Baş prokuror Kamran Əliyev Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva ilə görüşüb.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
K.Əliyev Azərbaycanla BMT və onun qurumları arasında münasibətlərin yüksək səviyyədə olmasını bildirib.
Baş prokuror həmçinin dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un ölkəmizdə keçirilməsinin dünya ölkələrinin növbəti dəfə Azərbaycana olan böyük etimad və hörmətinin, o cümlədən ölkəmizin dünya miqyasında artan nüfuzu və güclü mövqelərinin göstəricisi olduğunu xüsusilə vurğulayıb.
BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreyeva səmimi qəbula görə təşəkkürünü bildirərək Azərbaycanın sədrliyi çərçivəsində təşkil olunacaq COP29 kimi nüfuzlu beynəlxalq konfransın önəmindən və dünya dövlətlərinin üzləşdiyi qlobal ekoloji problemlərin həllinə töhfəsindən danışıb.
Görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər, o cümlədən Baş Prokurorluqla BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi (UNODC) arasında cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq və sair məsələlər ətrafında faydalı müzakirələr aparılıb.