Cümə , 19 Aprel 2024
Drone Cameras

Bakının qurtuluşunun 99-cu ili – qardaşlığın daşlaşmış rəmzi

Azərbaycanda Nuru Paşaya biganəlik varmı? Sabir Rüstəmxanlı: “Xalqın özü yığışıb Nuru Paşaya abidə ucalda bilər…”

Bu gün Bakının işğalçı erməni-bolşevik qüvvələrindən azad edildiyi gündür. 99 il öncənin bu günü Azərbaycan və türk əsgərləri paytaxtımızı azad edərək, tariximizə qızıl hərflərlə həkk olunan bir hadisəyə imza atdılar. 

1918-ci il 28 mayda Azərbaycan Xalq Cümhuriyyəti elan olunsa da, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar erməni-bolşevik işğalında idi. O səbəbdən Cümhuriyyətimizin paytaxtı qədim Gəncə idi. O vaxt 1-ci Dünya müharibəsində ağır məğlubiyyətə düçar olan və daxilindəki problemlərin həllinə başı qarışan Osmanlı Türkiyəsi Azərbaycanı da unutmadı. Cümhuriyyətimizin banisi Məhəmməd Əmin Rəsulzadənin müraciəti ilə Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru paşanın komandanlığı ilə hərbi qüvvələr Azərbaycana göndərildi, Qafqaz İslam Ordusu yaradıldı. Avropa dövlətlərinin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz etməsinə baxmayaraq qardaş köməyini əsirgəməyən, ölkəmizi tək qoymayan Türkiyə 1918-ci ilin avqust-sentyabr aylarında öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi. Bu döyüşlərdə Osmanlı qoşunları 1130 nəfər şəhid verdi. Həmin şəhidlərin şərəfinə Şəhidlər Xiyabanının yanında abidə də ucaldılıb. Azərbaycanda hər il sentyabrın 15-də bu hadisə qeyd edilir, şəhid əsgərlərin xatirəsi anılır.

Amma bununla belə, Nuru Paşanın xatirəsinə Bakıda heykəl ucaldılmaması daim qınanır və sərt tənqidlərə məruz qalır. Hər ilin bu günlərində bu məsələ daha da aktuallaşır. İctimaiyyətin tanınmış nümayəndələri dəfələrlə bununla bağlı aidiyyəti qurumlara müraciət etsələr də, mətbuat səhifələrində açıqlamalar versələr də, hələ ki məsələ öz həllini tapmır. Müzakirələrdə ən çox tənqidlərə məruz qalan şəxs də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovdur. Keçmiş “26-lar” bağını Nuru Paşanın adına verib burada ona heykəl ucaltmaqla bağlı təklif də öz aktuallığını saxlayır.

Image result for VHP sədri, xalq şairi Sabir Rüstəmxanlı

VHP sədri, xalq şairi Sabir Rüstəmxanlı bildirdi ki, Nuru Paşaya heykəl ucaldılmaması ona qarşı xalqın biganəliyi deyil: “Azərbaycanda Nuru Paşanın adı son dərəcə əzizdir, xatirəsi əziz tutulur. Rəsmi dairələrin onun abidəsi məsələsinə biganəliyi Nuru Paşanın abidəsinin, xatirəsinin yüksək tutulmaması, unudulması deyil. Xalqın münasibəti abidə, heykəllərlə ölçülməz. Nuru Paşanın adı əfsanəvi addır. Ölkəmizdə hər il onun adı yüksək minnətdarlıqla xatırlanır. Yüzlərlə, minlərlə ailələr var ki, Nuru Paşa onların ailələrini zamanında xilas edib, qırğınların qarşısını alıb. Xalqımız bunları unutmayıb. Azərbaycanda Nuru Paşaya soyuq münasibətdən danışmağa dəyməz. Nuru Paşanın abidəsi ucaldılsa, gərək 11-ci Qızıl Ordunun yerində ucaldılsın, yaxud türk əsgərlərinin şərəfinə ucaldılan abidənin yanında qoyulsun. Bakının ən görkəmli yerlərinin birində bu abidə ucaldılmalıdır. Onun abidəsi üçün Bakıda onlarla gözəl yer tapmaq olar. Son günlərdə fəaliyyəti dayanan kafenin adının dəyişdirilməsi və Nuru Paşanın adının kafeyə verilməsi, eləcə də, heykəlinin qarşısında ucaldılması fikirləri meydana çıxıb. Bu, heç cür olmaz axı. Əvvəla, bir daha o məsələyə qısa da olsa toxunmaq istəyirəm ki, o kafenin adı ”26-lar” deyil, sadəcə, “26″dır. Dünyanın bir çox yerlərində bu adda kafelər var. Yəni bunun 26 Bakı komissarına heç bir aidiyyəti yoxdur. Bunu ermənilərlə bağlamaq düzgün deyil. Yazıçılar İttifaqının ermənilərin mövqeyini qoruması, adlarını yaşatması kimi görüntüsü yaratmaq bütün yazıçılara və Yazıçılar Birliyinə sayğısızlıqdır. Bakıda ermənilərə himayədarlıq edən, adlarını saxlayan, onlarla ticarət edən nə qədər istəyirsiniz kifayət qədər imkanı yüksək olan şəxslər və vəzifə sahibləri tapmaq olar. Bu məsələnin Yazıçılar İttifaqına heç bir aidiyyəti yoxdur”.

Image result for Nuru Paşa

S.Rüstəmxanlı Nuru Paşanın abidəsinin ucaldılması və bu tipli məsələlərin çoxdan müzakirə edildiyini də qeyd etdi: “Bu işlə məşğul olan şəxslər təəssüf ki, məsələyə biganə yanaşırlar. Əslinə qalsa, xalqın özü yığışıb Nuru Paşaya abidə ucalda bilər. Ona borclu olan Bakı və Bakı kəndlərindən çoxsaylı adamlar var. Bir vaxtlar Bakı milyonçuları deyirdilər ki, Nuru Paşaya namus borcumuz var. Onun ingilislərin həbsindən qurtulmasına Bakı milyonçuları kömək etmişdilər. İndi onlar olsaydılar, bu məsələni asanlıqla həll edərdilər. Təəssüflər olsun ki, indi insanlarda o imkanlar yoxdur. Milli burjuaziya demək olar mövcud deyil. Belə bir şəraitdə hər şey dövlətin öhdəsinə qalır. Düşünmürəm ki, Nuru Paşanın ətrafında gedən söz-söhbətlər nəticəsiz qalacaq. Məncə, xalqın tələbi, nəhayət, nəzərə alınacaq, Bakıda onun adına layiq bir abidə ucaldılacaq. Xalq tərəfindən belə təşəbbüs olarsa, hökumətdən maneçilik yaradılmaz. Dövlət xalqın dövlətidir. Əgər xalq istəyində, iradəsində ardıcıldırsa, ona heç bir hökumət mane olmaz”.

Xalq şairi Türkiyədə də Nuru Paşaya biganə münasibətin olduğu barədə fikirlərə münasibət bildirdi:“Türkiyənin həmin dövr tarixi kifayət gərgin idi. Osmanlının özü neçə cəbhədə mübarizə aparırdı. Hətta o zaman Ənvər Paşa tərəfindən Azərbaycana göndərilən bu yardım Türkiyədə normal qəbul olunmur, hesab edirdilər ki, belə ağır şəraitdə Azərbaycana ordu göndərilməsi düzgün deyil. Ona görə İstanbula qayıdanda hərbi nazir onu həbs etmişdi. Təsəvvür edin ki, o zaman türk ordusunun Azərbaycana gəlişini yalnız müəyyən mütəxəssislər bilirlər. Onlar da daha çox Azərbaycanla bağlıdırlar. Türkiyə tarixində bu hadisə bizdəki kimi qabardılmır. Əslində bizim üçün daha vacib hadisə idi. Hər halda, Türkiyədə Azərbaycanla bağlı şəxslər, dərnəklər bu hadisəni bilir, sentyabrın 15-i bununla bağlı tədbirlər keçirirlər. Bu arada məlumat verim ki, İstanbuldakı dərnəklərimizdən biri hər il müəyyən heyətlə ölkəmizə gəlir, Qubadakı Soyqırım Muzeyini ziyarət edir, şəhid olan əsgərləri yad edirlər, mətbuat konfransı keçirirlər. Bu il də Bakıda Beynəlxalq Mətbuat Mərkəzində konfrans keçirəcəklər”.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir