Cümə axşamı , 26 Dekabr 2024
Drone Cameras

Bakı-Tiflis-Qarsdan sonra üçtərəfli Tehran zirvəsi – prezidentlər bir arada

Azərbaycan və İran prezidentləri ikitərəfli görüşdə Qarabağı müzakirə etdilər, işğalçı ölkə narahatdır; Tofiq Zülfüqarov: “Azərbaycan müxtəlif formatlarda layihələrin, əməkdaşlığın rəmzi olan hadisələrin ən vacib oyunçularından biridir”

Azərbaycanda baş tutan Bakı-Tiflis-Qars dəmir yolu xəttinin açılış mərasimindən sonra prezident İlham Əliyev daha bir mühüm toplantıda iştirak etməkdən ötrü qonşu İran İslam Respublikasına işgüzar səfər edib. Qeyd edək ki, Tehranda Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü olub.

İlham Əliyev, Vladimir Putin və Həsən Ruhani sammitdə infrastruktur layihələri və energetika sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Sammitin yekununda liderlər birgə bəyanat imzalanıb.

Bəyanatda gələcək əməkdaşlığın əsas istiqamətləri öz əksini tapır.

Bu formatda danışıqlar artıq ikinci dəfədir keçirilir. Liderlər ilk dəfə prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı ilin avqustunda Bakıda bir araya gəlmişdilər. (Report)

Tehranın Mehrabad hava limanında dövlətimizin başçısının rəsmi qarşılanma mərasimindən sonra İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin görüşü olub. APA-nın məlumatına görə, görüşdə Azərbaycan və İran xalqları arasında tarixi, mədəni və dini köklərin mövcudluğunun əlaqələrimizin möhkəmlənməsində rolu qeyd edilib, son beş ildə dövlət başçıları arasında on görüşün keçirilməsi uğurlu əməkdaşlığımızın səviyyəsinin göstəricisi kimi qiymətləndirilib, siyasi əlaqələrin uğurla inkişaf etdiyi bildirilib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub. Prezident İlham Əliyev Ermənistanın işğalçılıq siyasəti və münaqişənin həlli ilə bağlı danışıqlar prosesinin vəziyyəti barədə məlumat verib. Hərbi və hərbi-texniki sahədə əməkdaşlıq məsələləri və bu istiqamətdə perspektivlər müzakirə olunub, regional məsələlərə toxunulub, terrorizm və ekstremizmə qarşı mübarizə məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlığı böyük potensiala malikdir və bu format çox önəmli sahələrdə əməkdaşlıq üçün yaxşı nəticələr verə bilər. Görüşdə iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub, ticarət dövriyyəsinin keçən il 70 faiz, bu ilin 9 ayında isə 33 faiz artması yüksək qiymətləndirilib. Söhbət zamanı qarşılıqlı sərmayə qoyuluşu, energetika, neft-qaz, nəqliyyat sahələrində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinin uğurla icra olunduğu vurğulanıb.

Prezident İlham Əliyev noyabrın 1-də Tehranda İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xamenei ilə də görüşüb.

Daha sonra İrana gələn Rusiya prezidenti Vladimir Putinlə prezident İlham Əliyevin görüşü olub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, görüşdən öncə Putin qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq xarakterli əlaqələr mövcuddur. İkitərəfli əlaqələrin inkişafına yönələn səylərin hədər getmədiyini deyən Rusiya prezidenti bildirib ki, 2017-ci ilin ilk 9 ayında ticarət dövriyyəsinin həcmi 62 faiz artıb. “Biz digər istiqamətlər üzrə də işləyirik, daim regional problemlərlə bağlı məsləhətləşirik”, – deyə o vurğulayıb.

Öz növbəsində Azərbaycan prezidenti İlham Əliyev qeyd edib ki, bu cür görüşlər həmişə yaxşı nəticələrə gətirib çıxarır:“Biz əlaqələrin inkişafına yeni impuls veririk. Çox sevinirik ki, ticarət dövriyyəsinin həcmi artır. Bu, iki ölkənin biznes strukturlarının böyük qarşılıqlı maraqlarının göstəricisidir. Rusiya ilə əlaqələrimiz strateji xarakterə malikdir. Humanitar, iqtisadi, enerji, nəqliyyat, hərbi-texniki sahələrdə əməkdaşlıq edir. Ona görə də bu dostların, qonşuların və yaxın tərəfdaşların hərtərəfli münasibətləridir”.

İ. Əliyev onu da qeyd edib ki, Azərbaycan, İran və Rusiya prezidentlərinin sammiti qlobal miqyaslı tarixi hadisədir.

Tehranda həmçinin Rusiya və İran prezidentləri Vladimir Putin və Həsən Ruhani arasında ikitərəfli görüş keçirilib.

Səfərin ilk günü axşam saatlarında Tehranda Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli sammiti başlayıb.

Görüş zamanı tərəflər arasında energetika, nəqliyyat sahəsində əməkdaşlığa dair məsələlər əsas müzakirə mövzusu olub. Bundan başqa, tərəflər terrorla mübarizə və aktual regional məsələləri müzakirə ediblər.

***

Tehran zirvəsinə maraq böyükdür. “Nezavisimaya qazeta” da dərc edilən məqalədə qeyd edilir ki, “Xəzəryanı üçlüy”ün görüşü “Şimal-Cənub” nəqliyyat dəhlizinin inkişafına həsr olunub. Bu nəqliyyat dəhlizi vasitəsilə Hindistan və Fars körfəzi ölkələrindən gələn yüklərin Rusiya, Qərbi Avropa, Baltik və Skandinaviya ölkələrinə daşınması nəzərdə tutulub. Nəqliyyat dəhlizinin yaradılması təşəbbüsü 1993-cü ildən müzakirə olunsa da, yalnız 2000-ci ildə müvafiq razılaşma əldə olunub. İran, Azərbaycan və Türkiyə hökumətlərarası razılaşmasına görə, üç ölkə Xəzərin qərb sahili ilə quruda İranın Qəzvin şəhərindən Azərbaycanın Astara şəhərinə dəmir yolunun inşasını təşkil etmək istəyirlər. İlham Əliyev bəyan edib ki, Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycana aid hissəsinə bütün inşa işləri ötən il başa çatıb. Rusiya Dəmir Yolları İdarəsi isə ötən həftə bəyan edib ki, Şimal-Cənub” nəqliyyat dəhlizi ilə bu ilin doqquz ayı ərzində 4,7 mln. ton yük daşınıb. Ötən həftə Həştərxanda ilk dəfə olaraq Rusiya ərazisində İran Ticarət Evi açılıb. Məlumat üçün bildirək ki, bu regionun xarici ticarət dövriyyəsinin 30 faizi İranın payına düşür. Bu səbəbdən də ticarət evinin açılması Həştərxan, o cümlədən İran üçün mühüm əhəmiyyət kəsb edir.

Tehran sammiti ərəfəsində ekspertlər ölkələrin iqtisadi əməkdaşlığının səviyyəsini analiz ediblər. Xüsusən də İran maraq kəsb edir. Belə ki, bu ölkə beynəlxalq iqtisadi sanksiyalar üzündən uzun müddətdir ki, kənarda qalıb. İndi də itirilən mövqelərini geri qaytarmağa çalışır. “O ki qaldı Azərbaycana, onunla əməkdaşlığın səviyyəsi Rusiya rəhbərliyinin tam qane edir. Rusiya prezidenti bu günlərdə bəyan edib ki, Azərbaycanda 600-dək Rusiya şirkəti çalışır, birbaşa investisiyaları isə 1,5 mlrd. dollar təşkil edir. Avqust ayına ölkələr arasında ticarət dövriyyəsi 1709,1 mln. dollar təşkil edib. Ötən ilin yekunlarına görə, Rusiya ilə İran arasında ticarət dövriyyəsi 2 mlrd. dollar təşkil edib”, – deyə qəzet yazır.

Ermənistanda isə Bakı-Tiflis-Qars layihəsi ilə paralel şəkildə həyata keçirilməkdə olan növbəti iri layihə ilə bağlı ciddi narahatlıq var. Erməni politoloq Aram Amatuni “1.in.am” saytında “Putinin səfəri ərəfəsində həlledici sual: Ermənistan mərkəzdə, yoxsa kənarda qalacaq?” adlı məqaləsində dövlət başçılarının böyük regional görüşlərində Ermənistanın olmaması və qlobal iqtisadi layihələrdən kənarlaşdırılması haqqında yazıb. (axar.az) Müəllif xatırladıb ki, bu gün Rusiya prezidenti iqtisadi əməkdaşlıq perspektivi – xüsusən İran-Azərbaycan dəmir yolu xətti və onun Rusiyaya davamının müzakirə ediləcəyi İran, Rusiya və Azərbaycan prezidentlərinin üçtərəfli görüşü çərçivəsində Tehrandadır. Bu görüş ərəfəsində isə Bakıda bu dəfə Azərbaycan-Gürcüstan-Türkiyə formatında ölkə liderlərinin iştirakı ilə Bakı-Tiflis-Qars dəmir yolunun açılış mərasimi baş tutub.

“İrəvan heç bir regional formatda iştirak etmir”, – deyərək təəssüf hissini bildirən politoloq bu izolyasiyadan qurtulmaq üçün İran, Rusiya və Gürcüstanla heç olmasa ikitərəfli əlaqələri dərinləşdirməyi təklif edib.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Tehran zirvəsini “Yeni Müsavat”a şərh edərkən bildirdi ki, Azərbaycanın iştirakı ilə bölgədə çox mühüm hadisələr baş verir: “Adətən bizim regiondan terror aktları, toqquşma xəbərləri yayılırdı, regional əməkdaşlıq barədə məlumatlar çox az olurdu. İndi isə regional əməkdaşlığı əks etdirən transregional layihələrin həyata keçirilməsinin şahidi oluruq. Özü də Azərbaycan müxtəlif formatlarda layihələrin, əməkdaşlığın rəmzi olan hadisələrin ən vacib oyunçularından biridir. Həm Bakı-Tiflis-Qars dəmir yolu, həm Şimal-Cənub dəhlizinin reallaşmasına həsr oluna Tehran görüşü göstərir ki, artıq bu layihələr geridönməz xarakter daşıyır, biri artıq həyata keçirilib, digəri də reallaşdırılmaq üzrədir. Artıq bu istiqamətdə məsələlərin böyük bir hissəsi həll olunub. Azərbaycan regiondan dünyaya çox müsbət impulslar verir”.

Maraqlısı budur ki, Bakı-Moskva-Tehran zirvəsi çox unikal bir dövrə təsadüf etdi – Bakı-Tiflis-Qars dəmir yolunun açılışından dərhal sonraya. Bu da toqquşan maraqların təsir gücünün azaldılması baxımından önəm kəsb edir. Ancaq diqqət çəkən digər məqam ondan ibarətdir ki, Qərbin Rusiya və İranla münasibətlərində gərginliyin davam etdiyi şəraitdə belə, Azərbaycan bu iki ölkə ilə bölgənin daha bir nəhəng layihəsinin reallaşdırılması istiqamətində səylərini davam etdirir, qarşılığında hər hansı təzyiqlə üzləşmir, bu da balanslı siyasətin məntiqi siyasəti sayıla bilər.

T.Zülfüqarovun sözlərinə görə, ABŞ və Avropa regional əməkdaşlığı dəstəkləyir: “İkincisi də regional əməkdaşlığı pozan ölkələr bu layihələrdən kənarda qalıb, təbii ki, Ermənistanı nəzərdə tuturuq. Son günlər erməni mətbuatında paxıllıqla dolu məqalələrin yer almasını da müşahidə edirik. Təbii ki, Azərbaycan bu layihələrin təşəbbüskarlarından biridir desək, yanlış olmaz. Çünki investisiyaları çox hallarda Azərbaycan qoyur, kreditlər ayırır ki, digər ölkələr bu layihəni icra etsin. Bu baxımdan Azərbaycanın təqdir olunmalı fəaliyyəti var və gələcəkdə Azərbaycana çox böyük fayda verəcək. Türkiyə prezidentinin dediyi kimi, sərnişinlər Londondan qatara minib Pekinə qədər gedə biləcəklər”.

Sabiq nazir istisna etmir ki, digər regional ölkələr, həmçinin Orta Asiya ölkələri də bu layihədə yer alacaq. Bu isə onları bir-birinə daha sıx bağlayır: “Beynəlxalq tədbirlərdə görüşəndə həm bir-birinə dəstək verəcəklər, həm də bu layihələr nəticəsində qarşılıqlı şəkildə bəhrələnəcəklər”. T.Zülfüqarov Bakının müxtəlif üçtərəfli formatlarda iştirakını da önəmli sayır. Eyni zamanda bu formatların genişlənməsini də mümkün hesab edir: “Qabaqlar Türkiyənin də iştirakı ilə stabillik haqda 5 ölkələrin paktı var idi. Proseslər yenidən daha böyük formatın yaranmasına gətirib çıxara bilər. Bu cür layihələr gərginlikləri aradan götürəcək və yenidən bu cür paktlar yaranacaq”.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir