Cümə , 22 Noyabr 2024
Drone Cameras

Azad torpaqlarımızda xarici diplomat və jurnalistlərin öz gözləri ilə gördükləri dəhşətli mənzərələr – missiyanın böyük strateji önəmi…

Samir Adıgözəlli: “Bu missiyanın işğaldan azad olunmuş ərazilərimizdə olması bizə imkan verdi ki, Ermənistanın işğalçılıq, vəhşilik, vandallıq, faşist mahiyyətini beynəlxalq aləmdə növbəti dəfə ifşa edək”

Məlum olduğu kimi, ölkəmizdə akkreditasiya olunmuş xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların rəhbərləri, diplomatlar və hərbi attaşelər, eləcə də beynəlxalq media qurumlarının təmsilçiləri Azərbaycanın Ermənistanın terrorçu silahlı birləşmələrinin işğalından azad edilən yaşayış məntəqələrinə gediblər və ermənilərin törətdikləri vandalizm aktlarını gözləri ilə görüblər.

Qeyd edək ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığı əsasında ölkəmizdə akkreditasiya olunmuş xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların rəhbərləri, diplomatlar və hərbi attaşelərin işğaldan azad olunmuş Füzuliyə səfəri təşkil olunur.

Bildirdiyimiz kimi, səfərin məqsədi diplomatları və hərbi attaşeləri Füzuli şəhərində Ermənistan silahlı qüvvələrinin törətdikləri vəhşiliklər, cinayət izləri ilə tanış etməkdir.

Diplomatik korpusun nümayəndələri və hərbi attaşeləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov və başqa rəsmi şəxslər müşayiət ediblər.

İlk öncə diplomatik korpusun nümayəndələri və hərbi attaşelər Ermənistanın işğalından azad olunmuş Füzuli şəhərinə səfər ediblər. Onlar Füzuli şəhərində Ermənistanın törətdiyi müharibə cinayətlərinin ağır nəticələri ilə tanış olub, 27 il ərzində törədilən vəhşilikləri, vandalizmi öz gözləri ilə görüblər. Füzulidə yaşayış məntəqələri, qəbiristanlıqlar, tarixi, mədəni abidələr vəhşicəsinə dağıdılıb.

Daha sonra diplomatik korpusun nümayəndələri və hərbi attaşelər rayonun işğaldan azad edilmiş Yuxarı Əbdürrəhmanlı kəndində olublar. Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev diplomatik korpusun nümayəndələri və hərbi attaşelərə Ermənistan silahlı qüvvələrinin işğal dövründə bu kəndin ərazisində yerləşmiş hərbi hissəsinin ərazisini göstərib. A.Alıyev bildirib ki, buradan rayonun işğal altında olmayan ərazilərindəki mülki əhali daim atəşə tutulub, təsərrüfat işlərinin həyata keçirilməsinə imkan verilməyib. Ermənistan silahlı qüvvələrinin 27 il ərzində bu ərazidən mülki əhalini atəşə tutması nəticəsində ölənlər və yaralananlar olub.

Bundan başqa, bildiyimiz kimi, dünyanın tanınmış KİV nümayəndələri də işğaldan azad edilən ərazilərimizdə olublar. Ağdamda və digər azad olunan ərazilərimizdə olan xarici KİV nümayəndələri erməni vandallarının törətdikləri cinayətlərdən dəhşətə gəliblər.

Onu da bildirək ki, Qətərin məşhur “Əl-Cəzirə” telekanalı Azərbaycanın işğaldan azad olunmuş Ağdam rayonundan reportaj yayımlayıb. Reportajda Azərbaycan Ordusunun 30 ilə yaxın müddətdə Ermənistanın nəzarətində qalmış Ağdam rayonuna daxil olduğu bildirilir. Qeyd edilir ki, əldə edilmiş razılaşmaya əsasən, Ermənistan Ağdamı Azərbaycana geri qaytarıb.

Telekanalın Ağdama ezam olunmuş müxbiri rayonun dağıntılar altında qaldığını bildirir. O deyir: “Ağdamda dağıntılardan başqa heç nə yoxdur. Hətta şəhərin mərkəzi belə vandalizmə məruz qaldıqdan sonra tərk edilib. Buranın yerli əhalisi artıq geri qayıtmaq istəyir”.

Reportajda ərazinin minalandığı, yalnız bir neçə saat ərzində buradan 150-yə yaxın mina tapıldığı diqqətə çatdırılır.

Vurğulanır ki, Ağdamın bir zamanlar məşhur olan Mədəniyyət Mərkəzi də tamamilə dağıdılıb.

Azad torpaqlarımızda xarici diplomat və jurnalistlər öz gözləri ilə ermənilərin törətdikləri dəhşətli mənzərələri görüblər. Bu missiyanın böyük strateji önəmi nədir?

İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSPBAM) rəhbəri Samir Adıgözəlli bildirdi ki, bu missiyanın işğaldan azad olunmuş Azərbaycan ərazilərinə səfərinin təşkil edilməsinin, onların Ermənistanın bütün vəhşiliklərini öz gözləri ilə görməsinin siyasi və diplomatik, strateji tərəfdən böyük əhəmiyyəti var. S.Adığözəlli hesab edir ki, bunun əhəmiyyətli tərəflərindən biri də odur ki, yaxın zamanlarda Azərbaycan Ermənistana qarşı təzminat davası açanda düşmən ölkə yayına bilməyəcək, çünki onun Azərbaycan ərazilərində törətdiyi bütün müharibə cinayətlərinin qanlı izlərini beynəlxalq missiyanın təmsilçiləri gözləri ilə görüblər. “Cənab Prezidentin göstərişinə əsasən, belə bir tərkibdə missiyanın Azərbaycanın işğaldan azad edilən ərazilərinə səfərinin təşkil edilməsinin böyük əhəmiyyəti var. Bilirsiniz ki, cənab Prezident özü işğaldan azad edilən Füzulidə və Cəbrayılda səfərdə olarkən də əli ilə Ermənistanın viran qoyduğu yerləri, tikililəri göstərib dedi ki, baxın görün, biz necə bir düşmənlə üz-üzəyik. Doğrudan da Ermənistanın törətdiyi bu vəhşiliklər hansısa bir qəbilənin törətdiyi vandallığa bənzəyir. Əslində, bunu yalnız faşistlər edə bilərdi ki, bunu da Ermənistan faşistləri bizim torpaqlarda ediblər. Azərbaycan öz torpaqlarını düşmən təcavüzündən azad etməklə yeni bir dövrə qədəm qoydu. Üçtərəfli sazişə əsasən, noyabrın 25-nə qədər Kəlbəcər, dekabrın 1-nə qədər isə Laçın tamamilə boşaldılacaq və bu rayonlarımız da düşməndən tam olaraq təmizlənəcək, öz azadlığına qovuşacaq. Cənab Prezidentin tapşırığına əsasən, ölkəmizdə akkreditasiya olunmuş xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların rəhbərləri, diplomatlar və hərbi attaşelərin işğaldan azad olunmuş ərazilərə getməsi və onların Ermənistanın törətdiyi vandalizm, vəhşilik aktlarını, cinayətlərini gözləri ilə görməsi, bu dəhşətli mənzərədən dəhşətə gəlməsi faktdır. Bu missiyanın işğaldan azad olunmuş ərazilərimizdə olması bizə imkan verdi ki,  Ermənistanın işğalçılıq, vəhşilik, vandallıq, faşist mahiyyətini beynəlxalq aləmdə növbəti dəfə ifşa edək. Eyni zamanda da missiyanın təşkil edilməsi və onların baş verənləri gözləri ilə görməsi Ermənistanın törətdiyi bu cinayətlərə görə Azərbaycana təzminat ödəməkdən heç cür yayına bilməməsinə şərait yaradacaq. Ermənistan terrorçu, mənşəyi nəməlum, insanlıqdan, humanizmdən uzaq bir ölkədir və o, bütün hallarda, törətdiyi cinayətləri inkar etməyə cəhdlər edə bilər, çünki bu ölkədən hər cür alçaq hərəkət gözləmək mümkündür. Bu gün artıq onu edə bilməyəcək, çünki beynəlxalq KİV nümayəndələri, xarici diplomatlar, hərbi attaşelər və bu missiyaya daxil olan şəxslər işğaldan azad edilən ərazilərimizdə ermənilərin törətdikləri vandalizmin izlərini gözləri ilə görüblər və bundan dəhşətə gəliblər. Füzuli, Ağdam, Cəbrayıl və digər ərazilərimiz düşmən tərəfindən tamamilə dağıdılıb. Bunu o missiya üzvləri açıq şəkildə görürlər. Bu gün dünyanın gözü qarşısında ermənilər bizim əraziləri tərk edərkən evlərə, məktəblərə od vurur, dağıdır, meşələri yandırır, ağacları kəsir və sair. Bütün bunlara görə düşmən ölkə cavab verəcək”.

S.Adıgözəlli vurğuladı ki, Ermənistanın terrorçu silahlı qruplaşmaları tərəfindən dağıdılan tikililərdən, muzeylərdən, abidələrdən birini, yaxud bir neçəsini saxlamaq lazımdır, çünki bu bizə gələcəkdə erməni vandallarının törətdikləri cinayətləri xatırlamağımız, yaddaşımızı, tariximizi unutmamağımız üçün lazımdır: “Hesab edirəm ki, bu missiyadan sonra BMT-dən və başqa beynəlxalq təşkilatlardan mədəniyyət, mədəni irs, iqtisadiyyat, ekologiya və sair sahələr üzrə mütəxəssislər işğaldan azad edilən ərazilərimizə  səfər edəcəklər. Çünki onların bura səfəri bu ekspertlərin azad olunmuş ərazilərimizdəki vandalizm aktlarını görmək, qeyd etmək və bununla bağlı Ermənistana qarşı tədbir görmək imkanlarını genişləndirir. Bütün bu faktlar sənədləşdirilib və biz Ermənistana qarşı bütün sahələr üzrə təzminat davası açacağıq. Ona görə də beynəlxalq missiyanın azad olunmuş ərazilərimizə səfərlərinin baş verməsi bütün mənalarda əhəmiyyətlidir” – deyə bildirən S.Adıgözəllinin sözlərinə görə, bu gün həm də dünyanın nüfuzlu KİV-inin Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi vəhşilikləri, insanlığa sığmayan hərəkətləri əks etdirən süjetlər, məqalələr yayımlaması da əhəmiyyətlidir. S.Adıgözəlli vurğuladı ki, Ermənistanın biabırçı məğlubiyyətdən sonra yenə də beynəlxalq aləmi çaşdırmaq üçün həyata keçirdiyi təxribatları Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə bu cür beynəlxalq missiyanın səfərini təşkil etməklə ifşa etmiş oluruq. 

İradə SARIYEVA

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …