Cümə axşamı , 14 Noyabr 2024
Drone Cameras

Bakıda yağışlar nəticəsində yaranan problemlə bağlı cinayət işi açılıb

Eldar Əzizov keyfiyyətsiz tikinti ilə bağlı istintaqın aparıldığını deyir

Oktyabrın 22-də Bakıda güclü yağışlar nəticəsində yol keçidlərini, tunelləri və çoxsaylı küçələri sel basması nəticəsində Sabunçu rayonu ərazisində tuneldə iki nəfərin həyatını itirməsi ilə bağlı cinayət işinin açıldığı deyilir.

“Turan”ın məlumatına görə, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov danışıb.

Eldar Əzizov bildirib ki, güclü yağışdan sonra Bakıda su keçidləri infrastrukturunun zəif yerləri üzə çıxıb.

Onun sözlərinə görə, paytaxtın kanalizasiya, su təchizat sistemi “Azərsu”nun balansındadır:

“Bu onların vəzifələridir. Tunellər isə “Azər-Yol-Tikinti”nin balansındadır. Amma buna baxmayaraq burada Bakı şəhər İcra Hakimiyyəti koordinator kimi çıxış etməlidir. Biz özümüzü məsuliyyətdən kənarlaşdırmırıq və bu qurumlarla əməkdaşlıq edirik. Tədbirlər görürük ki, bir daha belə hadisələr olmasın”.

Eldar Əzizov keyfiyyətsiz tikinti işləri ilə bağlı araşdırma aparılıb-aparılmaması barədə suala belə cavab verib:

Son yağışlar zamanı baş verən hadisələrlə bağlı prokurorluqda cinayət işi açılıb. Hadisə baş verən tunel “Azərbaycan Dəmir Yolları” QSC-nin balansındadır. Təbii ki, indi prokurorluq tərəfindən istintaq aparılır. Yəqin, nəticələri ilə bağlı məlumat verəcəklər”.

Oktyabrın 22-də subasmaya məruz qalmış Sabunçu tunelində iki sürücü, 48 yaşlı Elnur Şirinov və 29 yaşlı Köçəri Abbasov həyatını itirib.

Onlar Bakıdan Kürdəmirə çörək daşımasında sürücü kimi işləyirdilər.

Həmin gün Bakıya çörək dalınca gələn sürücülər tək canlarını yox, yeganə gəlir yerləri olan çörək daşıdıqları avtomobili də qoruyub sahibinə çatdırmağa çalışırdılar.

Check Also

SOCAR-ın sabiq vitse-prezidentinin oğlu ilə bağlı yeni məhkəmə qalmaqalı

 Orxan İsmayılzadənin milyonlarla dəyəri olan daşınar və daşınmaz əmlakı məlum olub SOCAR-ın keçmiş vitse-prezidenti Mikayıl …