana bir tərəfdən ingilislər, digər tərəfdən də bolşevik Rusiyası hücuma keçmiş, həmçinin “Mondoros Müqaviləsi” ilə Türkiyənin Türküstanla maraqlanmasına imkan verilməmişdir. Qalib Antanta dövlətləri tərəfindən Türk ordularının Azərbaycan və Şimali Qafqazdan çıxarılması tələb olunmuş, hətta Türkiyənin o dövrkü baş naziri Tələt Paşa tərəfindən Almaniya Xarici İşlər Nazirliyinə rəsmən təqdim edilən Azərbaycan və Şimali Qafqaz Respublikalarının tanınmasını əks etdirən 9 bəndlik “Memarandum”u qəbul edilməmişdi.
Ənvər Paşanın bu planının həyata keçməsi təbii ki, Türkiyə və Almaniyanın Antanta dövlətləri üzərindəki qələbəsindən asılı idi. Təəssüflər olsun ki, bütün bunların əksi baş verdi, Türkiyə və Almaniya I Dünya müharibəsindən məğlub çıxdılar. Təşəbbüsü tam ələ alan İngiltərə və Fransa Osmanlı ərazilərini öz aralarında bölüşdürərək Türkiyənin içlərinə doğru irəliləmiş, yunan və erməni çətələrini dəstəkləyərək Türkiyədə qətliamlar törətmişdilər.
Türkiyənin I Dünya müharibəsinə qoşulub-qoşulmaması uzun müddət mübahisə mövzusu olmuş və bu gün də olmaqdadır. Bu haqda çoxlu əsərlər yazılmış, hətta Türkiyənin məğlub duruma düşməsi uzun müddət Türkiyə tarixşünaslığında belə Ənvər Paşanın üzərinə yüklənmişdi. Cümhuriyyət dövrü tarixşünaslığı hətta Ənvər Paşanı “Macərapərəst” adlandırmış, bu böyük hərb dahisinin üzərinə kölgə salmağa çalışmışdır. Fəqət son dövrlərdə tarixi sənədlər əldə edildikcə həqiqətlər üzə çıxmaqda, bu işdə Ənvər, Tələt və Camal Paşaların heç bir suçu olmadığı aşkarlanmaqdadır. Bu məsələ ilə bağlı biz Əhməd bəy Ağaoğlu və Camal Paşanın fikir və mülahizələrinə daha çox inanırıq. Onlara görə, zatən bu müharibə Osmanlı torpaqlarının xristian Antanta dövlətləri arasında bölüşdürülməsi, dünyanın yeni xəritəsinin cızılması üçün başladılmış qanlı bir müharibə idi. Müstəmləkəçi Avropa dövlətləri və çar Rusiyası bir araya gələrək uzun müddət uyquladıqları planı həyata keçirməyə başlamış, dörd bir tərəfdən Osmanlı dövləti üzərinə hücum etmiş və bütün bunlar da azmış kimi bütün Osmanlı təbəələri olan xristianlı-müsəlmanlı xalqları da Türklərə qarşı çevirmiş və beləliklə də 600 illik müəzzəm bir humanist imperatorluğu tarixə gömməyə nail olmuşlar.
Unutmaq olmaz ki, həm də tarixi hadisələr “olsaydı”ya görə deyil, “oldu”ya görə müəyyənləşdiyindən kimin haqlı və ya haqsız olduğunu irəli sürməyin heç bir dəyəri yoxdur. Fakt budur ki, Osmanlı İmperatorluğu I Dünya savaşına girdi və bu savaşdan məğlub çıxdı.
19 oktyabr 1918-ci ildə Tələt Paşanın baş nazirlikdən istefası ilə Nazirlər Kabinetini buraxması, Ənvər Paşa və Camal Paşanın da hakimiyyətdən çəkilməsi ilə “İttihad və Tərəqqi Cəmiyyəti”nin hakimiyyəti sona çatmış oldu. 1 noyabr 1918-ci ildə çağrılan fövqaladə qurultayda təşkilatın adı dəyişdirilərək “Təcəddüd Partiyası” adı almış, Ənvər Paşa, Tələt Paşa və Camal Paşa isə təşkilat yetkililərinin xahişi ilə ölkəni tərk etməyə məcbur olmuşlar. Tələt Paşa Almaniyada, Camal Paşa isə Tiflisdə erməni terroristləri tərəfindən xaincəsinə qətlə yetirilmişdir.
Ruhları şad olsun! Amin.


Ənvər Paşa əmisi Xəlil Paşa və qardaşı Nuru Paşanın əmrində olan Qafqaz İslam Ordusuna rəhbərlik etmək üçün kiçik bir yelkənli qayıqla Kırıma yola düşmüş, lakin güclü fırtınaya düşərək ağır xəstələnmiş və çətinliklə Türkiyəyə qayıda bilmişdir. Daha sonra Berlinə gedərək Tələt Paşa ilə birlikdə təkrar fəaliyyətə başlamış, ingilislərə qarşı bütün İslam aləmini ayağa qaldırmağa çalışmış, hətta bu məqsəd üçün bolşevik Rusiyası ilə təmaslarda bulunmuş, Mehmet Ali Sami saxta adı ilə Moskvaya gedərkən tutulmuşdur. İki ay Kaunas həbsxanasında saxlandıqdan sonra təkrar Berlinə qayıtmış, yenidən alman adı ilə Mockvaya yola çıxmış, fəqət həbs edilərək Riqa həbsxanasına salınmışdır. Həbsxanadan bir kommunist alman yəhudisi kimi sərbəst buraxılmış, nəhayət 1920-ci ilin avqust ayının əvvəllərində üçüncü dəfə Berlini tərk edərək 16 avqust 1920-ci ildə Moskvaya çatmağa müvəffəq olmuşdu. Mockvada yüksək səviyyədə qarşılanan Ənvər Paşa o dövr bolşevik Rusiyasının məşhur xarici işlər naziri Çiçerin, dövlət yetkililəri Radek, Zinoyev, Trotski və Leninlə görüşmüş, onlardan Anadolu istiqlal hərəkatına silah yardımı göstərmələrinə söz almışdı. Buna baxmayaraq, Ənvər Paşanın bu fəaliyyəti Türkiyədə “Anadolu hərəkatına əl qoyma” kimi qiymətləndirildiyindən, o, vaxtilə tabeliyində olmuş Mustafa Kamal Paşaya uzun bir məktub yazaraq öz fəaliyyəti haqqındakı şikayətlərə və “Anadolu hərəkatına əl qoyma” iddialarına qarşı çıxmışdı.
Ənvər Paşa 1-8 sentyabr 1920-ci ildə Bakıda keçirilən Şərq Xalqları Qurultayında belə Türkiyə təmsilçisi kimi deyil (Türkiyə təmsilçisi başqa şəxs idi – A.M.), Litva, Tunis, Əlcəzair və Fas təmsilçisi kimi iştirak etmiş, lakin Sovetlərin Mustafa Kamal Paşa (Atatürk), Mazandaranlı Rza (sonrakı Rza şah – A.M.), Çan-Kay-Şi (Tayvanlı) və Əmənullah xan (Əfqanıstan) kimi tərəfsiz liderləri dəstəkləmə qərarı onun işini zorlaşdırmış, ona görə də Ənvər Paşa yenidən Almaniyaya qayıtmışdı.
Daha sonra İsveçrəyə gedən Ənvər Paşa Haqqı Paşa ilə görüşərək Rusiyadan Anadoluya hərbi yardım göstərmək üçün bir gizli təşkilat yaratmış, Ankaraya yunanların hücumu başlayanda o,digər ittihatçılarla birlikdə Anadoluya getmək üçün Batuma gəlmiş, lakin Türklərin “Sakarya zəfəri” onu planlarını dəyişməyə məcbur etmişdi. Əvvəl Bakıya, Tiflisə, oradan da Aşqabad və Mərvə gedən Ənvər Paşa 1921-ci ilin oktyabr ayında Buxaraya çatmış, 8 noyabrda Türküstandakı Türk zabitləri ilə yoluna davam edərək 19 noyabrda Ağbulağa, 21 noyabrda Başçardaq qışlağına, 24 noyabrda Qurqantəpəyə ulaşmış, burada bolşevik yönlü Lakay Türklərindən olan İbrahim bəy tərəfindən “saxta Ənvər Paşa-deyə tutulub həbsə salınmış, 1922-ci ilin fevral ayının sonlarında əsirlikdən qurtularaq ruslara qarşı savaşan Basmaçıları təşkilatlandırmaq üçün yenidən Düşənbə yaxınlığındakı qışlaqlara getmişdir. 24 iyul 1922-ci ildə bolşeviklərin Düşənbəni alması ilə geri çəkilərək Satılmış Qışlağına, buradan da Belcuvan bölgəsindəki Abıdərya kəndinə gələrək son qərargahını burada qurmuş, Türküstanın azadlığı uğrunda açıq mübarizəyə başlamışdı. Buradan o, bir çox Türküstün, Başqurdustan, Qazaxıstan nümayəndələri ilə görüşüb məsləhətləşmiş, məşhur Zəki Vəlidovla (Zəki Vəlidi Toğan – A.M.) da burada tanış olmuşdu” (Seçmələr bizimdir – A.M. Bax: Zəki Vəlidi Toğan, Xatirələr, İstanbul 1969, səh.384-459).
Ənvər Paşanın Türküstana gəlişi Türküstan əhalisi tərəfindən sevinclə qarşılanmış, şəninə mahnılar, marşlar qoşulmuşdur. Bu məşhur marş o dövrdən günümüzə qədər yaşamaqdadır:

Xoş gəlişlər ola, qəhrəman Ənvər Paşa!
Əsgərin, Millətin, Bayrağınla çox yaşa!
Arş irəli, arş irəli!
Dönməz geri, dönməz geri
Türkün əsgəri!
Sağdan sola, soldan sağa
Al da Bayrağın,
Düşmən üstünə!

Cəbhədə mitralyoz (pulemyot) ayna kimi parlıyor,
Türküstan Türkləri Bayraq açmış, bekliyor.

Arş irəli, arş irəli!
Dönməz geri, dönməz geri
Türkün əsgəri!
Sağdan sola, soldan sağa
Al da Bayrağın,
Düşmən üstünə!

Bu əzəmətli marş Ənvər Paşa Türküstana getdiyi zaman oradakı Türklərin birlikdə səsləndikləri, dalğa-dalğa yayılaraq Türküstan səmalarında illərcə əks-səda verib günümüzə qədər söylənərək gələn xoş bir nəğmədir.
4 avqust 1922-ci ildə qərargahda keçirilən Qurban bayramı şənliyində Ənvər Paşa zabit və əsgərləri ilə bayramlaşarkən ani bir rus basqınına uğramış, Çeqan təpəsindəki üzbəüz döyüşdə şəhid olmuşdur. Ənvər Paşanın yavəri Muhiddin Bəyin yazdığına görə, Ənvər Paşa Buxaradan ayrılarkən bu sözləri söylədi: “Türküstan üçün mücadilə lazım. Zatən haqq olan ölümdən qorxarsansa, köpək kimi yaşamağı və sonda da köpək kimi ölməyi qəbul edərsən. Həm keçmişimizin, həm də gələcəyimizin lənətlərinə uğramış olarız. Halbuki qurtuluş üçün ölməyi gözə alarsaq, bizdən sonrakıların hür və bəxtiyar olmasını təmin etmiş oluruq” (Bax: Zəki Vəlidi Toğan, Xatirələr, səh. 395). Bütün bunlar tarixdə məşhur Çuçi Xaqanın nitqini xatırladır.
Ənvər Paşa şəhid olduqdan sonra rus hissə komandiri Kulikov tərəfindən əşyaları Daşkəndə, oradan da sonralar Moskva hərbi muzeyinə göndərilmişdi. Cənazəsi Abıdərya kəndində torpağa tapşırılmış, nəhayət, 1996-cı ildə əziz cənazəsi vətəni Türkiyəyə gətirilmiş və “Hürriyyət Təpəsi”ndə şanlı Türk Bayrağı altında dəfn edilmişdir.
“I Dünya müharibəsinin Osmanlı-Türk ordularının “Baş komandan Vəkili” və Türkiyənin “Bir nömrəli adamı” olan Ənvər Paşanın “Turan Ölkəsi”ndə, “Turançılıq ideyası” uğrunda canını” fəda etməsi onun bu məfkurəyə candan bağlı qaldığının açıq bir ifadəsidir” (Kurat, göstərilən əsəri, səh.517).

Ənvər Paşanın öndərliyi ilə Osmanlı-Türk ordusunun Azərbaycan və Dağıstanda, özünün şəxsən iştirakı ilə Türküstanda istiqlal uğrunda apardıqları çətin və qanlı savaşları Türk şəhidlərinin əziz xatirəsi həm Azərbaycan, həm Dağıstan və həm də Anadoluda daima yad edilmiş, “Türk Mehmetcikləri”nə türbələr yapılmış, onların məzarları ziyarətgah olmuş, unudulmaz xatirələri nəsildən-nəslə ötürülərək əbədilik qazanmışdır. Bugünkü Türk Respublikaları, Muxtar qurumları öz mövcudluqlarını qoruyub saxlamaqla bu yolda şəhid olanlara borcludur. Ruhları şad olsun!
Turan sevdalısı, cild-cild əsərlərə, romanlara sığmayan əzəmətli, vüqarlı, böyük Türk hərb dühasının – vitse-generalisimus Ənvər Paşanın, müəzzəm “Macəralar dövrü”nün bu dahi “Macəraçı”sının həyat və fəaliyyətini, onun Türk dünyasına nələri bəxş etdiyini işıqlandırmaq, onun bütöv bir portretini yaratmaq, ona öz layiqli qiymətini verməyin artıq vaxtı çatıb.
Ruhu şad olsun! Amin.

Check Also

Qəsdən dərsi zəif keçirlər ki uşaqlar kənarda hazırlığa getsinlər

Hara baxırsan rüşvət, yalan, əliəyrilik. Millət vəkilindən tutmuş ən kiçik məmura kimi belədir.Seçicini yağlı vədlərlə …