Şənbə , 23 Noyabr 2024
Drone Cameras

“Baku Steel Company” Avropa bazarlarında fəaliyyətini genişləndirir

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Polşa İnvestisiya və Ticarət Agentliyinin təşkilatçılığı ilə ötən gün İqtisadiyyat Nazirliyinə məxsus “Bakı Biznes Mərkəzi” MMC-də Azərbaycan-Polşa Biznes Forumu keçirilib.

Tədbirin açılışında AZPROMO​-nun rəhbəri Yusif Abdullayev, Polşa İnvestisiya və Ticarət Agentliyinin İdarə Heyətinin üzvü Zdzislav Sokal, Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova, Polşanın Azərbaycandakı səfiri Rafal Poborski, Azərbaycanın Mərkəzi Avropa ölkələrindəki ticarət nümayəndəsi Nemət Nağdəliyev, Polşa İnqtisadi İnkişaf və Texnologiyalar Nazirliyinin şöbə rəisi Matsey Falkovski çıxış ediblər. Natiqlər Azərbaycan və Polşa arasında iqtisadi-ticari sahədə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların mövcudluğunu qeyd edib, hər iki ölkənin bu əlaqələrin inkişafında maraqlı olduğunu bildiriblər.

Daha sonra, Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov, Polşanın Qdansk limanı administrasiyasının müştərilərlə iş üzrə meneceri Mixal Stupak və “Bank Gospodarstwa Krajowego” bankının eksperti Feliks Kobirski təmsil etdikləri qurumların fəaliyyəti barədə təqdimatla çıxış ediblər.

Forum çərçivəsində yalnız Azərbaycanın deyil, bütün Qafqazın ən böyük metallurgiya şirkəti olan “Baku Steel Company” QSC ilə Polşanın metallurgiya sənayesinin 4 aparıcı şirkəti arasında əməkdaşlığa dair memorandum imzalanıb. Bunlar “Zystal”LLC, “Warstal A.M. Sp.z.o.o” LLC, “Touye Group Sp.z.o.o” LLC və “Kostal M.M Koneccy Sp.J” GP şirkətləridir. Bu memorandum gələcəkdə “Baku Steel Company”nin istehsal etdiyi məhsulların nəinki Polşada, həmçinin digər Avropa ölkələrinin bazarlarında da satışının həyata keçirilməsinə imkan yaradacaq.

Daha sonra Biznes Forum ikitərəfli işgüzar danışıqlar formatında davam etdirilib.

“Baku Steel Company” hazırda yüksək keyfiyyətdə armatur, katanka (məftil), kvadrat və dairəvi pəstahlar, tikişsiz borular, habelə çeşidli fasonlu tökmələr istehsal edir. Burada həmçinin şveller, künclüklər, ikitavrlar, kvadrat və dairəvi çubuqların da istehsalı həyata keçirilir. Yarandığı 20 ildən artıq dövrdə nəinki Azərbaycanın, bütün regionun tanınmış brendinə çevrilə bilən “Baku Steel Company”nin məhsulları yerli bazarda böyük tələbatla satılmaqla yanaşı Avropa, Amerika və Asiyanın ümumilikdə 20-dən çox ölkəsinə ixrac olunur.

Check Also

Azərbaycan şirkətləri Britaniyada keçiriləcək sərgiyə dəvət olunub

Azərbaycanın innovativ aqrotexnologiyalar sahəsində fəaliyyət göstərən şirkətləri 2025-ci ilin yanvarında Böyük Britaniyada keçiriləcək kənd təsərrüfatı …