Çərşənbə axşamı , 7 May 2024
Drone Cameras

BDU-da akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş respublika konfransı keçirilib

Bakı Dövlət Universitetində (BDU) akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş “Görmə orqanının fiziologiyası və patologiyalar” adlı respublika konfransı keçirilir.

Boyukmillet.com xəbər verir ki, konfransın açılışında çıxış edən BDU-nun rektoru Elçin Babayev Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında xidmətlərindən bəhs edib. Rektor qeyd edib ki, bu il Azərbaycan oftalmologiya elmini beynəlxalq aləmdə tanıdan, oftalmologiya sahəsi üzrə ilk qadın akademik, tibb elmləri doktoru, professor, gözəl insan, fədakar ana Zərifə Əliyevanın 100 illik yubileyidir. Görkəmli alim vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatlar aparıb. Eyni zamanda, “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Zərifə xanım Əliyeva yüksəkixtisaslı kadrların hazırlanmasına da böyük əmək sərf edib. Onun birbaşa rəhbərliyi ilə gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişib. Görkəmli alim tələbələrinə zəngin həyat təcrübəsini öyrədib, onlara diqqət və qayğı ilə yanaşıb. Zərifə xanım Əliyeva Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, “Vestnik oftalmologiyi” (Moskva) jurnalı redaksiya heyətinin üzvü olub. 1981-cı ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Zərifə Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülüb. Professor Zərifə xanım Əliyeva həmin mükafata layiq görülən ilk qadın olub. Apardığı elmi tədqiqatların yüksək səviyyəsi, onların sosial əhəmiyyəti, ictimai fəallığı, pedaqoji istedadı, çoxillik elmi-tədqiqat işlərində böyük xidmətləri layiqincə qiymətləndirilərək, 1983-cü ildə Zərifə xanım Əliyeva Azərbaycan SSR Elmlər Akademiyasının akademiki seçilib. Görkəmli alim, fəal ictimai xadim Zərifə xanım Əliyeva xidmətlərinə görə orden və medallarla təltif olunub, Azərbaycanın Əməkdar elm xadimi kimi yüksək fəxri ada layiq görülüb.

Rektor bildirib ki, görkəmli dövlət və elm xadimi, bütün bilik və bacarığını xalqa xidmətə sərf etmiş Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım valideynlərinə layiqli bir övlad, məşhur alim, tanınmış həkim, istedadlı insan, sədaqətli ömür yoldaşı və qayğıkeş ana idi. Zərifə xanım Əliyeva, eyni zamanda, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin – Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Zərifə xanım Əliyevanın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Lakin bu adlar sırasında ən şərəflisi Ana adıdır. Qeyri-adi bir ana olan Zərifə xanımın övladlarına münasibəti də xüsusi idi. O, nə edirdisə, böyük sevgi ilə edirdi. Onun sevgisinin gücü öz ailəsinin hüdudlarında daha çox duyulurdu. Görkəmli alim, xeyirxah insan, qayğıkeş ana olan Zərifə Əliyeva xalqımızın yaddaşında əbədi yaşayacaq.

Sonra Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova, AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova və digər çıxış edənlər Zərifə xanım Əliyevanın zəngin elmi irsindən, oftalmologiyanın müxtəlif sahələri üzrə аpаrdığı tədqiqatlardan bəhs ediblər.

Check Also

Diasporun güclü təşkilatları küsdürüldü, dağıdıldı… – Bülənt Gürçam

“Azərbaycan diasporu son 20 ildə ancaq dağılma, parçalanma prosesi yaşıyır”. Bu sözləri Diaspora.TV-yə açıqlamasında Belçika Azərbaycan …