Və ya rus jurnalistin “Qarabağ sizin nəyinizə lazımdır” sualı
Rusiyadan Bakıya uçan təyyarənin sərnişinlərinə erməni yeməyinin təklif olunması barədə videofakt xeyli maraq doğurub. Videodan göründüyü kimi, stüardessa Bakıya uşanlara nə səbəbə ermənilərə məxsus formada hazırlanan hinduşka ətinin verilməsinin səbəbini izah edə bilmir. Tamamilə mümkündür ki, stüardessa bunun mahiyyətini anlamasın. Onunçün nə fərqi var? Deyirlər get bu yeməyi payla, o da işini icra edir.
Amma Azərbaycana uçan təyyarənin sərnişinlərinə erməni yeməyi təklif olunması heç şübhəsiz ki, səbəbsiz deyil, bunun alt qatında məkrli məqsədlər var. Kimlərsə deyə bilər ki, hə, nə olsun, Bakıya Ermənistan əriyi, yaxud İrəvan bazarına Quba alması Gürcüstan vasitəsilə yol tapa bilirsə, Rusiyanın “Aeroflot” aviaşirkətinin də yemək seçimində qeyri-adi nəsə axtarmağa dəyməz. Amma yox! Bu, heç cür təsadüfə bənzəmir. Xüsusilə də Rusiyada Azərbaycanla bağlı baş verənlər hökmən sərf-nəzərdən keçirilməlidir, onlara sıradan bir olay kimi yanaşılmamalıdır. Ümumrusiya Azərbaycanlıları Konqresinin fəaliyyətinin dayandırılmasından tutmuş, “Aeroflot”un yemək seçiminə qədər.
Məgər Rusiya mətbəxi bu qədərmi kasıblayıb, artıq hind toyuğunu bişirməyə belə yadırğayıblar və erməni aşpazlara müraciət edirlər? Şübhəsiz ki, belə deyil. “Ermənicə bişirilən” hind quşunun alt qatında ola bilsin ki, lap siyasi motivlər də gizlədilir. Niyə də olmasın? Rusiyadan azmı gördük? Elə son aylarda baş verənləri, Moskvanın Azərbaycana yönəlik siyasətini ötəri analiz edəndə çox şey məlum olur. Ötən ilin aprel döyüşündə məğlub olan hətta Xanləndidəki ermənilərin İrəvana qaçışını dayandıra bilməyən işğalçı Ermənistanı özünə gətirən Rusiya olmadımı? İşğal altındakı əraziləri tərk etmək komandası vermək əvəzinə, Moskva İrəvana “İsgəndər” verdi. Ardınca başqa növ silahlar yolladı. Ardınca Ermənistanda erməni-rus hərbi birləşmələrini yaratdı. Daha sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibliyini erməni generala verdi. Hələ növbəti silah və texnika göndərilməsinə hazırlıq gedir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “Dağlıq Qarabağ Azərbaycanın daxili işi deyil” bəyanatı ilə “Aeroflot”un azərbaycanlı sərnişinlərə erməni yeməyini təqdim etməsi arasında hardasa rabitə axtarmaq da mümkündür. Biir diplomatic şəkildə “erməni yeməhyi”ni təklif edir, digəri də açıq-aşkar, kulinariya mədəniyyətinə uyğun şəkildə. Ancaq hər ikisinin mahiyyəti eynidir. Rusiya dairələri fürsət düşən kimi, Azərbaycana Cənubi Qafqazdakı müttəfiqi ilə bağlı mesaj verir. Bu mesaj ayrı formada Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abramyanın təşkil etdiyi yubiley tədbirində Lavrovun, Putinin mətbuat katibi Dmitri Peskovun, Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin Ermənistan prezidenti Serj Sarkisyan və Dağlıq Qarabağ separatçılarının rəhbəri Bako Saakyanla birgə iştirakı etməsi ilə də verilmişdi.
İndi də erməni xörəyi…Tarix boyu şimal qonşumuz bizə “erməni yeməyi” təklif edib, çeşidli təşəbbüsləri, təklifləri, güzəştləri bizə “yedirməyə” çalışıb. İndi də ortaya “hind quşu” söhbəti çıxıb. Ermənistanı havadan, qurudan müdafiə edən Rusiya şirkəti göyün yeddinci qatında da erməni təbliğatını aparır. Amma “Aeroflot”un təklif etdiyi yemək o qədər də təhlükəli deyil. Sərnişin erməni mətbəxindən imtina edir, vəssalam, ən uzağı Bakıya qədər ac gəlir. Amma daha təhlükəlisi var.
Mən bu təhlükəni Türkiyədə Rusiya jurnalistləri ilə həmsöhbət olandan sonar bir daha hiss etdim. Dünyanın 32 ölkəsindən gəlmiş 64 jurnalist sırasında 3 rusiyalı da var idi. Təbii ki, onların Qarabağla bağlı nə düşündüyü məni çox maraqlandırırdı. Ancaq çox qəribədir ki, rus jurnalistlər daha çox digər həmkarlarından özlərini təcrid etməyə, qaynayıb-qarışmamağa, digərləri il həmsöhbət olmamağa üstünlük verirdilər. Səbəbini bilmədim. Ancaq səfərimizin sonuncu günü “buz” qırıldı. Prezident Rəcəb Tayyib Ərdoğanla görüşə gedərkən uzun bir yolçuluğumuz oldu. Osmaniyə-Şanlıurfa-Harran yolunda rus həmkarlarımızın Azərbaycan-Ermənistan münaqişəsi barədə nə düşündüklərini aydınlaşdıra bildim.
Rusiyanı, Nikolay Surkov “İzvestiya”, Kirill Krivoşeyev və Glev Şelkunov (“Kommersant”) təmsil edirdilər. Glev Qarabağın işğalı, Rusiyanın Ermənistana dəstəyi, Qarabağın işğalı barədə danışmaqdan imtina etdi. Dedikləri bu oldu: “Qarabağ bizdən uzaqdır. Ona görə şəxsən mən bu məsələ ilə maraqlanmıram. Ancaq onu bilirəm ki, bütün münaqişələr ölkələr arasında danışıq yolu ilə həll olunmalıdır”.
Kirill isə dedi ki, tərəflərin qarşılıqlı güzəştləri münaqişəyə son qoya bilər. Hətta Laçın dəhlizinin Ermənistana verilməsi “zərurətindən” də danışdı. Düzdür, ötən il o, Azərbaycana da gəlib, təmas xəttində olub, Tərtər istiqamətində ermənilərin törətdikləri vəhşilikləri öz gözləri ilə görüb. Hətta Cocuq Mərcanlıya getmək arzusunu dadilə gətirdi. Ancaq yenə də Azərbaycan torpaqlarının işğal altında qalmasını az qala adi hal kimi qiymətləndirdi.
Digər iki jurnalistdən fərqli olaraq, Nikolay daha sərt mövqe sərgilədi. O, hətta “Qarabağ sizin nəyinizə lazımdır” sualını verəcək qədər absurda getdi. Təbii ki, qarşılığında “bəs, Çeçenistan Rusiyanın nəyinə lazım idi?” sual-cavabını aldı. Amma yenə susmadı. Hesab edir ki, de-fakto ermənilər torpaqlara sahiblənibsə, daha bu reallığı nəzərə almaq lazımdır.
Azərbaycanın Ermənistandan hərtərəfli üstün olduğunu təsdiqləyən Nikolay “müharibə başlasa, Rusiya Ermənistanı müdafiə edəcəkmi” sualına konkret cavab verdi: “Əlbəttə, Ermənistan Rusiyaya çox lazımdır. Bu ölkə bizim Cənubi Qafqazdakı əsas müttəfiqimizdir”. Söhbətimiz uzun çəkdi, 100 il öncə İrəvanı, ardınca Zəngəzuru ermənilərə verdiyimizi deyəndə “bu, artıq keçmişdə qalıb” söylədi. Ermənilərin Qarabağla bağlı da kifayətlənmədiyini, Naxçıvana, Kür və Araz arasındakı bütün ərazilərimizə iddia etdiyini deyəndə isə bundan xəbərsiz olduğunu bildirdi. Erməni işğalına haqq qazandıra bilməyən həmkarım axırda bilirsiniz nə dedi: “Siz bilirsiniz “İzvestiya”nın baş redaktoru kimdir?” Cavabım “erməni” oldu. Başı il təsdiqlədi: “Bəli, Arsen Oqanesyan. Dövlət teleradiosunda, “Ostankino”da işləmiş, indi də mediada aparıcı simalardan olan, Rusiyanın xarici işlər nazirinin məsləhətçisi Armen Oqanesyanın oğlu”.
Dedim bu, məsələnin bir tərəfidir, amma sizin ən azı şəxsi mövqeyiniz olmalıdır, uşaq qatili Sərkisyanın müdafiəçisinə çevrilməməlisiniz, “Qarabağ sizin nəyinizə lazımdır” sualını bizə yox, ermənilərə verməlisiniz. Gülümsədi…
Bəli, vəziyyət ürəkaçan deyil.Rusiyanın informasiya məkanında ermənilər dominantlıq edir. Azərbaycan rəhbərliyi də hər zamanin informasiya savaşına diqqət yetirilməli olduğunu bəyan edir, bu istiqamətdə gərəkən işlər görülməlidir.
Kalujski vilayətinin qubernator müavini olmuş 1978-ci il təvəllüdlü Arsen Oqanesyan 2016-cı ilin fevralından “İzvestiya”ya rəhbərlik edir. Amma ondan qabaq bu qəzetin sahibi Aram Qabrelyanov idi. 151 min tirajla Rusiyada, 28 min BMD-də, 4 min Avropada yayılan qəzetdən söhbət gedir. Hələ bu, bir nümunədir. İndi gəlin düşünək, bizim hansı Rusiya qəzetində adamımız, ya azərbaycanlı baş redaktor var? Təyyarədə erməni yeməyinin təklif olunması başqa məsələlərin yanında “toya getməli”dir…
Yeni Musavat