AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqatın ilkin nəticələri gələn həftə açıqlana bilər.
Boyukmillet.com xəbər verir ki, bu barədə Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev bildirib.
“ICAO standartlarına (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) əsasən aviasiya orqanları – təxminən 17-18 nəfər – Rusiya, Azərbaycan və Qazaxıstandan olan ekspertlər bir ay ərzində aviasiya hadisəsinin araşdırılmasını həyata keçirir. Komissiya işləyir. Uçuş parametrləri, rejimi və səs yazıları əsasında müəyyən nəticələr çıxarılacaq. Düşünürəm ki, gələn həftə ilkin hissə Nəqliyyat Nazirliyi tərəfindən dərc ediləcək. Çünki ICAO ilkin nəticələrin hadisə baş verdikdən sonra 30 gün ərzində açıqlanmasını tövsiyə edir. Çətinliklər var, amma biz işi vaxtında yekunlaşdırmalıyıq”, – K.Bozumbayev bildirib.
O, həmçinin təyyarə qəzasından sonra cinayət işinin başlandığını əlavə edib.
“Bundan başqa, cinayət işi açılıb – ballistik və partlayış-texniki ekspertiza var. Bizim güc strukturlarımız sıx təmasda işləyir”, – Baş nazirinin müavini vurğulayıb.
O qeyd edib ki, Braziliyada təyyarənin “qara qutular”ının oxunması prosesi başa çatıb və Qazaxıstana geri qaytarılıb.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
İlkin məlumata görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.