İddiada bildirilir ki, “Azadlıq Radiosu” üçün nəzərdə tutulan vəsaitin verilməməsi ABŞ Konstitusiyasının pozulmasıdır
“Azad Avropa/Azadlıq Radio”ları (RFE/RL) martın 18-də ABŞ Qlobal Media Agentliyini (USAGM), eləcə də bu qurumun rəsmiləri Keri Leyk və Viktor Moralesi məhkəməyə verib.
Boyukmillet.com xəbər verir ki, “Azadlıq Radiosu”nun yaydığı press-relizdə deyilir ki, məqsəd radioya federal qrantın kəsilməsini bloklamaqdır.
İddiada bildirilir ki, Konqresin “Azadlıq Radiosu” üçün nəzərdə tutduğu vəsaitin verilməməsi federal qanunların və ABŞ Konstitusiyasının pozulmasıdır. Konstitusiya Konqresə federal xərclər üzərində müstəsna səlahiyyət tanıyır.
İddia Kolumbiya Dairəsi üzrə ABŞ Dairə Məhkəməsində qaldırılıb.
“Amerikanın düşmənlərinin təbliğatına və senzurasına yer vermək vaxtı deyil. İnanırıq ki, qanun bizim tərəfimizdədir, despotlar bizim sonumuzu vaxtından qabaq bayram edirlər”, – “Azadlıq Radiosu”nun prezidenti Stiven Kapus deyib.
Viktor Morales USAGM-in rəhbəri vəzifəsini icra edir, Keri Leyk isə onun baş müşaviridir.
Avropa İttifaqı (Aİ) siyasətçiləri də “Azadlıq Radiosu”na mümkün dəstəyi müzakirə edirlər.
Çexiyanın Avropa məsələləri üzrə naziri Martin Dvorjak Brüsseldə jurnalistlərə deyib ki, bu təşəbbüsə dəstək veriblər, amma blok cəld hərəkətə keçməlidir.
Dvorjak bildirib ki, təşəbbüs Ümumi İşlər Şurasında açıqlanandan sonra onlara daha çox ölkə qoşulacaq. O, məsələnin bir neçə həftəyə həll olunmasının vacibliyini vurğulayıb.
Çexiyanın təşəbbüsü ilə blokun xarici işlər nazirləri martın 17-də məsələni müzakirə ediblər.
Donald Tramp administrasiyası ABŞ hüdudlarından kənarda auditoriyaya yayımlanan yüzlərlə media əməkdaşını ödənişsiz məzuniyyətə göndərib. Bu, ilk növbədə, “Amerikanın Səsi” və “Azadlıq Radiosu” kimi media qurumlarının əməkdaşlarına təsir edib.
Hər iki qurumun müxbir və digər əməkdaşlarına e-poçt vasitəsilə məlumat verilib. Onlar bildiriblər ki, işçilər artıq ofislərə buraxılmayacaq və mətbuat üçün etimadnamələri, iş telefonları və digər avadanlıqları təhvil verməli olacaqlar.
Buna səbəb Trampın 2025-ci il martın 14-də imzaladığı ABŞ hökuməti daxilində 7 müstəqil federal agentlikdə irimiqyaslı ixtisarlarla bağlı sərəncamı olub.
Prezident ABŞ-nin Evsizlik üzrə Qurumlararası Şurasının (USICH), Azlıqların Biznesinin İnkişafı Agentliyinin (MBDA), Muzey və Kitabxana Xidmətləri İnstitutunun (IMLS) və ABŞ Qlobal Media Agentliyinin (USAGM) işçilərinin sayının “minimum səviyyəyə endirilməsi” əmrini verib.
USAGM 50 dildə informasiya yayımına nəzarət edir. Hər həftə bu informasiya 361 milyon izləyiciyə ötürülür.
2025-ci ildə USAGM-in ümumi büdcəsi 950 milyon dollar nəzərdə tutulub.
“Azadlıq Radiosu” üçün bu il 153 milyon dollara yaxın büdcə istənilib.
“Azadlıq Radiosu” 23 ölkədə, 27 dildə yayımlanır.