İndoneziyanın Bali adasında ABŞ Prezidenti Cozef Bayden və bir sıra dünya liderlərinin iştirakı ilə Polşanın Ukrayna ilə sərhədyanı bölgəsində raketin düşməsi ilə bağlı insidentlə əlaqədar görüş keçirilib.
Boyukmillet.com xəbər verir ki, bu barədə Yaponiyanın “Kyodo” informasiya agentliyi məlumat yayıb.
Görüşün təfərrüatları hələlik verilmir. İclasın keçirilməsi ilə bağlı Balidə baş tutacaq “G20” sammitinin proqramında da ciddi dəyişiklik barədə hələlik məlumat verilməyib.
Danışıqlarda C.Baydendən başqa, Yaponiyanın Baş naziri Fumio Kisida, Böyük Britaniyanın Baş naziri Rişi Sunak, Kanadanın Baş naziri Castin Trüdo, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və İspaniyanın Baş naziri Nazir Pedro Sançes, Niderlandın Baş naziri Mark Rütte, İtaliyanın Baş naziri Corca Meloni iştirak ediblər.
Xatırladaq ki, Rusiyanın Ukraynaya etdiyi genişmiqyaslı raket hücumundan sonra bir neçə mərminin Polşa ərazisinə düşdüyü güman edilirdi. Hadisə nəticəsində 2 nəfər həlak olub. Olaydan sonra Polşanın Baş naziri Mateuş Moravetski “böhran vəziyyəti” ilə əlaqədar hökumətin Təhlükəsizlik və Müdafiə Komitəsinin təcili iclasını çağırıb.
Eyni zamanda, noyabrın 16-da Polşanın tələbi ilə NATO səfirləri Alyansın nizamnaməsinin 4-cü maddəsi əsasında iclas keçirəcəklər.
İnsidentlə əlaqədar çıxış edən Polşa Prezidenti Anjey Duda Alyansın döyüşə hazır vəziyyətdə olduğunu vurğulayıb: “Bu gün söhbət etdiyim bütün liderlər 5-ci maddə daxil olmaqla nizamnamənin bütün müddəalarına hörmətlə yanaşaraq məni müttəfiq dəstəyində əmin ediblər. Bu məsələni birlikdə müzakirə edəcəyik”.
Qeyd edək ki, Polşa NATO üzvüdür. NATO nizamnaməsinin 5-ci maddəsinə əsasən, əgər bir NATO üzvü silahlı hücumun qurbanı olarsa, Alyansın bütün digər üzvləri bu zorakılıq aktını bütün NATO ölkələrinə qarşı silahlı hücum hesab edəcək və hücuma məruz qalmış NATO ölkəsinə kömək etmək üçün lazım bildikləri tədbirləri görəcəklər.