Ermənistan parlamentində “Ermənistan” fraksiyasının üzvü Artur Xaçatryan ölkəsinin ABŞ–İran qarşıdurmasının mümkün təsirlərindən kənarda qalmalı olduğunu bəyan edib.
Boyukmillet.com xəbər verir ki, müxalif deputat bu mövqeyi regionda artan geosiyasi gərginlik və böyük güclər arasındakı qarşıdurma fonunda səsləndirib.
Xaçatryan bildirib ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə ABŞ dövlət katibi Marko Rubio arasında baş tutan son danışıqlarda İran mövzusunun qaldırılması İrəvan üçün son dərəcə təhlükəli ola bilər. Onun sözlərinə görə, belə müzakirələr Ermənistanı istəmədiyi halda ABŞ–İran qarşıdurmasının bir hissəsinə çevirə və ciddi təhlükəsizlik çağırışları yarada bilər.
Deputat vurğulayıb ki, Ermənistan müstəqillik əldə etdikdən sonra müxtəlif güc mərkəzləri ilə balanslı və işlək münasibətlər qurmağa çalışıb. Lakin hazırkı mərhələdə bu balansın pozulması riski xeyli artıb və rəsmi İrəvan daha ehtiyatlı davranmalıdır.
Xaçatryan xüsusilə Zəngəzur dəhlizi ətrafında gedən proseslərə diqqət çəkib. Onun fikrincə, İran bu layihəni öz milli maraqları üçün təhlükə kimi qəbul edir və gərginliyin dərinləşəcəyi halda Ermənistan geosiyasi güclərin toqquşma meydanına çevrilə bilər.
Müxalif deputatın sözlərinə görə, Ermənistanın əsas hədəfi ABŞ–İran qarşıdurmasından maksimum dərəcədə uzaq qalmaq, bu savaşa cəlb olunmamaq və ölkənin təhlükəsizliyini risk altına atmamaq olmalıdır.


Boyukmillet.com Biz yanmasaq vətən yanar
