Əziz ƏLƏKBƏRLİ: “Qaçqınlardan yığılmış Ermənistan pasportları bizim üçün ən tutarlı sənəd olacaq”
Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin sonuncu keçirilən iclasında deputat Əziz Ələkbərli deyib.
Deputat bildirib ki, Qərbi Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmamışıq: “Bu sənədlər alimlərin, dövlət qurumlarının əlində kifayət qədər deyil. 1988-ci ildə ermənilərin bizim torpaqlarımızda törətdiyi cinayətlərin Milli Arxiv İdarəsində məxfi fondda saxlanılmasına səbəb nədir?! Milli Arxiv İdarəsi buna cavab versin. Qərbi Azərbaycanda erməni vandallığı ilə bağlı bütün sənədlərin alıb ortaya qoyulmasını təklif edirəm. Ermənistandan gələn qaçqın vətəndaşlardan onların Ermənistan vətəndaşı olmasını sübut edən pasportlar Daxili İşlər Nazirliyi tərəfindən yığıldı. Bu pasportların taleyi barədə məlumat Milli Arxiv İdarəsində varmı? Həmin pasportlar bizim Ermənistan vətəndaşlığımızı sübut edən ən tutarlı sənəddir. Bizim Ermənistanda olan bütün arxivlər yandırılıb. 20-30 il sonra biz sübut etməyə çətinlik çəkəcəyik ki, Qərbi Azərbaycanda, o torpaqlarda 200-300 min azərbaycanlı yaşayıb”.
Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov isə deyib ki, Milli Arxiv Fondu sənədi saxlayan qurumdur: “Məxfi sənəd kimi 10 mindən artıq sənəd var. Son dövrlər 1988-ci ildə Qərbi Azərbaycanlıların başına gətirilənlərlə bağlı sənədlərə müraciət edənlər var. Xarici İşlər Nazirliyi bu sənədlər əsasında arayışlar da hazırlayır”.