Beynəlxalq Türk Akademiyasının prezidenti Azərbaycanın xarici işlər naziri ilə görüşüb
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəlini qəbul edib.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Xarici İşlər Nazirləri Şurasının 8-ci Toplantısı çərçivəsində baş tutan görüşdə nazir Ceyhun Bayramov Türk Akademiyasının fəaliyyətini yüksək qiymətləndirib və onun türk dövlətləri arasında təhsil, elm, mədəniyyət istiqamətində əməkdaşlıqda rolunu təqdir etdiyini bildirib. Türk Akademiyası ilə bağlı müvafiq çoxtərəfli sənədlərin imzalanması prosesinin başa çatmasından məmnuniyyət ifadə edən nazir bundan sonra təşkilatın daha aktiv fəaliyyət göstərəcəyinə inandığını, bu istiqamətdə Azərbaycan tərəfinin hər cür dəstəyə hazır olduğunu ifadə edib.
Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli Qarabağ Zəfərinin birinci ildönümü münasibətilə təbriklərini çatdırıb və bu qələbənin bütün Türk dünyasının ortaq zəfəri olduğunu bildirib. O, eyni zamanda təşkilatın fəaliyyətinə göstərdiyi yüksək səviyyəli dəstəyə görə Azərbaycan tərəfinə təşəkkürünü ifadə edib, həyata keçirilməkdə olan və nəzərdə tutulan layihələr barədə məlumat verib.
Xarici işlər nazirinə 10-cu əsrdə, Qaraxanlı dövləti dövründə ilk dəfə qədim Türk dilinə çevrilən və Türk Akademiyası tərəfindən çap olunan müqəddəs Qurani-Kərim kitabı təqdim edilib.
Görüşdə digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.