Cümə , 22 Noyabr 2024
Drone Cameras

Bakının daşınmaz əmlak bazarında qiymətlər necə dəyişib?

Ötən ilin dekabr ayında Bakının daşınmaz əmlak bazarında qiymətlər noyabr ayına nisbətən 0,49 %, illik müqayisədə isə 10,83 % artıb.

Bu barədə “Report”a daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov bildirib.

İlkin və təkrar mənzil bazarı

Onun sözlərinə görə, ötən ilin dekabr ayında paytaxtda təkrar mənzillərin qiyməti (1 kvadrat metrə görə dəyişən struktur ilə orta qiymət) 0,69 %, il ərzində isə 11,79 % artıb:

“Təkrar mənzil bazarında yeni tikililərdə mənzillərin (1 kvadrat metrə görə) qiymətində ay ərzində 2,58 % azalma, il ərzində 7,03 % artım, köhnə tikililərdə mənzillərin qiymətində (1 kvadrat metrə görə) ay ərzində 3,53 %, il ərzində 16,87 % artım qeydə alınıb. Bazarda təklif portfelinin həcmi ay ərzində 4,48 %, il ərzində 25,38 % yüksəlib. Təklifin medianası ay ərzində 1,54 %, il ərzində 14,27 % artıb, modası isə ay ərzində və illik müqayisədə 33,33 % yüksəlib.

İlkin mənzil bazarında qiymətlərdə (1 kvadrat metrə görə) bir öncəki ayla müqayisədə 4,9 %, il ərzində 24,29 % artım müşahidə edilib. Bazarda təklif sayı ay ərzində 10,3 % azalıb, il ərzində 41,22 % artıb”.

N.İbrahimov bildirib ki, mənzillərin kirayəsi bazarında qiymətlərdə (1 kvadrat metrə görə) ay ərzində 6,12 %, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 24,65 % artım qeydə alınıb. Mənzillərin kirayəsi üzrə təklif sayı ay ərzində 1,5 % azalıb, il ərzində 37,39 % artıb”.

Fərdi yaşayış və bağ evləri

Ekspertin sözlərinə görə dekabr ayında paytaxtda fərdi yaşayış və bağ evlərinin satış qiymətində (1 kvadrat metrə görə) noyabr ayına nisbətən 6,67 %, son 1 ildə isə 9,14 % artım olub:

“Bazarda təklif sayı ay ərzində 0,2 % azalıb, il ərzində 11,27 % artıb. Fərdi yaşayış və bağ evlərinin kirayəsi bazarında dekabr ayı ərzində qiymətlərdə (1 kvadrat metrə görə) 21,61 %, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 22,07 % artım qeydə alınıb. Günlük kirayəyə verilən fərdi yaşayış və bağ evlərinin qiyməti ay ərzində 10,77 %, il ərzində 26,73 % artıb. Fərdi yaşayış və bağ evlərinin kirayəsi üzrə təklif sayı ay ərzində 17,9 %, il ərzində 3,47 % azalıb”.

Kommersiya obyektləri

N.İbrahimov ötən ilin dekabr ayında Bakıda kommersiya obyektlərinin satış qiymətinin (1 kvadrat metrə görə) noyabr ayına nisbətən 10,09 %, son 1 ildə isə 15,29 % azaldığını deyib:

“Bazarda təklif sayı ay ərzində 0,78 %, il ərzində 18,9 % yüksəlib. Obyektlərin icarə qiymətləri isə (1 kvadrat metrə görə) ay ərzində 3,09 %, il ərzində isə 8,65 % artıb. Kommersiya obyektlərinin icarəsi üzrə təklif sayında ay ərzində 0,86 %, il ərzində 19,02 % artım olub”.

Torpaq və tikinti materialları

N.İbrahimov qeyd edib ki, ötən ilin dekabr ayında Bakıda torpaq (1 sota görə) noyabr ayına nisbətən 7,38 % ucuzlaşıb, son 1 ildə isə 21,42 % bahalaşıb:

“Torpaq bazarında təklif sayı ay ərzində 5,94 %, il ərzində 28,38 % artıb.

Tikinti materialları bazarında isə ötən ilin son ayında qiymətlər 3,85 %, il ərzində isə 21,95 % artıb. Dəmir məmulatlarının qiymətində ay ərzində 2,17 %, il ərzində 6,9 % azalma, taxta məmulatlarının qiymətində ay ərzində 5 %, il ərzində 17,39 % azalma, diktin qiymətində ay ərzində 9,52 %, il ərzində 53,33 % artım, dam örtüklərinin qiymətində ay ərzində 10 % artım, il ərzində 4,35 % azalma, sementin qiymətində ay ərzində 4,51 % artım, il ərzində 6,71 % azalma, şüşənin qiymətində ay ərzində 4,17 % artım, il ərzində 10,71 % azalma qeydə alınıb. Qumun qiyməti ay ərzində 4 % artıb, il ərzində dəyişməz qalıb, daş məmulatlarının qiyməti ay ərzində dəyişməyib, il ərzində 3,33 % azalıb.

Mənzil bazarında qiymət artımı davam edəcək

Azərbaycan Qiymətləndiriclər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc da ötən ilin son ayında Bakıda mənzillərin qiymət artımın davam etdiyini deyib:

“Dekabr ayı alqı-satqı əməliyyatlarının o qədər də çox olduğu ay sayılmır. Bununla belə ötən ilin dekabr ayında Bakıda həm yeni, həm də köhnə binalarda mənzillərin qiymətində artım davam edib. Bu da onu göstərir ki, yaxın müddətdə Azərbaycanda hər hansı fors-major hadisə olmazsa qiymətlərin enməsindən söhbət gedə bilməz. Əksinə, qiymət artımı davam edəcək və hər ay qiymətlərin az da olsa artımının şahidi olacağıq. Hesab edirəm ki, ən çox qiymət artımı Nərimanov, Xətai və Nəsimi rayonlarında olacaq. Həmin ərazilərdə yeni tikililərin sürətlə artması və xüsusilə də ipoteka ilə mənzil alanların axını bu ərazilərdə mənzillərin bahalaşmasına səbəb olub”.

Onun sözlərinə görə, köhnə tikililərdə 2 otaqlı mənzillərin qiyməti Bakının Nəsimi rayonunda 2,3 %, Nizami rayonunda 2 %, Qaradağ rayonunda 1 %, Sabunçu rayonunda 1,7 %, Səbail rayonunda 2,2 %, Suraxanı rayonunda 1,5 %, Xətai rayonunda 2 %, Yasamal rayonunda 2 %, Binəqədi rayonunda 1,1 %, Nərimanov rayonunda 2,2 % artıb: “Yeni tikililərdə 2 otaqlı mənzillər isə qeyd edilən rayonlar üzrə müvafiq olaraq 5 %, 4,5 %, 4,9 %, 3 %, 4 %, 2,7 %, 4,7 %, 4,6 %, 4,1 %, 8,1 % bahalaşıb”.

V.Oruc bildirib ki, fərdi yaşayış evlərinin satış qiymətləri ay ərzində stabil qalıb: “Amma inşaat materiallarının qiymətinin artması və qarşıdakı aylarda da bahalaşacağının gözlənilməsi onu deməyə əsas verir ki, yaxın müddətdə fərdi yaşayış evlərinin də qiyməti artacaq”.

Kirayə qiymətləri stabil qalıb

V.Oruc əlavə edib ki, kirayə mənzil bazarında ötən ilin əvvəlində baş verən ajiotaj ilin sonunda yaşanmadı: “Hazırda bu bazar üzrə qiymətlər stabildir. Yəni ötən il ərzində baş verən qiymət artımları nəticəsində əldə olunan qiymətlər hələ də qorunub saxlanılır. Bu stabilliyin də səbəbi ölkəyə xaricdən gələnlərin hesabına bu bazara tələbatın olmasıdır. Dekabrda obyektlərin icarə qiymətində də kəskin dəyişiklik olmayıb. Çünki bir ay kirayə qiymətlərinin dəyişməsi üçün elə də böyük müddət deyil”.

Check Also

Azərbaycan şirkətləri Britaniyada keçiriləcək sərgiyə dəvət olunub

Azərbaycanın innovativ aqrotexnologiyalar sahəsində fəaliyyət göstərən şirkətləri 2025-ci ilin yanvarında Böyük Britaniyada keçiriləcək kənd təsərrüfatı …