Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun bir sıra elmi işçilərinin Ermənistan tərəfindən işğaldan azad edilmiş ərazilərimizdə qanunsuz arxeloji qazıntıların aparılması, Azərbaycana məxsus maddi və mədəni irs abidələrinin talanması barədə mətbuatda dərc edilmiş müraciətinə Baş Prokurorluq tərəfindən baxılmışdır.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bununla bağlı bildirilmişdir ki, Ermənistan tərəfindən artıq işğaldan azad edilmiş ərazilərimizdə arxeloji qazıntıların aparılması, tarixi maddi və mədəni irs abidələrinin talanması və digər epizodlarla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılmaqla istintaq qrupu yaradılmışdır.
Cinayət işi üzrə müstəntiqlər tərəfindən hadisə yerlərinə baxış da daxil olmaqla zəruri istintaq hərəkətləri keçirilir, habelə digər dövlət qurumları ilə birlikdə dəymiş maddi, o cümlədən mütəxəssislər və ekspertlər cəlb edilməklə tarixi və arxeologiya baxımından dəymiş ziyanın müəyyən edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilir.
Kütləvi informasiya vasitələrində dərc edilmiş müraciətdə qeyd edilmiş digər faktlara da diqqət yetirilməklə, cinayət işi üzrə aparılan istintaq zamanı həmin xüsusatların araşdırılması təmin ediləcəkdir.
İstintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.