Bu gün “İçərişəhər” Tarix-Memarlıq Qoruğu ərazisində əlilliyi olan insanların cəmiyyətə inteqrasiyası və onların sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edən növbəti “ATMA-YARAT-SAT” sosial layihəsi çərçivəsində satış-sərgi yarmarkası keçirilib.
Boyukmillet.com xəbər verir ki, yarmarka “Təmiz Şəhər” ASC nin təşkilatçılığı, Sosial Xidmətlər Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərxalça”ASC, “İçərişəhər” Tarix-Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Yaradıcı Sənayelər Federasiyası və Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin dəstəyi ilə təşkil olunub.
Layihə çərçivəsində iştirakçıların müxtəlif əl işləri nümayiş olunmaqla, satışı təşkil edilib. Əldə olunmuş vəsait onların sosial vəziyyətinin yaxşılaşdırılmasına və iş imkanlarının genişləndirilməsinə şərait yaradacaq.
Yaradıcı insanların toxunuşu ilə lazımsız hesab edilən əşyaların gözəl sənət əsərlərinə çevrilməsi zövq oxşamaqla yanaşı, ətraf mühitə atılan tullantıların həcminin azalmasına səbəb olur. Bu prosesə dəstək vermək məqsədi ilə ikinci dəfə olaraq “ATMA-YARAT-SAT” adlı sosial layihəsi keçirilib. Layihə əsasən Vətən müharibəsində iştirak edərək sağlamlığını itirən və digər kateqoriyadan əlilliyi olan yaradıcı insanları əhatə edib.
Bir sıra dövlət qurumlarının və təşkilatların dəstək verdiyi “ATMA-YARAT-SAT” layihəsinin mütəmadi olaraq keçirilməsi fiziki imkanları məhdud olan insanların məşğulluq imkanlarını genişləndirməklə yanaşı, tullantı hesab edilən əşyaların təkrar istifadəsinə marağı artıracaq.