Bazar ertəsi , 20 May 2024
Drone Cameras

Biz ağac əkənik, yoxsa kəsən?! Sahil Tahirli yazır…

Cəhri selabındakı yarısı qurumuş sonuncu söyüd ağacını məhəllə uşaqları ilə bir yerdə qol-budaq edib evlərimizə daşımağımızdan təxminən 25 ilə yaxın vaxt ötür. O vaxt təkcə bizim kəndimiz yox, ümumilikdə, Naxçıvan “donurdu”. Blokada, qaz yox, işıq yox, yanacaq yox, daşımalar yox, dəmir yolu iflic… Çarə on illərlə boya-başa çatmış ağacları kəsib sobalarda təzəklə birlikdə yandırmağa qalmışdı. Nəinki dağda-daşda, meşələrdə, heç həyətlərdə də kölgəsində daldalanacaq yaşıl ağaclar qalmamışdı. Onlar da insanların ümidi kimi kəsilə-kəsilə gedirdi…

Lakin əldə etdiyimiz müstəqillik, qazandığımız sosial-iqtisadi uğurlar və dövlət-xalq birliyi Naxçıvan kimi onun təbiətinə də ikinci həyat verdi. Ulu öndər Heydər Əliyevin muxtar respublikada yaşayıb fəaliyyət göstərdiyi illərdə verdiyi sərəncamla əsası qoyulan yaşıllaşdırma tədbirləri, keçirilən iməciliklər sonrakı dönəmdə daha böyük miqyasda davam etdirilərək geniş vüsət aldı. 2005-ci ildən qədim diyara təbii qazın verilməsi də yaşıllıqların təbii amillər və insan zəhməti hesabına artırılması üçün ciddi əsas yaratdı.

Naxçıvanın iqliminə hamımız bələdik – kəskin kontinental, hədsiz isti, quraq və soyuq… Ona görə də burda bir ağaca qulluq edib onu böyütmək bir körpəni böyütməyə bərabərdi. Lakin insan zəhməti, insan birliyi, torpaq, yurd sevgisi bütün çətinliklərin açarıdı. Nəticə isə belədir: Əgər 90-cı illərdə Naxçıvan ərazisinin 0,6 faizi yaşıllıq altında idisə, indi bu rəqəm 20 faizə çatdırılıb. Böyük meşə massivləri, park və xiyabanlar, yol kənarlarında çinar, şam, akasiya zolaqları, püstə, badam, cəviz bağları, kəndlərin əkinə yararsız, ilan mələyən təpələrində damcılı sistemlərlə daimi suvarılan yaşıl terraslar, tingçilik təsərrüfatları qədim diyarın bugünkü gözəl mənzərəsidi. Məsələyə kompleks yanaşmanın nəticəsidir ki, son illər muxtar respublikanın suvarma və irriqasiya sistemləri də əsaslı genişlənib, açıq və qapalı suvarma şəbəkələrinin tikilməsi ilə on minlərlə hektar əkilməyən torpaq əkin dövriyyəsinə qatılıb, bu hesaba təbiət ərazilərinin də daimi su təminatı ödənilib.  

Ata-babalarımız deyib ki, meşədə yaşasan belə hər ağacın qədrini bil. Bu gün biz təkcə işimizi ağac əkməklə bitmiş hesab etmirik, həm də onları qoruyuruq. Aparılan silsilə ekoloji maarifləndirmə tədbirlərinin nəticəsində şüurlarda köklü dəyişiklik edilib: İndi polis də, müəllim də, mühəndis də, arıçı da, böyük də, lap elə uşaq da Naxçıvanda ağaca müqəddəs varlıq kimi yanaşır, onu özünün bir parçası hesab edir. Naxçıvanda ilin bütün fəsillərində ən sadə sakin də ağacəkmə aksiyalarına qoşularaq əkin edir, suvarır, biçir. 20 il bundan qabaq bəzən anlaqsız, soyuq yanaşılan bu proses indi həyat normasına, həyat ritminə çevrilib. Və bir də illərdir Naxçıvanda bir prinsip əsas götürülüb: “Torpağı əkmirsənsə, qorumağına, qorumursansa, əkməyinə dəyməz”.  

Onu da qeyd edim ki, Naxçıvanın bu qədər yaşıllaşdırılmasının sirri həm də şəxsi nümunədə gizlənib. Şəxsən mən hər həftə yaşıllaşdırma aksiyalarına, iməciliklərə çıxıb yeni tinglər əkən, bağ salan ikinci bir rəhbər və ya lider tanımıram. Ali Məclisin Sədri cənab Vasif Talıbov artıq 30 ildir bunu edir. Hətta yayın qızmar günlərində – ağac əkmək mümkün olmayanda da Naxçıvan sakinləri əvvəlki mövsümlərdə əkilən ağacları suvarır, budayır, körpə uşaq kimi qulluğunda dayanıb nazını çəkirlər. Təsadüfi deyil ki, 2016-cı ildə Naxçıvanda olan Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu “Əl-Fəcr” qəzetinin baş redaktoru Şərif Əl Bəsil öz qəzetində yazmışdı ki, Naxçıvanın iməcilik ənənələrini bütün dünyada vətəni, torpağı sevmək nümunəsi kimi tətbiq etmək lazımdır, yoxsa ekoloji böhran gələcəkdə bəşəriyyəti məhv edəcək.

Təəssüf ki, görülən bu qədər işlərə, ekoloji tədbirlərə kölgə salmağa çalışan, məsələnin mahiyyətini təhrif edən ünsürlərə də bəzən rast gəlirik. Bu günlərdə telekanalların birində guya Sədərək rayonunda ağacların kəsildiyi bildirilib. Lakin əsl həqiqət isə ondan ibarətdir ki, rayon ərazisində bir neçə quru ağac kəsilərək hərbi hissələrə təhvil verilib. Əvəzində isə kəsilən quru ağacların yerində yeni tinglər əkilib, ümumilikdə, rayon ərazisində bu il də geniş yaşıllaşdırma işləri davam etdirilib. Düzdür, muxtar respublikadan bildirilən ciddi iraddan sonra verilişin aparıcısı yanlış məlumat verildiyinə görə tamaşaçılardan, Naxçıvan Muxtar Respublika sakinlərindən üzr istəyib. Lakin mənim fikrimcə,  bizim bir sıra media nümayəndələrinin Şərif Əl Bəsilin baxış və dünyagörüşünün ən azı yüzdə birinə sahib olmaması heç də yaxşı əlamət deyil…

Qısası, bu qədər aparılan kompleks yaşıllaşdırma tədbirlərindən sonra Naxçıvan dünyanın mühüm ekoturizm ünvanlarından birinə çevrilə bilib. Batabatdan Ordubada, Şərura, Culfaya qədər yaşıllıqlar göz oxşayır. Mən bunu cəsarətlə deyirəm: Muxtar diyarda bu illər ərzində aparılan yaşıllaşdırma tədbirləri heç Avropanın mənəm-mənəm deyən qabaqcıl ölkələrində də aparılmayıb…

Qaldı ki, Sədərəyə, yazıya əlavə etdiyim fotoşəkil özü sizə hər şeyi deyəcək…

Check Also

“Veysəloğlu”nun “Araz” marketləri müştəriləri belə aldadır – VİDEO

“Veysəloğlu” şirkətlər qrupuna daxil olan “Araz supermarketlər şəbəkəsi” yenə istehlakçıları aldatmağa davam edir. Boyukmillet.com “Azərbaycan …