Şənbə , 20 Aprel 2024
Drone Cameras

Şəhid Eşqinin Vətən eşqi …

Öz xalqına, doğma Vətəninə ürəkdən bağlı olan, torpağını, dövlətini canından artıq sevən hər bir vətənpərvər insana məlumdur ki, şəhidlik zirvəsi bütün yüksəkliklərdən ucada dayanan bir zirvədir. Tarixən bu müqəddəs adı daşıyan qəhrəman Vətən övladları ata-babalarımızdan bu günə qədər bizə miras qalan əzəli torpaqlarımızın yağı düşmən əlinə keçməməsi üçün ölümünü göz önünə alıb döyüşə atılmış, şərəfimizi, qeyrətimizi ləyaqətlə qorumuşlar.
Vətənimizin müdafiəsi naminə əlindən gələn hər şeyi edən qəhrəmanlarımızı, dövlətimizin müstəqilliyi, torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçməyi belə özünə şərəf bilən igid oğullarımızı hər birimiz tanımalı, onların keçdiyi qürurverici döyüş yolunu öyrənməliyik. Şəhidlər ən yüksək hörmət və ehtirama layiqdirlər. Şəhidlər bizim fəxrimiz, vüqarımız və qürur yerimizdir!
Müqəddəs amallar uğrunda qanlı döyüşlərə atılan və düşmənə sinə gərən qeyrətli Vətən oğullarını yad etmək, onların adını əbədiləşdirmək, əziz xatirələrini ürəklərdə yaşatmaq, gələcək nəsillərə tanıtmaq, şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızı gəncliyimizə örnək göstərmək və eləcə də, şəhid ailələrinə hörmətlə yanaşmaq hər birimizin ən mühüm vəzifəsi, vətəndaşlıq borcudur. Hamılıqla bu işdə həmrəylik göstərməli, haqq-ədalət yolunun yolçuları olan nur üzlü şəhidlərimizin təbliği istiqamətində yorulmadan fəaliyyətimizi davam etdirməliyik.
Onu da qeyd etmək istərdim ki, bu gün Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi tapılmaz ki, orada şəhid məzarı olmasın. Şəhidlərimizin uyuduğu belə müqəddəs məkanlardan biri də Beyləqan rayonudur. Vətən uğrunda son nəfəsinə qədər mübarizə aparan qəhrəmanlar, say-seçmə igidlər yetişdirib bu torpaq. Birinci Qarabağ savaşından bu günə qədər Qədim Beyləqan torpağı öz qoynunda mərd övladlarına yer vermiş, onları əbədiyyətə qovuşdurmuşdur.
Şəhidlərimiz haqqında silsilə yazılarımın davamı olaraq növbəti yazımda söz açacağım qəhrəmanımız, müsbət xarakterlərinə görə digərlərindən çox fərqlənən eloğlumuz, gənc olmasına baxmayaraq, hər kəsin yanında özünə hörmət qazanmağı bacarmış Mehtili Eşqin Tərlan oğlu olacaq.
Şəhid qardaşımız Eşqin Mehtili, 20 oktyabr 2001-ci ildə Beyləqan rayonu Əlinəzərli kəndində dünyaya göz açmışdır. O, 2008-ci ildə şəhid Rizvan Nəsirov adına Əlinəzərli kənd 1 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2019-cu ildə elə həmin məktəbin 11-ci sinfini müvəffəqiyyətlə bitirmişdir. Hələ orta məktəb illərində Eşqin öz istedadı ilə şagird yoldaşlarından çox fərqlənirdi. Elmə, oxumağa olan həvəsinin nəticəsi idi ki, 2012-ci ildə, 4-cü sinifdə oxuduğu zaman keçirilən bilik yarışmasında o, Beyləqan rayonu üzrə “İlin ən yaxşı şagirdi” adına layıq görülmüş, xüsusi diplom və mükafatlarla təltif edilmişdir.
Lakin həyatın keşməkeşli günləri, fələyin tərs gərdişi və yazılmış nakam tale şəhid qardaşımızdan da yan keçməmişdir. Hələ, körpə yaşlarından anasını itirən qəhrəmanımız ağır günlərini yaşamağa başlamışdır. Zaman keçdikcə, çox çətinliklə də olsa, anasının yoxluğunu qəbul etməyə məcbur olmuş, balaca ürəyində böyük bir dərdlə yaşa dolmuş, həyatına davam etmişdir.
Eşqin, dərslərini yaxşı oxumaqla bərabər, halal zəhmətlə yaşamağı da öyrənmişdi. Həmişə böyüklərin nəsihətinə qulaq asar, hər bir işdə ailəsinə yaxından kömək edərdi. O, hamıya əl tutmaqdan xüsusi zövq alar, qohum-qardaş yanında olmaqdan doymaz və ən əsası isə, yaxşılıq etməkdən yorulmazdı. Beləcə, qaynar təbiətli, çılğın və eyni zamanda çox qeyrətli, atasına əsl sirdaş, əzizlərinə isə səmimi qardaş idi Eşqin balamız. Özündən yaşca böyük qardaşlarına hörmətlə yanaşar, rəhmətlik babasının adını daşıyan, ailənin ən kiçik üzvü olan Yavər adlı qardaşını isə, hamıdan çox sevərdi. Ürəkdən bağlı idi azyaşlı qardaşına. Hərbi xidmətdə olduğu zaman hər dəfə ailə üzvləri ilə əlaqə saxlayanda hamıya Yavərə yaxşı baxmağı tapşırardı. Bu gün isə, bütün olanlardan bixəbər olan körpə hələ də qardaşının gələcəyini gözləyir, onu yenidən görməyi çox arzulayır.
Üzüyola xasiyyətinə, mərdanə davranışlarına görə, həmyaşıdları da şəhidimizlə dostluq etməyə can atardılar. Onun ətrafında dostları, qardaş qədər xətrini istədiyi qohumları çox idi. Hansı ki, həmin dostları və qohumları bu gün də, Eşqinin cismani yoxluğu ilə barışmır, hələ də onun yolunu gözləyirlər.
Mən özüm də qəhrəmanımızın doğulduğu ailənin bir üzvü olduğum üçün, onun keçdiyi qısa, lakin şərəfli həyat yolunu izləmiş canlı şahidəm. Elə bu səbəbdən də, ona verilmiş tərbiyənin, aşılanmış yüksək mənəvi dəyərlərin və eləcə də, təbliğ edilmiş vətənpərliyin hansı səviyyədə olmasına yaxşı bələdəm. Eşqin qonaqpərvər ailə içində, təmiz mühitdə və mərd ruhda böyümüşdü.
İllərlə ürəyində gizli saxladığı ana nisgili ilə bərabər, beynində düşmənə nifrət hissi ilə yaşayan məğrur Vətən övladının qismətində mənfur düşməndən şəhidlərimizin qisasını almaq da var imiş. O, öz qəhrəmanlığını, torpağına, bayrağına və əqidəsinə sadiqliyini isə, şərəflə keçdiyi hərbi xidmət zamanı sübut etdi.
Nəhayət, Vətənə xidmət borcunu vermək zamanı gəlir. Eşqin elə bu məqsədlə də, 2019-cu ilin oktyabr ayında həqiqi hərbi xidmətə yollanır. 2020-ci ilin yanvar ayından isə, xidmətini Azərbaycan Respublikasının Xüsusi Təyinatlı Qüvvələrində snayperçi kimi davam etdirir. Xidmət etdiyi dövrdə o, yuxarı komandanlığın və şəxsi heyətin arasında xüsusi hörmət qazanmış, döyüş-hazırlıq təlimlərini dərindən öyrənərək, verilən tapşırıqları vaxtında və nöqsansız yerinə yetirmişdır. Zaman keçdikcə Eşqin Mehtili peşəkar snayperçi kimi formalaşmış və bu sahənin dərinliklərini öyrənmişdi. Belə ki, o, hələ təlim atışlarında bir neçə dəfə hərbi hissə rəhbərliyi tərəfindən ən yaxşı atıcı- kəskin nişançı kimi fəxri fərmanla təltif edilmiş və xüsusi təşəkkür almışdır. Bununla yanaşı, qürur yerimiz olan şəhidimiz dağçılıq və üzgüçülük təlimlərində də fəal iştirak etmiş, həmin kursları da uğurla başa vurmuşdur.
Eşqin Mehtilinin ilk döyüşü isə, şəxsi heyətlə birgə 27 sentyabr 2020-ci il tarixdə, Vətən Müharibəsinin başladığı birinci gündə, Murovdağ istiqamətində baş vermişdir. Bu əməliyyat da uğrula nəticələnmiş, düşmənə sarsıdıcı zərbələr vurulmuşdur. Bir neçə gün sonra isə, 29 sentyabrda o, Cəbrayıl rayonu və ətraf kəndləri uğrunda gedən qanlı döyüşlərdə fəal iştirak etmişdir. Daha sonra Eşqinin döyüş yolu Füzuli rayonu istiqamətindən düşmüşdür. Rayonun Merdinli, Şükürbəyli, Aşağı və Yuxarı Əbdürrəhmanlı, Zərgər, Qaraxanbəyli və digər kəndlərin işğaldan azad olunmasında onun da özünəməxsus şəkildə rolu və xüsusi xidmətləri olmuşdur. Şəhid qardaşımızın son döyüşü isə, 14 oktyabr 2020-ci il tarixdə olmuşdur. Füzuli şəhərinin azadlığı uğrunda gedən gərgin döyüşlərdə Eşqin düşmənin bir neçə əsgər və zabitini məhv etdikdən sonra, ömrünün 19-cu baharında özü də qəhrəmancasına şəhid olmuşdur.
Heç vaxt qazandığı uğurlarından söz açmaz, bu barədə danışmağı xoşlamazdı Eşqin. Onu tanıyanlar, qohum-əqrəba və yaxın ətrafında olan dostlar nə qədər təkid etsələr də, qətiyyən hərbi xidmətdə baş verənlər barədə bir kəlmə belə deməzdi. Yaşadığımız ağır faciədən sonra şahidlərin dediklərindən məlum olmuşdur ki, o, düşmənə qan uddurmuş, özünün və digər şəhidlərimizin qisasını artıqlaması ilə almışdır. Lakin igidimiz bunu biruzə verməmiş, heç nə olmamış kimi xidmətinə davam etmişdir.
Bildiyimiz kimi, 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixə qədər 44 gün davam edən, hərb tariximizə Vətən Müharibəsi kimi daxil olan bu savaş, yenilməz Azərbaycan Ordusunun parlaq zəfəri ilə başa çatmışdır. Ermənistanın Azərbaycana qarşı növbəti planlaşdırılmış təxribatına cavab olaraq qüdrətli Azərbaycan ordusu bütün cəbhə boyu uğurlu əks-hücum əməliyyatları həyata keçirərək, düşmənə ağır, sarsıdıcı zərbələr endirmişdir.
Sevindirici haldır ki, müstəqil Azərbaycan dövləti işğal edilmiş torpaqlarını döyüşərək və düşməni sülhə məcbur edərək geri almşıdır. Mühüm bir məqamı da unutmaq olmaz ki, dövlətimiz bu mübarizəni bəşəri dəyərlərdən olan haqq və ədalətin bərpası naminə aparmışdır.
Möhtəşəm Qələbəmiz, məhz şəhidlərimizin qanı bahasına əldə edilmişdir. Danılmaz reallıqdır ki, fəxarət hissi ilə qeyd etdiyimiz bu Qələbənin əldə edilməsi sayəsində Şanlı Ordumuz, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyev və həmçinin, müqəddəs şəhidlərimiz öz adını tariximizin daş salnaməsinə qızıl hərflərlə yazmışdır!
Ömrü kimi, arzuları da yarımçıq qaldı əziz qardaşımın. Ali təhsil almaq, gələcəyini Vətəninə, dövlətinə layiqli bir vətəndaş kimi qurmaq arzusunda idi. Amma bütün bunlardan daha üstün olan bir addımı atmaq üçün ona qısa zaman kəsiyi bəs etdi. Şəhidlik zirvəsini fəth etməklə, özü boyda bir tarix yazdı fəxr yerimiz.
Həyatın sərt sınaqlarında bərkiyən, körpəlikdən kişi kimi yaşamağa alışan bir insan haqqında danışmaq, onu tərənnüm edəcək nə isə yazmaq mənim üçün çox çətin və məsuliyyətli bir işdir. Ürəyində dünyanın bütün gözəlliklərini yaşadan, qısa ömür payında xatirələrdə qalmağı bacaran və Allahın seçilmiş, sevimli bəndəsi olmağı haqq etmiş bir insan haqqında nə qədər yazsam, nə qədər danışsam da, yenə də azdır.
Bu yolda şəhadət şərbətini içərək şəhidlik məqamına yetişən, qəhrəmanlığı ilə əbədi ölməzlik qazanan igidimiz qədirbilən xalqımız tərəfindən sevilir və bu məhəbbət qəlbimizdə daim yaşayacaqdır.
Başını dik tut şəhid atası! Sən fəxr elə ki, Ana Vətənimiz üçün Eşqin kimi mərd, vətənpərvər bir övlad böyütmüsən! O övlad ki, üçrəngli, müqəddəs bayrağımızı düşmən əsarətindən azad etdiyimiz doğma torpaqlarımızda dalğalandırmışdır!
Ruhun şad olsun əziz qardaş, artıq Qələbə bizimdir. Rahat uyu, müzəffər Ordumuz Sənin də, bütün şəhidlərimizin də qisası artıqlaması ilə alıb.
Haqqını halal et şəhidim!
Yerin cənnətdir, bilirəm. Cənnətdə görüşərik, əgər bu müqəddəs məqam mənə də qismət olarsa…
Allah cəmi şəhidlərimizə rəhmət eləsin! Allah xalqımızı, müstəqil dövlətimizi qorusun və üçrəngli bayrağımızı daim uca etsin!
Təki, Vətən sağ olsun!

Diqqətinizə görə minnətdaram!

Dərin hörmətlə

Sabit Vaqif oğlu Mehdiyev

YAP Beyləqan Rayon təşkilatında məsləhətçi

Azərbaycan Respublikası Şəhid Ailələrinə Qayğı Cəmiyyətinin Beyləqan rayon şöbəsinin sədri.

Check Also

Azad edilmiş ərazilərdə daha bir kütləvi məzarlıq aşkarlanıb

İşğaldan azad edilən Xocavənd rayonunun Edilli kəndində daha bir kütləvi məzarlıq aşkar edilib. Boyukmillet.com xəbər …