Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Bizim müxalifət Belarus hadisələrini nə qədər çək-çevir etsə də, Azərbaycana uyğunlaşdıra bilmir

Samir Adıgözəlli: “Deməlidirlər ki, xalq, izdiham hakimiyyətin yanındadır, onların yox”

Belarusda son seçkilərdən sonra başlayan etiraz aksiyaları hələ də davam edir. Bir çox ölkənin lideri Aleksandr Lukaşenkonu yenidən prezident seçilməsi münasibətilə təbrik etdi. Baş verənlər Belarusun daxili məsələsidir, hərçənd, etirazların xaricdən idarə olunduğu heç kəsə sirr deyil.

Ən diqqət çəkən məqam Azərbaycanda Belarus hadisələri üzərindən aparılan təbliğat və bir çox hallarda məsələnin yanlış formada təqdim edilməsidir. Belə cəhdlər etiraz dalğasının Azərbaycana da köçürülməsi istəklərindən qaynaqlanır. Xüsusilə özlərini radikal mövqeli göstərməyə çalışan müxalifyönümlü bəzi şəxslər sosial şəbəkələrdə Azərbaycanla Belarus arasında gülünc müqayisələr aparırlar. Bu qəbildən olan insanlar tez-tez Belarusdakı izdihamın şəklini çəkib, bunun güya tezliklə Bakıda da təkrar oluna biləcəyinə dair rəylər yazırlar. Hətta bəzi radikallar bir az da irəli gedərək, fotomantaj proqramı vasitəsilə həmiz izdihama Azərbaycan bayraqlarını əlavə etməklə ictimai rəyi çaşdırmağa çalışırlar. Bizim radikalların əksər hallarda hara iləsə müqayisə aparmaq cəhdləri bütün hallarda iflasa uğrayır. Bunun səbəbini nə ilə izah etmək olar?

İctimai Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzinin rəhbəri  Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bunun başlıca səbəbi ideya kasadlığı, səriştəsizliklə bağlıdır:  “Bu cür mahnıları bizim radikalların ifasında ilk dəfə deyil ki, eşidirik. Hələ bəzi postsovet ölkələrində Sorosun layihəsilə rəngli inqlablar başlayanda, bizim müxalifət də narıncı rəngə büründü. Elə bildilər ki, narıncı paltarlar geyinməklə həmin inqlabları bura da ixrac edə biləcəklər. Nəticədə tam fiaskoya uğradılar. Bundan sonra bəzi ərəb ölkələrdə baş verən “Ərəb baharı” inqlablarından ruhlanıb, təbliğatlarını bu istiqamətdə aparmağa başladılar. Bu da alınmadı. İndi də harada izdiham görürlərsə, həmin şəkilləri paylaşırlar, bununla xam xəyallara düşürlər. Bunu Venesuela ilə də bağlı etdilər, indi də Belarusa baxıb ümidlənirlər. Siyasətdən başları yaxşı çıxsa, bilərlər ki, hər bir ölkənin özünə məxsus spesifikası var. Bilməlidirlər ki, fərqli coğrafiyada baş verənin eynilə bura transferi yalnız arzu ola bilər. Azərbaycan hakimiyyəti müxalifətə, demək olar ki, bütün lazımi şəraiti yaradıb. Ölkədə sosial şəbəkələr sərbəst şəkildə fəaliyyət göstərir. Bunların misal çəkdiyi ölkələrdə insanları meydanlara məhdud şəkildə fəaliyyət göstərən sosial şəbəkələrin imkanlarından istifadə etməklə yığırlar. Bizdə niyə edə bilmirlər? Bax, müxalifət kimisə yamsılamaqdansa, bu barədə düşünməlidir. Uzun illər müxalifətə düz metronun çıxışında, şəhərin mərkəzində aksiya keçirmək üçün yer ayrıldı. 10 minlik stadionu doldura bilmədilər. Deməli,  bunlar səhvi özlərində axtarmaqla yanaşı, həm də həqiqəti etiraf etməlidirlər. Deməlidirlər ki, xalq, izdiham hakimiyyətin yanındadır, onların yox.  Mən Belarusda çox olmuşam. Pis ölkə deyildi. Ancaq Azərbaycandakı inkişafla ayaqlaşa bilməzdilər. Hesab edirəm ki, onların bizdən nümunə götürmək üçün çox şeylər vardı. Yadınızdadırsa, Lukaşenko bir dəfə özü bizim Prezidentə borc pulla bağlı müraciət etdiyini dedi. Bunun özü bizim ölkənin münasibətlər sistemindəki rolunu və yerini  göstərir. Milyonlarla insan xalqla hakimiyyət arasında birlik olmayanda, hətta müxalifətsiz də meydanlara axışır. Azərbaycanda bu rabitə möhkəm olduğu üçün belə göstəricinin təkrarlanacağı heç də inandırıcı sayılmır. Vəziyyətdən çıxış yolu, daha doğrusu özlərinə yeni sənət tapmaq əvəzinə bizim radikallar hələ də fəaliyyətlərini haranısa imitasiya etməklə tamamlanmış sayırlar”.

Doğrudan da, radikalların arzuladığı sayda etirazçı meydanlara çıxmırsa, deməli, hakimiyyətdən narazılıq onların arzuladığı səviyyədə deyil. Bu sadə bir düsturdu.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …