Onlar təzminat və mənzillərin verilməməsindən şikayətçidirlər
Boyukmillet.com xəbər verir ki, oktyabrın 9-da 1990-cı il 20 Yanvar hadisələri zamanı həlak olanların yaxınları Şəhidlər Xiyabanında aksiya keçiriblər.
Şəhid ailələri həlak olan yaxınlarına görə onlara təzminat, döş nişanı, mənzillərin verilməməsindən şikayət ediblər.
Bildiriblər ki, aidiyyəti qurumlar onları qəbul etmir, şikayətlərini dinləmirlər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.
Nazirliyin saytında 2024-cü ilin yanvarın 19-da dərc olunan hesabatda qeyd olunur ki, ƏƏSMN tərəfindən ötən dövrdə 20 Yanvar hadisələri nəticəsində əlil olan, həmçinin həyatını itirənlərin ailələrinə 143 mənzil verilib.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ hərbi qüvvələrinin Bakıda dinc əhalini atəşə tutması nəticəsində 134 nəfər həlak olub.
Rəsmi məlumatlara əsasən, SSRİ rəhbərliyinin göstərişi ilə Bakıya 35 minlik ordu korpusu yeridilib. Məqsəd Azərbaycandakı kommunist rejimini xilas etmək və milli-azadlıq hərəkatını boğmaq idi.
SSRİ Müdafiə Nazirliyi, DİN və DTK tərəfindən hazırlanan əməliyyat “Zərbə” adlanırdı.
Məlumatlara görə, əməliyyatda əsas rolu “ALFA” xüsusi təyinatlı qrup və SSRİ DTK-nın təxribat qrupları oynayıb.
Qoşunların Bakıya yeridilməsi üçün əsas bəhanələrdən biri yanvarın 13-15-də baş vermiş erməni qiyamları olmuşdu. Lakin qoşunlar gələnə kimi bu qiyamlar dayandırılmışdı. Nəticədə 134 mülki şəxs öldürülüb, 700-dən çox adam yaralanıb. Daha 13 nəfər Neftçala və Cəlilabadda həlak olub.
Yanvarın 20-si Azərbaycanda Matəm Günü kimi qeyd olunur.