Avrasiya Qiymətləndiricilər Birlikləri Şurasına rəhbərlik Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruca təklif olunub.
Boyukmillet.com xəbər verir ki, bu barədə Avrasiya Qiymətləndiricilər Birliyinin baş direktoru, professor Nikolay Trifonov, FRICS tərəfindən AQC-yə ünvanlanan rəsmi məktubda bildirilib.
Müraciətdə AQC-nin xüsusilə Vüqar Orucun rəhbərliyi dönəmində Azərbaycanda müstəqil qiymətləndirmənin inkişafında, milli qiymətləndirmə standartlarının formalaşdırılmasında və beynəlxalq əməkdaşlığın genişləndirilməsində roluna diqqət çəkilib.
Məktubda xatırladılıb ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti 2002-ci ildə Avrasiya Qiymətləndiricilər Birlikləri Şurasının təsisçilərindən biri olub. Şura ötən dövrlərdə Azərbaycanda qiymətləndirmə sahəsinin inkişafına dəstək göstərib, ixtisasartırma kursları və seminarlar təşkil edib, milli standartların hazırlanmasında iştirak edib.
Məktubda qeyd olunub ki, AQC beynəlxalq tədbirlərin təşkilində hər zaman iştirak edib. Cəmiyyət Bakıda və Qəbələdə Avrasiya qiymətləndiricilərinin beynəlxalq konqres və konfranslarını keçirib. AQC nümayəndələri müxtəlif dövrlərdə Şuraya rəhbərlik ediblər.
Hazırda Avrasiya Qiymətləndiricilər Birlikləri Şurasına Belarus sədrlik edir. Məktubda bildirilib ki, Belarus tərəfi sədrlik səlahiyyətlərini növbəti ölkəyə təhvil vermək niyyətindədir və bu vəzifə üçün Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin namizədliyini irəli sürməyi təklif edir. Bu çərçivədə Vüqar Orucun Şuraya rəhbərlik etməsi məsələsi gündəmə gətirilib.
Müraciətdə AQC sədrinin bu beynəlxalq quruma rəhbərlik etməsinin iqtisadi əlaqələrin inkişafına, qiymətləndirmə sahəsində beynəlxalq əməkdaşlığın güclənməsinə və peşəkar əlaqələrin genişlənməsinə töhfə verə biləcəyi vurğulanıb.
Qeyd edək ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti 1998-ci ildə təsis edilib, 1999-cu ildə dövlət qeydiyyatına alınıb. Vüqar Oruc 2022-ci il mayın 20-də AQC-nin İdarə Heyətinin sədri seçilib, 2025-ci il mayın 3-də keçirilən VIII Hesabat-Seçki Konfransında növbəti müddətə bu vəzifəyə yenidən seçilib. O, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) yaradılmasının təşəbbüskarlarından biri olub, 2024-cü ilin mayında qurumun prezidenti seçilib, 2026-cı ilin iyununda isə CAATS-ın fəxri prezidenti elan edilib. Vüqar Oruc həm də Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) Milli Qiymətləndirmə Standartlarının hazırlanması üzrə 54 saylı Texniki Komitəsinin sədridir.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
