“Biz harda oynamalıyıq, harda düşünməliyik, bunu bilmirik. Bu, bizim xalq üçün ciddi bir problemdir. Fransada da eyni hal təkrar edildi. Yadınızdadırsa, Fransada məlum qərar alınan zaman bizim diaspor təmsilçiləri orada “Nə oldu, Paşinyan?” mahnısını oxuyub oynadılar. Bu da idarə edilməyən bir vəziyyətdir. Biz diasporu istiqamətləndirə bilmirik”…
Boyukmillet.com xəbər verir ki, bu barədə Bizimyol.info xəbər portalına Azərbaycan-Belçika evinin rəhbəri Bülənt Gürçam danışıb. Onun sözlərinə görə, fəaliyyətlərin çoxu “qaş düzəldərkən göz çıxarmaq” prinsipi ilə həyata keçirilir.
Diaspor sədri Diasporla iş üzrə dövlət Komitəsinin keçirdiyi “Şuşa qurultayı”ndan da söz açıb. O, qeyd edib ki, qurultaya dəvət edilənlərə nəzarət edilməli idi.
“Bəzən insanları özbaşına buraxdığın zaman öz sevinclərini necə göstərəcəklərini bilmirlər. Həddən artıq sevinc bəzən insana zərər də verə bilir. Orada da elə oldu. Çox ciddi narazılıqlar oldu. Həddən artıq çox danışdılar qurultaydan. Ora lazımlı insanlar da dəvət edilmədi. Mən özüm getmək istəsəm də alınmadı” – deyə Bülent Gürçam qeyd edib. Onun sözlərinə görə, qurultaya dəvət edilənlər öz ölkələrinə qayıtdıqdan sonra heç bir iş görülmədi.
“Mən 2011-ci ildə “Əsir torpaq Qarabağ” adlı fransızca kitab yazmışam. Kitabda Şuşa haqqında, işğal altında olan torpaqlarda baş verənlər haqqında yazmışam. Hər şeyi fransız dilində anlatmışam. Sanki bir gizli əl diaspora, Azərbaycanın dünyada tanıdılmasına əngəl olur. O gizli əl kimin əlidir, bilmirik. Həmin gizli əl Diaspor komitəsində də var, səfirliklərdə də var. Kimsə maraqlanmır ki, səfirliklər niyə yaxşı işləmir. Səfirlikdən çıxıb bizə qarşı işləyən adamlar var”-deyə Gürçam qeyd edib.
Bizimyol.info xəbər portalının Bülent Gürçam ilə hazırladığı videomüsahibəni aşağıdakı ekrandan izləyə bilərsiniz: