Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antoniu Quterreş beynəlxalq qurumun Azərbaycandakı sabiq rezident əlaqələndiricisi, Əfqanıstandan olan Qulam Məhəmməd İsakzaini BMT-nin İraqa Yardım üzrə Missiyasının (UNAMI) xüsusi nümayəndəsinin müavini təyin edib.
Bu barədə xarici mətbuata istinadən xəbər verir.
BMT baş katibinin mətbuat ofisinin yaydığı bəyanatda bildirilir ki, İsakzai həm də ölkədə rezident əlaqələndirici və BMT-nin humanitar koordinatoru kimi fəaliyyət göstərəcək.
İsakzai bu vəzifədə almaniyalı İrena Voyakova-Solloranonu əvəz edəcək. “Baş katib fəaliyyəti dövründə onun rəhbərliyinə və sədaqətli xidmətinə görə minnətdardır”, – açıqlamada deyilir.
İsakzai qabaqlayıcı diplomatiya və mürəkkəb humanitar, inkişaf, bərpa və sülh quruculuğu sahəsində 28 ildən çox təcrübəyə malikdir.
O, 2022-ci ilin yanvar ayından İordaniyada müvəqqəti rezident və humanitar məsələlər üzrə koordinator kimi fəaliyyət göstərir.
İsakzai əvvəllər Əfqanıstanın Nyu-Yorkdakı səfiri və BMT-dəki daimi nümayəndəsi, həmçinin beynəlxalq təşkilatın Azərbaycanda rezident əlaqələndirici vəzifələrində çalışıb. Əvvəlki karyerasında BMT təmsilçisi kimi Almaniya, Nepal, Əfqanıstan, Suriya, Yəmən və İraqda müxtəlif siyasət, inkişaf və humanitar vəzifələri daşıyıb.