Bazar , 5 Yanvar 2025
Drone Cameras

Bərdədə müəllimin müəmmalı ölümü: Prokurorluq və ailəsi susur, tanışları isə… 

Qadın Klubunun rəhbəri çağırış edir, həmkarları böhtana məruz qaldığını deyirlər 

Bərdə sakini, 1988-ci il təvəllüdlü Vüsalə Verdiyevanın 19 dekabr 2024-cü ildə intihar etdiyi bildirilir. 

Məlumatı Bərdə Rayon Prokurorluğu yayıb.

Bildirilir ki, hadisə ilə bağlı araşdırma aparılır. Lakin hadisə ilə bağlı ətraflı məlumat verilmir. 

Vüsalə Verdiyevanın müəllim yoldaşı Meydan TV-yə hadisənin uzun müddətli psixoloji təzyiqlər əsasında baş verdiyini deyir.

Hazırda istintaq getdiyi üçün o, adının açıqlanmasını istəmir. Eyni zamanda, təhlükəsizliyi ilə bağlı da narahatlıqları var. 

Müəllim yoldaşı deyir ki, Verdiyeva oktyabrın sonlarından bəri güclü psixoloji təzyiqə məruz qaldığı üçün intihar edə bilər: 

“O yaşamaq eşqi çox olan insan idi. İntihar edəcəyinə inanmıram. Müəllimlərin qiymətləndirilmə imtahanında 53/60 bal toplamışdı. Lakin onun danışdıqlarına əsasən, ailəsində iqtisadi zorakılıqlara məruz qalırdı. Daha sonra barəsində şəxsi həyatına dair dedi-qodular yayılmağa başladı, sonra isə dərsə gəlmədi. Noyabrda işdən azad edildi, dekabrda da intihar etdiyini eşitdik”

“Baldızının ərinin borcuna görə Vüsalə ya özünün, ya da atasınının adına kredit götürmüşdü. Bununla bağlı əri və baldızı ilə problem yaşadığını demişdi. Yığdığı bal yüksək idi və buna görə də qısqanclığa məruz qalırdı. Barəsində şaiyələr çıxararaq məktəbdə ona qarşı psixoloji təzyiq edirdilər”, – deyə müəllim yoldaşı qeyd edib. 

Onun sözlərinə görə, müəllim yoldaşlarından biri oktyabrın axırlarında məktəbdən çıxarkən onu gedəcəyi yerə ötürüb. Bundan sonra haqqında dedi-qodular başlayıb, əri də onu xəyanət etməkdə ittiham edib: 

“Bundan sonra atası evinə gedib. Ondan sonra məktəbə gəlmədi. Bir müddət sonra işdən azad edildi. İşləməyi, ixtisasını sevirdi, öz xoşu ilə işdən uzaqlaşacağını düşünmürəm. Direktorun ona zəng etdiyini və nəsə danışdıqlarını bilirəm, sadəcə”. 

7 nömrəli məktəbin direktoru Mehparə Mustafayeva isə suallara belə cavab verib: 

“Hadisə işdən azad edildikdən sonra baş verib, məktəbdə heç bir hadisə baş verməyib, həm də intihar etdiyi tarixdən əvvəl işdən azad edilib”.

“İşdən niyə və ayın neçəsində azad edilib?” sualına cavabında isə direktor bildirib ki, müəllim özü ərizə ilə müraciət edib: 

“Noyabrın 1-də öz ərizəsi ilə çıxıb. Şəxsi qərarı idi, öz ərizəsi ilə çıxdı”.

Direktor müəllimə, ümumiyyətlə, zəng etmədiyini, şəxsi həyatı, niyə işləmək istəməməsi ilə bağlı hər hansı söhbət aparmadığını bildirib: 

“Mən ona zəng edib heç nə danışmamışam. Son günlərdə dərsə gəlmirdi, dedilər ki, işləmək istəmir”. 

Şayiələrdə adı hallanan həmkarı C.Məmmədov (ad şərtidir) isə Meydan TV-yə bildirib ki, Vüsalə Verdiyeva yaxşı müəllim olmaqla yanaşı, həmçinin yaxşı həmkar olub. 

O, böhtana məruz qaldıqlarını deyib: 

“Oktyabr ayının sonlarında dayanacağın yanından keçəndə Vüsalənin avtobus gözlədiyini gördüm. Dedim ki, eyni istiqamətdə gedirəm, onu gedəcəyi istiqamətdə düşürə bilərəm. Təşəkkür edərək əyləşdi. Yanılmıramsa, xəstəxanaya gedirdi. Çatanda düşdü və maşını döndərərkən ərini gördüm. Düşüb hər ehtimala yaxınlaşdım ki, birdən səhv anlayar. O da mənə bildirdi ki, heç bir problem yoxdur. Amma daha sonra bu məsələ şayiə halına gəldi. Mənim də, mərhumun da haqqında danışmağa başladılar”. 

“Ailəm, dostlarım mənə dəstək oldu, hələ mən kişi olaraq nə qədər çətin günlər yaşadım. Onun nələr yaşadığını təxmin edə bilirəm. Ona, bəlkə də, heç kəs dəstək olmadı. Bəlkə də, bu şayiələrdən xilas olmaq üçün özünü öldürdü”, – müəllim həmkarı belə deyib. 

Bərdə Qadın Klubunun rəhbəri Ülviyyə Babasoy da hadisə ilə bağlı çağırış edib

O, rayonda baş verən qadın qətllərinə və cinayətlərə diqqət çəkib. 

Üviyyə Babasoy müəllimin ölümünü müəmmalı adlandırıb.

“Bir neçə gün öncə isə Bərdə şəhərinin məktəblərinin birindən müəllim Vüsalə Arif qızı Verdiyeva intihar edib və ya öldürülüb. Bu cinayətə səbəb olanlar azadlıqda rahatca gəzirlər. Yəqin ki, digərləri kimi, bu məsələ də ədalətli araşdırma olmadan bağlanacaq… Elə bil, ölkə lənətlənib, insanlarımız vəhşiləşib, barbarlıq etməkdən zövq alırlar. Öldürmək və ya ölümə sövq etmək, adi bir şey olub azərbaycanlılar üçün…” – deyə o yazıb. 

Meydan TV hadisə ilə bağlı Baş Prokurorluqdan və mərhumun ailəsindən münasibət öyrənə bilməyib. Amma mərhumun tanışları onun yüksək psixoloji təzyiq altında həyatına qəsd edə biləcəyini ehtimal edirlər.

Check Also

Ötən gün ölkə ərazisində 30 kiloqrama yaxın narkotik aşkarlanıb

Polis əməkdaşları ötən gün ölkə ərazisində 30 kiloqrama yaxın narkotik aşkarlayıblar. Bu barədə Daxili İşlər Nazirliyinin …