Cümə , 22 Noyabr 2024
Drone Cameras

Bakı və Kiyev arasında Qardaşlaşma haqqında niyyət protokolu imzalanıb

Ukrayna paytaxtında Bakı və Kiyev şəhərləri arasında Qardaşlaşma haqqında niyyət protokolu imzalanıb.

Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) verilən məlumata görə, niyyət protokolunu BŞİH başçısı Eldar Əzizov və Kiyev şəhərinin meri Vitali Kliçko imzalayıblar.

İmzalanma mərasimindən əvvəl Vitali Kliçko çıxış edib. O bildirib ki, Bakı olduqca surətlə inkişaf edir və Azərbaycan paytaxtında möhtəşəm layihələr həyata keçirilib:

“Biz Bakıda həyata keçirilən bəzi müasir layihələri öyrənərək Kiyevdə tətbiq edirik. Ümid edirəm ki, yaxın gələcəkdə Bakıya növbəti səfərim zamanı yeni maraqlı layihələrin şahidi olacağam”.

Kiyev şəhərinin meri vurğulayıb ki, imzalanan yeni niyyət protokolu iki dost şəhər arasında iqtisadi, ticarət, mədəniyyət, turizm sahələrində əməkdaşlığı daha da gücləndirəcək.

E.Əzizov isə qeyd edib ki, yeni niyyət protokolu iki şəhər arasında əlaqələri yeni müstəviyə çıxaracaq: “Bakı və Kiyev şəhərləri arasında əməkdaşlığın inkişafı bizi sevindirir. Ukrayna paytaxtında da maraqlı layihələr həyata keçirilir və biz bu səfər çərçivəsində bunun şahidi olduq”.

Görüşdə iki şəhər arasında 1997-ci ildə imzalanmış əməkdaşlığa dair saziş əsasında mövcud qardaşlaşma əlaqələrinin daha genişləndirilməsi barədə qərar qəbul edilib və həmçinin Azərbaycanın ötən il düşmən üzərində qazandığı Şanlı Qələbə nəticəsində azad edilmiş torpaqlarda böyük sürətlə aparılan bərpa quruculuq işləri barədə məlumat verilib.

Görüşdə Kiyev meriyasına və Ukraynanın KİV nümayəndələrinə erməni millətçilərinin işğal altında olmuş ərazilərimizdə törətdikləri vandalizm faktlarını əks etdirən foto-albomlar təqdim edilib.

İmzalanma mərasimində Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova da iştirak edib.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …