Cümə , 22 Noyabr 2024
Drone Cameras

Bakıda İslamofobiya ilə mübarizəyə həsr olunacaq beynəlxalq konfransın proqramı açıqlanıb

Bu il martın 8-9-da Bakıda keçiriləcək “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq elmi konfransda dünyanın 30 ölkəsindən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələrini əhatə edən 130 beynəlxalq qonağın iştirakı gözlənilir.

Boyukmillet.com-un məlumatına görə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20 Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün ikinci ildönümünə həsr olunan tədbirdə mövzu üzrə yerli ekspertlər, dövlət qurumlarının nümayəndələri, dini icma rəhbərləri və dövlət rəsmiləri də iştirak edəcək.

Konfrans çərçivəsində iki plenar iclas keçiriləcək. Hər paneldə 6-7 spikerin olması nəzərdə tutulur.

“Tolerantlığı, sülhü və insan hüquqlarına və dini müxtəlifliyə hörməti təşviq etmək üçün qlobal dialoqa çağırış” adlı panel iclasda “Multikulturalizm, İslam və sivilizasiyaların toqquşması nəzəriyyəsi: İslamofobiyanın yenidən nəzərdən keçirilməsi”, “İctimai rəyin formalaşdırılması: rəqəmsal islamofobiya” və “Ali təhsil kontekstində islamofobiya ilə mübarizə” sessiyaları təşkil olunacaq.

“Qərbi Avropada müsəlmanlara münasibətdə oxşarlıqlar və fərqlər, müsəlman icmasının əsas insan hüquqları” adlı panel iclasda isə “Fransada müsəlmanlara qarşı siyasətlər: İslamofobiyanın normallaşdırılması”, “Qeyri-müsəlman ölkələrində islam mədəni və dini irsinin qəsdən məhv edilməsi və təhqir edilməsi aktları” və “Cinsiyyətli islamofobiyanın matrisi: müsəlman qadınların repressiyası və müqaviməti, gender və cəmiyyət” mövzularında sessiyalar keçiriləcək.

Martın 10-da konfrans iştirakçılarının 2024-cü ilin İslam dünyasının mədəniyyət paytaxtı elan edilən Şuşaya səfəri planlaşdırılır.

Qeyd edək ki, martın 15-nin “İslamofobiya ilə mübarizə günü” olması ilk dəfə 2020-ci il noyabrın 27-28-də İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Nigerin Niamey şəhərindəki toplantısında elan olunub. BMT Baş Assambleyası isə 2022-ci ildə martın 15-ni “İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü” kimi qəbul edib.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …