Cümə , 22 Noyabr 2024
Drone Cameras

Beynəlxalq ictimaiyyət Ermənistanın və erməniliyin necə bir faşist, irqçi ölkə olduğunu dərk etməyə, anlamağa başlayıb

Samir Adıgözəlli: “Ermənistanın adının antisemitizmin artdığı bir ölkə kimi həmin hesabata daxil edilməsi…”

Ermənistanın yürütdüyü faşizm siyasəti, başqa xalqlara, dövlətlərə qarşı irəli sürdüyü separtizm hərəkətləri, milli-dini, irqi ayrıseçkilik istiqamətində apardığı təbliğat onun özünün başında çatlamağa başlayıb. Belə ki, İsrail Ermənistanı antisemitizm siyasətin aparıldığı ölkələr sırasına daxil edib.

İsrailin Diaspora məsələləri Nazirliyi tərəfindən dünyada antisemitizmlə bağlı vəziyyətə dair illik hesabat hazırlanıb.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən baki-xeber.com-a verilən məlumata görə, 27 yanvar – Holokost qurbanlarının anım günü öncəsində dərc edilən bu hesabatda dünya ölkələrində 2020-ci ildə antisemitizm vəziyyəti dəyərləndirilir: “Hesabatda Ermənistanda antisemitizmin ciddi şəkildə artması ilə bağlı məlumat verilir. Belə ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, eləcə də İsrail ilə Azərbaycan arasında siyasi və müdafiə sahəsində əməkdaşlığın Ermənistanda antisemitizmin artmasına gətirdiyi vurğulanır. Bu fonda, erməni xalqına qarşı tarixi və hazırkı cinayətlər ittihamları ilə etnik-dini zəmində yəhudilərə qarşı siyasi tənqidin konkret hücumlar ilə əvəzləndiyi qeyd olunur. İsrail dövlətinə qarşı tənqidin, hətta ifrat şəkildə antisemitizm bəyanatlarının səsləndiyi bildirilir.

Məlum olduğu kimi, Ermənistanda nasizmin təbliği və faşizmin qəhrəmanlaşdırılmasının dövlət siyasətinə çevrildiyi tərəfimizdən dəfələrlə, o cümlədən, ən yüksək səviyyədə qaldırılmışdır. Bu xüsusda, Azərbaycan Respublikasının Prezidentinin 2019-cu ildə MDB Dövlət başçıları Şurasının iclasında konkret sənədlərə və dəlillərə əsaslanan çıxışını xatırlatmaq istərdik.

Azərbaycan tərəfinin davamlı şəkildə qaldırdığı və ciddi narahatlıq doğuran bu meyllər artıq beynəlxalq hesabatlarda əks olunur və beləliklə də Ermənistanda antisemitizmin artımı ilə bağlı həyəcan təbili çalınır.

Etnik və dini zəmində nifrət siyasətinin heç bir gələcəyi yoxdur və bu fikirlər onu təşviq edən dövlətin və xalqın fəlakətinə çevrilə bilər. Ermənistan bu təhlükəli meyllərdən çəkinməli və xalqlararası sülh, əməkdaşlıq və rifahın yaradılması naminə səylər göstərməlidir. Sözsüz ki, bunun həm Ermənistana, həm bölgəyə, həm də beynəlxalq ictimaiyyətə faydası olacaq”.

  • “Bu ölkənin bəşəriyyətə qarşı əkdiyi ziyanverici toxumlar artıq “boy verir” və bunun

İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Samir Adıgözəlli hesab edir ki, artıq beynəlxalq ictimaiyyət Ermənistanın və erməniliyin necə bir faşist, irqçi ölkə olduğunu və dünya xalqlarına, dövlətlərinə qarşı siyasət apardığını dərk etməyə, anlamağa başlayıb. “Uzun illərdir Azərbaycan dövləti rəsmi şəkildə Ermənistanın iç üzünü açır, bu ölkənin apardığı faşizm, antisemitizm siyasətini ifşa edir, ermənizmin faşizmlə heç bir fərqi olmadığını bəyan edir. Müharibədə məğlub olan Ermənistanda doğrudan da hazırda separatçılıq, antisemitizm siyasəti çox qabarıq şəkil alıb. Müharibə dövründə İsraillə Azərbaycan arasındakı hərbi əməkdaşlıqlar, bütün əlaqələr düşmən ölkəni daha da  qıcıqlandırıb. Hesabatdan da açıq görsənir ki,  Ermənistanda antisemitizm ciddi şəkildə artıb və daha təhlükəli şəkil alıb”.

S.Adıgözəlli vurğuladı ki, Ermənistanın antisemitizmin artdığı ölkə kimi adının məlum siyahıya düşməsi təsadüfi deyil, çünki bu ölkədə həmişə bu mənfi hal olub, müşahidə edilib. “Hesab edirəm ki, bu həm də uzun illərdir Azərbaycan dövlətinin Ermənistanın həyata keçirdiyi, dövlət siyasətinə çevirdiyi antisemitizmi, mütəmadi olaraq faşizm ideyalarını yaymasını bütün faktlarla, sübutlarla beynəlxalq aləmə çatdırılması istiqamətində apardığı məqsədyönlü siyasətin nəticəsidir.  Yürütdüyü antisemitizm, faşizm siyasəti ilə Ermənistan artıq özünü təcrid edilmiş vəziyyətə salmaqdadır. Bu proses davam edəcək. Daha bir sıra ölkələr, bir sıra beynəlxalq təşkilatlar Ermənistandan üz döndərəcək. Artıq beynəlxalq təşkilatlar Ermənistandan azərbaycanlılara qarşı apardığı soyqırımların, eyni zamanda, dövlət siyasətinə çevirdiyi dini-irqi, milli ayrıseçkiliklərin, faşizmin, antisemitizmin, monoetnik dövlətə çevrilməsinin, əhalisinin yalnız ermənilərdən ibarət olmasının, eləcə də Qarabağda dini-mədəni, maddi irsə, məzarlıqlara qarşı törətdiyi cinayətlərin hesabını soracaqlar və bu ölkəni sərt şəkildə cəzalandıracaqlar. Ermənistanın cəzalandırılması bizim üçün Vətən müharibəsində Ermənistan üzərində qazandığımız qələbənin davamı olacaq, beynəlxalq hüquq müstəvisində möhtəşəm zəfər qazanacağıq. Ermənistanın adının antisemitizmin artdığı bir ölkə kimi həmin hesabata daxil edilməsi bu ölkəyə beynəlxalq aləm tərəfindən vurulan sərt bir şillədir. Ermənistana hələ beynəlxalq ictimaiyyət, beynəlxalq təşkilatlar daha çox sarsıdıcı, ifşaedici şillələr vuracaqlar. Bu ölkənin bəşəriyyətə qarşı əkdiyi ziyanverici toxumlar artıq “boy verir” və bunun “bəhrəsi”ni faşizmi, antisemitizmi yayan Ermənistan görür və görəcək də” – deyə S.Adıgözəlli qeyd etdi.

İradə SARIYEVA 

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …